İRİA rəhbər şəxslər üçün növbəti kibermaarifləndirmə təlimi təşkil edib

25-11-2025 / 11:22

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi “CyberCollab” layihəsi çərçivəsində İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə “AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbər şəxsləri üçün kibermaarifləndirmə təlimi təşkil edib.

Xeberler.az bildirir ki, təlimdə AZAL-ın 50-dən çox rəhbər şəxsi iştirak edib.

Tədbirdə çıxış edən İRİA-nın sədr müavini Şahin Əliyev aviasiya sahəsində kiberhücum risklərindən bəhs edərək bu sahənin rəhbər şəxslərinin kiberhücumlara qarşı hazırlıqlı olmalarının vacibliyini və bu istiqamətdə kibertəhlükəsizlik təlimlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbir “Technion” Texnologiya İnstitutunun ekspertləri tərəfindən təqdim olunan sessiyalarla davam edib. Təlim sessiyaları çərçivəsində iştirakçılar real aviaşirkət məlumat sızmaları əsasında risklərin xəritələndirilməsi, kritik məlumatların qorunması və sızma baş verdikdə rəhbərliyin atmalı olduğu addımlarla tanış olublar. Real kiberhücum ssenarisi əsasında hücumun uçuş əməliyyatları, rezervasiya sistemləri və sərnişin kommunikasiya kanallarına təsiri qiymətləndirilərək rəhbər şəxslər hücum zamanı sistemlərin bərpası üzrə prioritetlərin müəyyənləşdirilməsi, xidmətin fasiləsizliyinin təmin edilməsi və s. istiqamətlərdə real qərarvermə ssenariləri üzərində çalışıblar.

Sessiyalar zamanı böyük maliyyə və reputasiya itkilərinə səbəb ola biləcək, xüsusilə rəhbər şəxsləri hədəf alan fırıldaqçılıq hücumlarının real nümunələr əsasında təhlili aparılaraq, iştirakçılara daxili prosedurların möhkəmləndirilməsi barədə tövsiyələr verilib.

Süni intellektin kibertəhlükəsizlikdə həm müdafiə, həm də hücum tərəfdə yaratdığı imkan və riskləri əhatə edən sessiyada rəhbər şəxslər süni intellekt əsaslı müdafiə sistemləri, eləcə də süni intellekt texnologiyaları ilə gücləndirilmiş hücumlara qarşı qurumun dayanıqlılığını artırmaq üçün tələb olunan strateji hazırlıq addımları ilə tanış olublar.

Komanda əsaslı simulyasiya zamanı isə rəhbər şəxslər kiberinsident anında operativ qərarvermə, kommunikasiya və böhran idarəetməsi proseslərini təcrübədə tətbiq ediblər.

Tədbir spikerlərin iştirakı ilə keçirilən dəyirmi masa müzakirəsi və aviasiya sektoruna dair araşdırma nəticələrinin təqdimatı ilə yekunlaşıb.

Qeyd edək ki, təlimin keçirilməsinin əsas məqsədi aviasiya sənayesində artmaqda olan kiberhücum risklərinə qarşı rəhbər heyətin operativ qərarvermə bacarıqları, məlumatlılığı və strateji hazırlığını gücləndirməkdir.

Xatırladaq ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi fəaliyyətə başladıqdan bu günə qədər 200-ə yaxın rəhbər şəxsə kibermaarifləndirmə təlimləri təşkil edib. Təlimlərdə Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin alt qurumları, “FinTech” sahəsinin və neft-qaz sektorunu əhatə edən qurumların rəhbər şəxsləri iştirak ediblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə