Beş il öncə onun qurulması haqqında müzakirələr gedəndə biz qorxurduq. Əslində düşünürdük ki, hakimiyyət özü üçün daha bir tribuna əldə etmək istəyir. Hələ İsmayıl Ömərovun da ictimai yayımın baş direktoru olacağı haqda söhbətlər ortaya çıxanda lap qanımız qaralmışdı. Deyirdik ki, hakimiyyət Az.TV-nin aparıcı kadrlarından birini ictimai yayıma başçı gətirirsə, deməli hər şey aydındır. Bizim gözlədiyimiz ictimai TV və radio sadəcə hakimiyyətin bir tribunası olacaq və əslində ictimai maraqları heç təmin etməyəcək…
Biz belə düşünürdük və düşündüklərimizdən hərəkət edərək yaxşı da bir kampaniya başlatmışdıq. İsmayıl Ömərova, hakimiyyətin ictimai yayım təşəbbüsünə qarşı. Bütün beynəlxalq qurumları bir-birinə də vurmuşduq. Hətta onları inandıra bilmişdik ki, bu TV və radio fəaliyyətə başladığı andan Azərbaycanda ictimai yayım ideyası məhv olub gedəcək…
Ancaq yanılırdıq deyəsən. Düzdür, zamanında bunu anlamaq üçün şərait yox idi, lakin sonradan böyük hesabla yanıldığımızı gördük. Gördük və sevindik! Və düşündük ki, kaş elə həmişə belə yanılmalar olaydı!
Bu gün İctimai TV milli adət-ənənəyə sadiq Azərbaycanlı ailəsinin rahat bir şəkildə baxa bildiyi kanaldır. Bir çox hallarda isə tək kanaldır. (Əlbəttə ki, bu məsələdə Az.TV-nin də haqqı tapdanmamalıdır.) Yəni bir atayla bir qız, bir gəlinlə bir qayınata eyni zamanda ekran qarşısında oturub İTV-nin istənilən verilişinə baxa bilər. Heç bir zaman gəlinin qayınata, qızın ata qarşısında utanması, utanıb da otaqdan çıxması üçün səbəb vermir İTV. Elə bizim arzu etdiyimiz, istədiyimiz də bu deyildimi?
İTV yarandığı gündən unudulmaqda olan, bir çox hallarda isə “kommersiya maraqları”na qurban verilən milli adət-ənənəmizə, folklorumuza, dilimizə sahib çıxmağa başladı. Və sahib çıxdı da! Bu gün İTV efirindən ləhcə ilə danışan, yaxud da savadsız danışan heç bir aparıcını izləmək olmaz! İstər gənclər olsun (əslində İTV işçilərinin çoxu gənclərdir), istərsə də nisbətən yaşlı nəslə mənsub İTV çalışanları efirdən təmiz, səlis və savadlı ədəbi dildə danışarlar. Və diqqət çəkən məqamlardan biri də odur ki, onlar mümkün qədər ana dilimizin təmizliyinə diqqət edərlər. Məgər bizim davamız da bundan ötrü deyilmidir? Elə isə İTV məhz mənim, sadə bir Azərbaycan vətəndaşının kanalı deyilmidir?
İTV türk coğrafiyasını bütövləşdirdi həm də. Öncə bütöv Azərbaycanın konturlarını cızdı və elə ilk gündən özünü Azərbaycan Respublikasının deyil, bütün Azərbaycanlıların və Bütöv Azərbaycanın TV kanalı kimi təsdiq etdi! Ardından da türk dünyasına açılan İTV Təbrizi Bakıya, Ərdəbili Dərbəndə, Borçalını Kərkükə bağladığı kimi Ankaranı Bişkekə, Daşkəndi Bakıya, Almatını İstanbula birləşdirdi! İnsanlarımızda vahid türk coğrafiyası duyğusunu gəlişdirdi İTV!
İTV xalqla iç-içə oldu hər zaman! Milli bayramların, xüsusən də Novruz şənliklərinin təmtəraqla keçirilməsi, insanlarımızın qəlbindən qopub gələn istəklərə cavab verməsi İTV-ni bir xalq kanalına çevirə bildi. Və təsadüfi deyil ki, İTV Milli Sevgililər Günü 30 İyuna da öz qapılarını taybatay açdı! Və təsadüfi deyil ki, İTV milli vətənpərvərlik məsələsində hər zaman öndə oldu!
İTV birilərinin on illər boyu bir dəfə edə bilmədiyini beş ilin içində beş dəfə edə bildi! İTV-yə qədər Azərbaycan televizyonçuluğu beynəlxalq aləmə açıla bilmirdi. Şəxsən məni çox rahatsız edən bizim TV kanallarımızın müvafiq beynəlxalq qurumlarda təmsil olunmaması idi. Bir yandan ağız dolusu informasiya blokadasından danışanlar ölkə TV-lərini xarici kanallara bağlamaq üçün nədənsə heç bir addım atmırdılar! Ancaq İTV elə ilk andan buna doğru hərəkət etdi və nəticə göz qabağındadır! Bu gün Azərbaycanın İTV-si Avropa Yayım Birliyinin sadəcə tam hüquqlu üzvü olmaqla qalmır, ölkəmizin “Avroviziya” musiqi yarışmasında ən fəal iştirakını təmin edir, qurumun üzvü olan ayrı-ayrı TV kanalları ilə proqram mübadiləsi aparır! Və bu ilin yayında isə bölgəmizdə ilk dəfə olaraq Avropa Yayım Birliyi özünün ən ali toplantısını Azərbaycanda keçirdi! İTV-nin dəvəti, təşkilatçılığı və ev sahibliyi ilə! Düz 77 aparıcı TV kanalı bir həftə içində Azərbaycana toplandı və ölkəmizin gerçək gündəmi bütün Avropa ölkələrində diqqətdə oldu!
İTV millidir, ictimaidir, Azərbaycan xalqının hər bir kəsiminə xitab edir və hər kəsin qəlbində özünə yuva qura bilib. Bu gün Azərbaycanda yaşayan milli azlıqlar, dini qruplar İTV-ni öz kanalı hesab edir. Özünə Azərbaycanlı deyən hər bir Azərbaycan vətəndaşı İTV-ni ürəyinə yaxın bilir. İstər xəbər proqramlarında, istərsə də ayrı-ayrı verilişlərində İTV Azərbaycan xalqına bir bütün kimi baxır və kimsəni kimsədən ayırmır!
Bu gün ictimai TV və radio hər bir Azərbaycanlıya xoş ovqat və doğru xəbər bəxş edir. İstər TV, istərsə də radionun efirindən Anar Yusifoğlu, Cəsarət Valehov, İmran Bədirxanlı, Hafiz İdrisoğlu, Telman Məmmədov, Vəsilə Vahidqızı kimi nisbətən “stajlı” jurnalistlərlə yanaşı daha gənc və enerjili Leyla Əliyeva, Könül Arifqızı, Hüsniyyə Məhərrəmova, Saleh Bağırov kimi yeni səslər və simalar hər gün bizi salamlayır, bizimlə həmdərd olur, qayğılarımızı paylaşır. Bu və adını çəkmədiyimiz onlarla ictimai TV və radio jurnalisti artıq ailəmizin üzvünə, qulaq yoldaşımıza, könül sirdaşımıza çevrilib!
İTV-nin kollektivi uğurludur demək! Və əlbəttə ki, əslində hər şeyi kadrlar həll etdiyi üçün İTV bu gün bizim ailə kanalımıza çevrilə bilib. Özü də ən qısa zamanda! Və burada kollektivin rəhbərinə də haqq etdiyi dəyəri verməkdə xəsislik edilməməlidir. Əgər ictimai TV və radionun bacarıqlı, uğurlu, milli kollektivini ən qısa zamanda formalaşdırmaq mümkün olubsa, heç şübhəsiz bu işdə baş direktor İsmayıl Ömərovun rolu xüsusi vurğulanmalıdır! Hər bir qurumun uğurlarının başında ona başçılıq edən uğurlu rəhbər durur və əgər bu gün ictimai TV və radio ən populyar və sevilən kanallara çevrilə bilibsə (özü də ən qısa zaman ərzində), deməli rəhbər yerində olan adamdır! Beş il öncə seçim edənlər bizdən fərqli olaraq öz seçimlərində yanılmayıblar demək!
Bu yazını İTV-nin avqustun 29-da tamam olacaq beş illik yubileyi üçün yazdım. Beş il bəlkə də az müddət deyil. Əslində heç çox müddət də deyil. Ancaq beş il ərzində 50 illik tarixi olan TV kanallarının yanına bir çox hallarda onlardan da güclü bir TV kanalı qoymaq, məncə, heç də asan məsələ olmasın gərək! Buna görə də İTV-nin rəhbəri İsmayıl Ömərov başda olmaqla onun bütün kollektivini ürəkdən təbrik edirəm! Bu təbrik onların haqqıdır! Heç şübhə etmirəm ki, mənimlə birgə milyonlarla Azərbaycanlı və dünya türkü bu təbriki dilinə gətirir!
AZƏR HƏSRƏT
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri