Multimedia Mərkəzi bildirir ki , “Yeni medianın tədrisinin təkmilləşdirilməsi ” layihəsinin icrasına başlanılıb.
Layihənin əsas məqsədi jurnalistika təhsili verən ali təhsil müəssisələrində İnternet medianın tədrisini təkmilləşdirməklə jurnalistlərin peşəkarlığını yüksəltməkdən ibarətdir.
Həmçinin layihənin qarşısında duran əsas vəzifə ali təhsil müəssisələrinin jurnalistika fakültələri üçün Yeni media texnologiyaları ilə bağlı seçmə fənlər blokundan, onların məzmunundan (tədris proqramları, sillabuslar, tədris-tematik planlar və s ) və digər zəruri tədris materiallarının nümunlərindən ibarət yeni tədris modeli hazırlamaqdır.
Layihənin gedişi müddətində media biznesi sektorunda yeni media texnologiyaları ilə bağlı vəziyyəti ( iş yerləri , tələb-təklif münasibətləri, kadr problemi və s.) araşdırmaq, maraqlı tərəflərin iştirakı ilə ictimai diskussiyalar keçirmək nəzərdə tutulub.
Layihə çərçivəsində hər bir ali təhsil müəssisəsinin jurnalistika fakültələri üçün tələbələrin təcrübə keçmələri və praktiki biliklərinin artırılması məqsədilə tələbə onlayn qəzetinin vahid modulu hazırlanacaq. Həmçinin tələbələrin İnternet TV və İnternet Radio sahəsində praktiki vərdişlər əldəetməsinə köməklik üçün pilot qaydada seçilmiş ali təhsil müəssisələrinin birində İnternet TV Studiya yaradılacaq. Onlayn qəzetdə və Studiyada işləmək üçün müəllimlər və tələbələr üçün təlimlər təşkil olunacaq.
Layihə çərçivəsində Yeni media texnologiyalarının tədris edən müəllimlərə köməklik məqsədilə elektron tədris resurslarından ibarət internet resurs yaradılması da nəzərdə tutulub.
Yeni media texnologiyaları tədris olunan kafedralar üçün tələbələrə təqdim olunacaq buraxılış işlərinin nümunəvi mövzuları və “İnformasiya cəmiyyətinin jurnalisti” üzrə ixtisaslaşma ilə bağlı xüsusi tədris proqramları da hazırlanacaq.
Multimedia Mərkəzi bildirir ki, beynəlxalq standartlara uyğun olaraq hazırlanan tədris modeli Jurnalistika ixtisası üzrə təhsil müəssisələrini başa vuranların yeni media texnologiyaları sahəsində sərbəst fəaliyyətə başlaya bilməsi, yeni və daha yaxşı iş yerləri əldə edə bilməsi üçün şərait yaradacaq. Layihənin həyata keçirilməsi ilə ölkədə yeni media mütəxəssislərindən ibarət peşəkarlar təbəqənin formalaşması prosesi sürətlənəcək.
Multimedia Mərkəzi bildirir ki, Layihə ali təhsil müəssisələrinin jurnalistika bölmələri, yeni media qurumları və mütəxəssislərinin yaxından iştirakı ilə gerçəkləşəcək.
Multimedia Mərkəzi maraqlı tərəfləri Layihə çərçivəsində həyata keçiriləcək tədbirlərdə yaxından iştirak etməyə dəvət edir.
Layihə ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib.