Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə beynəlxalq internet idarəçiliyi qurumu olan ICANN arasında imzalanan əməkdaşlıq memorandumu ölkənin milli domeni olan .az-ın idarəçiliyində mühüm dəyişikliklərə yol aça bilər.
Xeberler.az məlumat verir ki, ekspert bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Osman Gündüz qeyd edib ki, sənəd internet idarəçiliyi, DNS siyasətləri, internet təhlükəsizliyi və potensialın artırılması sahələrində əməkdaşlığı nəzərdə tutsa da, onun əsas əhəmiyyəti .az domeninin idarə olunması ilə bağlı uzun illərdir davam edən müzakirələr fonunda ortaya çıxır.
Ekspertin sözlərinə görə, Azərbaycanın milli domeninin idarəçiliyi uzun illərdir beynəlxalq normalara uyğun olmayan model əsasında həyata keçirilir. O bildirib ki, bu günə qədər .az domeninin milli inzibatçısının statusu və səlahiyyətləri hüquqi sənədlərdə aydın şəkildə müəyyən edilməyib və sahədə şəffaf, kollegial idarəetmə mexanizmi formalaşdırılmayıb.
Osman Gündüz vurğulayıb ki, son 30 il ərzində .az domeninin qeydiyyat sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müxtəlif təşəbbüslər irəli sürülsə də, bu cəhdlər nəticəsiz qalıb. Onun sözlərinə görə, vaxtilə maraqlı tərəflərin iştirakı ilə kollegial qeydiyyat qurumunun yaradılması istiqamətində addımlar atılsa da, proses sonradan dayandırılıb.
Ekspert hesab edir ki, İKTA ilə ICANN arasında əməkdaşlıq məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, ICANN internet idarəçiliyində dövlət qurumları, biznes sektoru, texniki icma, akademik dairələr və vətəndaş cəmiyyətinin birgə iştirakına əsaslanan çoxtərəfli idarəetmə modelini dəstəkləyir.
Paylaşımda həmçinin vurğulanıb ki, .az domen infrastrukturu ölkənin ən vacib rəqəmsal resurslarından biri olsa da, onun kritik informasiya infrastrukturu kimi qiymətləndirilməsi və müvafiq təhlükəsizlik perimetrinə daxil edilməsi məsələsi hələ də açıq qalır.
Osman Gündüzün fikrincə, İKTA-nın son dövrlərdə beynəlxalq internet idarəçiliyi institutları ilə əməkdaşlığının genişlənməsi və bu sahədə fəallığının artması gələcəkdə .az domeninin idarə olunmasında daha şəffaf, beynəlxalq standartlara uyğun və bütün maraqlı tərəflərin iştirakını təmin edən modelin formalaşmasına şərait yarada bilər.
Ekspert hesab edir ki, əsas müzakirə mövzuları .az domen infrastrukturunun kritik informasiya infrastrukturu statusu alıb-almayacağı və uzun illərdir tətbiq olunan idarəetmə modelinin beynəlxalq standartlara uyğun yeni mexanizmlə əvəz olunub-olunmayacağıdır.