Oktyabrın 13-də gecə saatlarında Azərbaycanın dövlət informasiya infrastrukturuna genişmiqyaslı kiberhücum həyata keçirilib. 100-dən artıq dövlət domeninin hədəfə alındığı hücum nəticəsində bir sıra dövlət qurumlarının, o cümlədən nazirliklərin rəsmi saytlarının fəaliyyətində fasilələr yaranıb.
Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz sosial şəbəkə hesabında paylaşım edib.
Ekspertin sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən XRİTDX hadisə ilə bağlı açıqlama verərək hücumun xarici haker qruplaşması tərəfindən həyata keçirildiyini bildirib. Operativ tədbirlər nəticəsində hücumun təsirləri qısa müddətdə məhdudlaşdırılıb və saytların fəaliyyəti bərpa olunub.
Osman Gündüz ilkin əlamətlərin hadisənin kütləvi DDoS hücumu olduğunu göstərdiyini qeyd edib. Belə hücumlar zamanı serverlərə həddindən artıq sorğu göndərilir və nəticədə veb-saytlar istifadəçilər üçün əlçatmaz olur.
Onun sözlərinə görə, sosial şəbəkələrdə hücumun 313 Team, Cypher və Litterbox adlı qruplaşmalar tərəfindən həyata keçirildiyi barədə iddialar yayılıb. Bəzi paylaşımlarda hücumun Türkiyədən edildiyi də bildirilir. Bununla belə, ekspert qeyd edib ki, 313 Team açıq mənbələrdə İraqla əlaqələndirilən və İranmeyilli haker qruplaşması kimi tanınır. Hücumun konkret mənbəyi isə hələlik təsdiqlənməyib.
Ekspert hesab edir ki, Azərbaycanda son illərdə dövlət informasiya sistemlərinin və kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyinin gücləndirilməsi istiqamətində görülən işlərə baxmayaraq, bu cür genişmiqyaslı hücumlar zamanı bütün dövlət saytlarının fasiləsiz fəaliyyətini təmin etmək üçün mövcud tədbirlər yetərli olmaya bilər.
Osman Gündüz XRİTDX-nin hadisə ilə bağlı daha ətraflı araşdırma aparmasının və hesabat hazırlamasının vacibliyini vurğulayıb. Onun fikrincə, hücumun mənbələri və xarakteri, təsirə məruz qalan saytların sayı, eləcə də mövcud müdafiə sistemlərinin niyə tam dayanıqlılıq təmin edə bilmədiyi aydınlaşdırılmalıdır.
Ekspert, həmçinin dövlət qurumlarının kiber müdafiəsinin, ehtiyat infrastrukturunun və sistemlərin bərpası mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlərin gücləndirilməsini zəruri hesab edir.
O bildirib ki, baş verənlər aidiyyəti dövlət qurumlarının kibertəhlükəsizlik və rəqəmsal dayanıqlılıq məsələlərinə daha məsuliyyətlə yanaşmasını tələb edir.

























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları