Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11; Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 13.2.57-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.2.58-ci maddə əlavə edilsin:
"13.2.58. investisiya təşviqi sənədi - investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydasına uyğun olaraq verilən və bu Məcəllənin 102.1.23-cü, 106.1.17-ci, 164.1.26-cı, 199.11-ci və 207.5-ci maddələrində nəzərdə tutulmuş güzəştlərin (bu Məcəllənin 67-2-ci maddəsi nəzərə alınmaqla) əldə edilməsinə əsas verən sənəddir.";
1.2. Aşağıdakı məzmunda 67-2-ci maddə əlavə edilsin:
"Maddə 67-2. İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslərdə və fərdi sahibkarlarda vergitutma
67-2.1. İnvestisiya təşviqi sənədini almış şəxs təsərrüfat və digər vergitutma obyektlərini bu Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə, mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni şəxsə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir.
67-2.2. İnvestisiya təşviqi sənədi əvvəllər almış şəxs yeni investisiya layihəsinə əsasən istehsal sahəsi qurduqda, bu Məcəllə ilə müəyyən edilmiş vergi güzəştləri şəxsin yeni investisiya layihəsi üzrə İnvestisiya təşviqi sənədi alındığı tarixdən hesablanır.
67-2.3. İnvestisiya təşviqi sənədi almış şəxs vergi güzəştlərinin tətbiq olunduğu dövrdə investisiya layihəsinə aid olmayan fəaliyyət göstərdikdə həmin fəaliyyətlə bağlı gəlirlərin və xərclərin uçotunu ayrıca aparmalı və bu fəaliyyətə görə əldə etdiyi gəlirlərdən vergiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəyir.";
1.3. 102.1.22-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.23-cü maddə əlavə edilsin:
"102.1.23. İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı andan əldə etdiyi gəlirin 50%-i - 7 il müddətinə.";
1.4. 106.1.16-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.17-ci maddə əlavə edilsin:
"106.1.17. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı andan əldə etdiyi mənfəətin 50%-i - 7 il müddətinə.";
1.5. 164.1.25-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.26-cı və 164.1.27-ci maddələr əlavə edilsin:
"164.1.26. investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - investisiya təşviqi sənədini aldığı andan 7 il müddətinə;
164.1.27. buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2016-cı il yanvarın 1-dən 1 il müddətinə.".
1.6. Aşağıdakı məzmunda 199.11-ci maddə əlavə edilsin:
"199.11. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.";
1.7. Aşağıdakı məzmunda 207.5-ci maddə əlavə edilsin:
"207.5. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.".
Maddə 2. Bu Qanunun 1.5-ci maddəsinin ikinci abzası 2016-cı il yanvarın 1-dən tətbiq edilir.