Samir Məmmədov: “Cyberpark” layihəsi çərçivəsində iki startap fəaliyyət göstərir

30-07-2025 / 11:20

2023-cü ildə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini (AKM) təsis edərkən ölkəmizin strateji hədəflərindən birini əsas götürmüşdük - kibertəhlükəsizlik sahəsində ölkəmizi güclü kadr potensialı ilə təmin etmək. Bu gün əminliklə deyə bilərik ki, Mərkəz son bir neçə ildə bu missiyanın öhdəsindən layiqincə gəlib - 380 nəfər Mərkəzdən məzun olub və onların 74 faizi işlə təmin edilib.

Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu gün Bakıda keçirilən “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin” növbəti məzun günündə çıxış edərkən deyib.

“Məzunlar həm özəl sektor, həm də dövlət qurumlarında müvafiq bölmələrdə karyeralarını uğurla davam etdirməklə ölkəmizin təhlükəsiz rəqəmsal gələcəyinə mühüm töhfələr verirlər. Bununla yanaşı, AKM tələbələri üçün İKT üzrə nüfuzlu beynəlxalq sertifikatlaşdırma platforması olan CompTIA təlimlərindən faydalanmaq imkanı da yaradılıb. Artıq 100 tələbə beynəlxalq imtahana tam hazırdır. Onlardan 25 nəfəri sertifikatı əldə edib, 75 nəfər isə sınaq imtahanını uğurla tamamlayaraq əsas imtahan mərhələsinə vəsiqə qazanıb. Bu da onu göstərir ki, AKM öz tələbə və məzunlarında daimi öyrənmə, bilikləri qabaqcıl beynəlxalq təcrübə ilə təkmilləşdirmə mədəniyyəti yaradır, çünki kibertəhlükəsizlik hər an dəyişən, daim inkişafda olan sahədir.

Onun sözlərinə görə, Mərkəz kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssis və təlimçilər yetişdirməklə yanaşı, yerli kibertəhlükəsizlik məhsullarının yaradılması istiqamətində də fəaliyyət göstərir. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “Cyberpark” layihəsi çərçivəsində iki startap fəaliyyət göstərir. “Cypho” adlı ilk yerli kibertəhlükəsizlik məhsulumuz artıq bir neçə dövlət qurumunda və banklarda tətbiq olunur.

Digər startap “Awero”dur. Bu startap 3-cü dalğa məzunların sayəsində ərsəyə gəlib. Startapın əsas missiyası süni intellekt texnologiyasını da tətbiq etməklə kibertəhlükəsizlik sahəsində təlimlər keçirmək və maarifləndirmə fəaliyyətini gücləndirməkdir. Bütün bunlar ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına əhəmiyyətli töhfələr verir.

“Daha öncə vurğuladığım kimi, Azərbaycanın kibertəhlükəsizlik üzrə kadr potensialının gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Rəqəmsal cəmiyyət quruculuğunda informasiya təhlükəsizliyini təmin etmək məqsədilə yüksəkixtisaslı, çevik düşüncəli və beynəlxalq təcrübəyə bələd olan mütəxəssislərə ehtiyac daha da artmaqdadır. Dövlət səviyyəsində qəbul edilən strateji yanaşmalar və atılan əməli addımlar da sübut edir ki, kibertəhlükəsizlik üzrə insan kapitalının inkişafı təkcə texnologiyanın öyrənilməsi ilə məhdudlaşmır, həm də milli təhlükəsizliyimizin ayrılmaz hissəsinə çevrilir”,-deyə Samir Məmmədov vurğulayıb.

Çıxışının sonunda nazir müavini Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətinə töhfə verən, tədris proqramlarının hazırlanmasında, təlimlərin keçirilməsində və tələbələrin inkişafında əvəzsiz rolu olan peşəkar müəllim, mentor və ekspert heyətinə, eləcə də bu prosesdə əməyi keçən bütün əməkdaşlara təşəkkürünü bildirib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə