“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib

14-10-2025 / 06:26

“Startap” şəhadətnaməsinin verilməsi üzrə daxil olan layihələri dəyərləndirən Ekspertlər Şurasının tərkibi yenilənib.

Xeberler.az bildirir ki, Ekspertlər Şurasında Elm və Təhsil Nazirliyinin və nazirliyin Yüksək Texnologiyalar Parkının, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "İnnovasiyalar Mərkəzi" MMC-nin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, “Azərbaycanda İnternetin İnkişafı Forumu” İctimai Birliyinin, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin nümayəndələri təmsil olunur. Şuraya Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sədrlik edir. Yeni tərkibdə formalaşmış Ekspertlər Şurası növbəti 2 il müddətinə “Startap” şəhadətnaməsinin verilməsi üzrə KOBİA-ya daxil olan layihələri dəyərləndirəcək və qərar qəbul edəcəkdir. 

Şuranın yeni tərkibdə keçirilmiş ilk iclasında qeyd edilib ki, KOBİA tərəfindən təqdim edilən “Startap” şəhadətnaməsi innovativ sahibkarlığın inkişafına mühüm dəstək verir. 2021-ci ildən etibarən bu şəhadətnamə mikro və kiçik sahibkarları 3 il müddətinə innovasiya fəaliyyəti üzrə gəlir və mənfəət vergisindən azad edir. Bu günədək hüquqi və fiziki şəxslər olmaqla, ümumilikdə 220 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Müvafiq sənədi almış startaplar əsasən FinTech, EdTech, HealthTech, AgriTech, GreenTech, rəqəmsal turizm, nəqliyyat-logistika həlləri və süni intellekt sahələrində fəaliyyət göstərirlər. 43 startap regionlardan, 177-si isə Bakı şəhərindəndir. “Startap” şəhadətnaməsi almış sahibkarların 31-i qadın sahibkardır. Bu dəstək gənclərin ideyalarının reallığa çevrilməsinə, innovasiyaların yayılmasına və yeni iş yerlərinin yaradılmasına töhfə verir.

Sonra “Startap” şəhadətnaməsi üçün Agentliyə daxil olan müraciətlərə baxılıb. 

Qeyd edək ki, “Startap” şəhadətnaməsini almaq üçün sahibkarlıq subyektləri KOBİA-ya müraciət etməlidir. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na uyğun gələn müraciətlərə Ekspertlər Şurası tərəfindən baxılır və “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilir. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə