Ötən gün Bakıda Uber beynəlxalq taksi xidməti fəaliyyətə başladı. Bu, onun nəticəsidir ki, artıq ölkəmizdə taksi xidmətlərinin keyfiyyəti, bu xidmətlərə əlçatımlıq üçün yeni texnologiyaların və innovasiyaların tətbiqi günü-gündən genişlənməkdədir.
Xəbərlər insanların taksiyə olan ehtiyac və tələblərini nəzərə alaraq Bakıda fəaliyyət göstərən taksi xidmətləri və bu xidmətlərə əlçatımlıqda tətbiq olunan texnologiyalar haqqında kiçik araşdırma aparıb.
Bakıda taksi xidmətləri göstərən şirkətlərin bir neçəsi ilə sizləri tanış edirik.
Dərhal qeyd edək ki, taksi xidməti göstərən şirkətlərin əksəriyyəti yadda saxlanılması daha asan olan qısa nömrələrdən istifadə edirlər. Bu nömrələri (3 və 4 rəqəmli prefikslər) onlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən əldə edirlər.
Sərnişinlər yol boyu Wi-Fi-a qoşula da bilirlər
“Dost Taksi” şirkətinin direktoru Edqar Abdullayev Xəbərlər-ə şirkətin taksi xidməti haqqında ətraflı məlumat verib. O bildirib ki, şirkətdən taksi sifariş etmək istəyən müştərilər *3311 qısa nömrəsinə zəng edib, sifarişlərini ünvanlaya bilərlər. Onun sözlərinə görə, müştərilərin əlaqə nömrələrini sürücülər bilmirlər və müştəri sürücüyə zəng etdikdə sistem onları sürücülərlə birləşdirir.
Edqar Abdullayevin sözlərinə görə, hazırda şirkətdə mobil tətbiq mövcud olmasa da bütün taksilər GPS naviqatorla təchiz edilib: “İstər sifarişlərdən əvvəl, istərsə də sifariş yerinə yetirildikdən sonra taksi sürücümüzün məkanını və hərəkət istiqamətini görə bilirik. Sifariş qəbul edildikdə, sifarişə ən yaxın taksi sürücülərinə təklif göndərilir. Hansı sürücü ilk olaraq seçim etsə, həmin sifarişi yerinə yetirir. Bununla da müştəriyə ən yaxın sürücü göndərilməklə müştəri vaxt itkisi yaşamır”.
O, həmçinin vurğulayıb ki, şirkətin bir çox taksisində Wi-Fi imkanı da var.
“Dost Taksi” şirkətinin direktoru Edqar Abdullayev Xəbərlər-ə Uber xidmətinin Azərbaycandakı fəaliyyətindən də danışıb. O bildirib ki, xidmətin Azərbaycanda uğur qazanacağına inanmır:
“Uber Azərbaycana artıq gəlib, lakin yerli taksi şirkətləri artıq xalqımıza yaxın və öz milli dəyərlərimizi nəzərə alan xidməti təqdim edirlər”.
(Uber taksi xidməti ilə bağlı aşağıda ətraflı məlumat verilib)
15 ildir ki, sifarişləri qəbul edən 189 taksi xidməti
Daha bir taksi sifarişi şirkəti “Motor-Service” 15 ildən artıq Bakı, Moskva, Ufa, Kazan kimi rus və Azərbaycan şəhərlərinin avtonəqliyyat bazarında fəaliyyət göstərən şirkətlərdən biridir.
189 taksi xidməti bu şirkətə məxsus xidmətlərdən biridir. Bu xidmət 2009-cu ilin sentyabr ayından etibarən Bakıda fəaliyyət göstərir. 189 qısa nömrəsi ilə xidmət göstərən taksi sifarişi xidmətində mobil tətbiq də mövcuddur. Həmçinin gedəcəyiniz yerin qiyməti əvvəlcədən bildirilir. Taksi sifariş verərkən sürücünün harada olduğu barədə məlumatı müştəri telefonundakı mobil tətbiq vasitəsilə öyrənə bilər. Onu da qeyd edək ki, sifarişlər çox zaman telefonla qəbul olunur.
Şirkət nümayəndəsi Xəbərlər-ə bildirib ki, şirkətə məxsus olan taksilərdə köhnə qaydada səs-küylü radioqəbuledicilər yoxdur: “Bütün sifarişlər 3G üzərindən sürücünün smartfonuna yönəlir. Hər maşında GPS naviqator var və avtomobillərin real vaxtda harada olması haqqında məlumatımız olur. Gediş haqqı ilə bağlı məlumat SMS xidməti vasitəsilə sifarişçinin telefonuna göndərilir. Onu da qeyd edim ki, hazırda 5 mindən çox avtomobil 189 taksi xidmətində qeydiyyatdan keçərək xəttədirlər”.
Şirkətə məxsus olan taksilər başqa şirkətlərin qısa nömrə xidmətinə qoşula bilməz
“Bakı Taksi” MMC-də *9000 qısa nömrəsi ilə taksi sifarişi mümkündür. “Bakı Taksi”şirkəti sifarişləri daha çox telefonla qəbul edir. Şirkətə məxsus olan taksilər Taksometr, POS Terminal rahat ödənişi ilə təmin edilib. Eləcə də şirkətin bütün avtomobillərində GPS naviqator xidmətindən istifadə olunur. Bəzən elə taksi şirkətləri olur ki, öz taksilərini başqa qısa nömrəli taksi xidmətlərinə qoşulmağa icazə vermir. “Bakı Taksi MMC ”-ni misal göstərmək olar. Şirkət buna belə aydınlıq gətirir ki, şirkətin özünün qısa nömrə xidməti var və buna görə də şirkətə məxsus olan avtomobillər digər qısa nömrə xidmətinə qoşula bilməz”.
Əldə etdiyimiz məlumata görə, sürücülər artıq bunun yolunu da tapıblar. Sürücü şirkətin xəbəri olmadan da öz taksisi və telefonu ilə deyil, öz şəxsi avtomobili və digər bir telefonu ilə başqa bir taksi xidmətində qeydiyyatdan keçir və bu zaman həmin telefon ilə sifarişi qəbul edə bilir. Bəzən elə olur ki, bir taksi sürücüsünün cibində üç taksi xidmətinin telefonu olur ki, bu da sürücüyə müştəri tapmaqda xeyli köməklik etmiş olur.
Qeyd etmək yerinə düşər ki, “Dost Taksi” şirkəti sürücülərə belə bir məhdudiyyət tətbiq etmir. Şirkətdən Xəbərlər-ə bildirilib ki, şirkət tərəfindən sürücülərin fəaliyyətinə də heç bir məhdudiyyət qoyulmur: “ Əsas məsələ ondan ibarətdir ki, sürücü bizim vasitəmizlə təqdim edilən sifarişi layiqincə, dəqiq və operativ şəkildə həyata keçirsin və ən əsası, müştərimizə xüsusi diqqət və qayğını göstərsin. İlk növbədə sürücümüzün mənafeyini düşünürük. Sürücümüz nə qədər çox qazansa, bir o qədər məmnun olacaq və nəticə etibarilə müştərilərimizə yüksək xidmət təqdim edəcək”.
Müştərilərə 24 saat xidmət göstərən taksi şirkəti
“Ekspress taksi” şirkətinin reklam meneceri Aynur Hüseynova Xəbərlər-ə digər şirkətlərdən nə ilə fərqlənməsindən danışıb: “Şirkətin qısa nömrəsi *2244-dür. “Ekspress taxi” saytına daxil olaraq onlayn sifariş vermək də mümkündür, bu zaman gedəcəyiniz məkan 10 faiz daha ucuz başa gəlir. Həmçinin geri zəng xidməti də var ki, müştərilər birinci zəngdən sonra dəstəyi asır və müştəriyə geri zəng olunur. Bu taksi xidmətindən daimi istifadə edən müştərilər pulsuz taksi sifarişi əldə edə bilirlər. Yəni etdikləri hər sifarişin 3 faizi nömrələrində toplanır. Avtomobillərin çoxunda Wi-Fi şəbəkəsi yoxdur. Taksilər 24 saatlıq iş rejimində işləyir”.
Pulsuz zəng, offlayn sifariş
Digər taksi xidməti göstərən şirkətlərdən biri də Felix şirkətidir. Şirkətin *5959 qısa nömrəsinə zəng etməklə sifariş etmək mümkündür. Əldə etdiyimiz məlumata görə, şirkətin sayt versiyası mövcud deyil, mobil tətbiqi də yoxdur. Zənglər pulsuzdur. Onlayn sifariş də hazırda mövcud deyil. Şirkətin taksiləri GPS Naviqasiya Sistemi ilə təmin olunub.
Qeyd edək ki, taksi xidmətləri göstərən bütün sürücülərdə (sərbəst şəkildə və ya şirkətdə) VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi), taksi fəaliyyəti üçün lisenziya, verginin ödənməsi barədə Nəqliyyat Nazirliyinin «fərqləndirmə nişanı» (gəlirdən asılı olmayaraq ayda 18 manat), peşə sağlamlığı haqqında tibbi arayış almalıdır.
“ATaksi” şirkətində bütün taksilər lisenziyalıdır.
“ATaksi” şirkətində sifarişlər və bütün səfərlər qeydə alınır. Səfər bitdikdən sonra ödənişi nağd və ya kredit kartıyla ödəmə imkanı da var. Həmçinin mobil tətbiqi də mövcuddur. “ *2014 ” çağrı mərkəzinə zəng etməklə sifariş mümkündür. Lakin xidmətin saytı işlək deyil.
Bəs bütün bu taksi xidmətlərinə hansı sürücülər qoşula bilər? Qoşulmaq üçün hansı şərtlər var? Taksilərin sifarişi qəbul etmə mexanizmi necədir? Çağrı mərkəzində yönləndirmələr nə dərəcədə obyektivdir?
Sürücü Allahverdi Allahverdiyevin sözlərinə görə, lisenziyası olan istənilən fərdi sürücü qısa nömrələri olan taksi xidmətinə qoşula bilir. Qeydiyyat zamanı isə həmin sürücüdən maliyyə tələb olunur. Qısa nömrə xidmətinə qoşulmaq üçün sürücüdən yaşayış yerindən arayış və VÖEN tələb olunur. Sürücünün mobil telefonu olmalıdır. Eləcə də sürücünün nömrəsinin balansında 100 AZN məbləğində pul olmalıdır.
Sürücü xidmətə qoşulmaq üçün özüylə bərabər bir nəfər şəxsi də zamin olaraq şirkətə tanıtmalıdır.
O həmçinin bildirib ki, taksi lisenziyası olmayan fərdi sürücülər də qısa nömrə xidmətindən istifadə edə bilir. Bu zaman bəzi məqamları sürücülərin bilməsi zəruridir: Telefonu taksi sürücüsü özü alır və GPS naviqasiya proqramını servisə özü quraşdırır. Taksi xidmətində işləmək istəyən sürücülər ən azından mərkəzi küçələri tanımalıdır.
Bəs görəsən, ölkənin yerli xəritə xidməti göstərən qurumları ilə taksi xidmətləri əməkdaşlıq edirmi? Taksi şirkətinə məxsus olan avtomobillər naviqator sisteminə qoşulubmu?
Məsələ ilə bağlı GoMap-in meneceri Xəqani Nəsibov bildirib ki, hazırda iki taksi şirkəti onların xidmətindən istifadə edir. Onun sözlərinə görə, “ A” taksi ilə artıq GoMap-in müqaviləsi var, “Dost taksi” ilə isə bu sahədə danışıqlar davam edir. Şirkət meneceri onu da qeyd edib ki, GoMap üzərindən gün ərzində 40 minə yaxın axtarış gedir. Və bu göstəricinin yarı faizi taksi sürücülərinin payına düşür.
Nəhayət, Bakıda Uber xidməti fəaliyyətə başladı
Uzun müddət idi ki, sosial mediada Uber beynəlxalq taksi xidmətinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı məlumatlar gündəmi zəbt edirdi. Və nəhayət, ötən gündən Bakıda Uber xidməti fəaliyyətə başladı.
Bu barədə Xəbərlər-ə Uber-in Azərbaycandakı təmsilçisi Kamran Səmədli məlumat verdi.
Kamran Səmədli qeyd edib ki, ötən gündən etibarən UberBLACK xidmət avtomobilləri təqdim edirik. Artıq ilk müştərilərimiz Mercedes-Benz S Class avtomobilləri vasitəsilə xidmətimizdən istifadə ediblər.
Təmsilçi qeyd edib ki, Uber-ə qoşulmaq istəyənlər Uber tətbiqini iPhone, Android, Windows və ya Blackberry 7 smartfonlarda quraşdıra və yaxud buradan qeydiyyatdan keçə bilər:
"Həmçinin adınzı, emailinizi və ödəniş kartınızı daxil edərək birbaşa qeydiyyatdan keçin, gediş sifariş edin və avtomobil bir neçə dəqiqə ərzində yanınızda olacaq".
Kamran Səmədli deyib ki, getdiyiniz yerə çatdığınız anda nağd ödəməyə ehtiyac yoxdur. Ödəniş kartınız vasitəsilə edilir və sizə gedişiniz haqqında ətraflı məlumatı saniyələr içində email göndərilir.
Sosial mediada Uber-in Azərbaycanda fəaliyyətə başlaması ciddi müzakirə mövzusuna çevrilib. Rəylər isə müxtəlifdir. İstifadəçilər nəhəng maliyyə resurslarına malik olan bu qlobal şirkətin Azərbaycanda da fəaliyyətə başlamasını mühüm hadisə kimi dəyərləndirirlər.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri