Azərbaycanda dövlət strukturlarının rəhbərliyinin qəbuluna onlayn yazılmaq "Elektron hökumət" (e-gov.az) portalında mümkün oldu.
Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov deyib.
Onun sözlərinə görə, bu xidmət ilkin mərhələdə vətəndaşlara Biləsuvar rayon İcra Hakimiyyətinin rəhbərliyinin qəbuluna yazılmaq imkanı verir.
N.Mərdanov qeyd edib ki, hazırda "Elektron hökumət" portalı üzərindən 413 elektron xidmət vətəndaşların istifadəsindədir və bu xidmətlərdən istifadə sayı günbəgün artır: "Belə ki, 1 aprel tarixinə 1,4 milyon nəfərdən çox vətəndaşımız portaldakı e-xidmətlərdən 8 milyon dəfədən çox istifadə ediblər. "Elektron hökumət" portalına qoşulmaq istəyən qurumların və təqdim olunan xidmətlərin sayında dinamik bir artım müşahidə olunur".
MHM-in direktoru vurğulayıb ki, daxil olan müraciətlərə əsasən “Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna “Elektron hökumət” portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi” xidmətinin hazırda daha çox aktual olduğu müəyyən edilib və bu xidmətin reallaşdırılması üçün bir neçə yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığa başlanılıb: "Qısa müddət ərzində aparılan işlər nəticəsində bu xidmət tam şəkildə elektronlaşdırılıb və Biləsuvar rayon İcra Hakimiyyəti nümayəndələri ilə birgə test-sınaq işləri aparılıb. Tam əminlik hasil olduqdan sonra 16 mart tarixində xidmət portala inteqrasiya edilərək vətəndaşlarımızın istifadəsinə verilib".
O, qeyd edib: "Vətəndaşlarımız “Elektron hökumət” portalında mövcud vasitələrdən hər hansı biri ilə qeydiyyatdan keçərək, bu elektron xidmət vasitəsilə Biləsuvar rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qəbuluna yazıla və bundan sonra bütün prosesi onlayn rejimdə izləyə biləcəklər. Vətəndaşlar portal vasitəsilə özlərinin bütün müraciətlərini, müraciətlərin icra vəziyyətini, müraciətin hansı vəzifəli şəxslərə yönləndirilməsini, hansı tarixdə müraciətin icra olunaraq bağlanmasını və s. prosesləri görə biləcəklər. Proqram təminatı hazırlanarkən istifadə interfeysinin maksimum sadə olmasına xüsusi diqqət yetirilib. Həmçinin nəzərə alınıb ki, kağız şəklində daxil olan müraciətlərin hamısı elektron xidmətə işlənilsin. Bununla da bütün müraciətlər portalda öz əksini tapacaq və izlənilə bilinəcək".
N.Mərdanovun sözlərinə görə, eyni zamanda, aidiyyəti üzrə yüksək səlahiyyətli qurumlara imkan yaradılacaq və həmin qurumların müvafiq əməkdaşları bütün icra hakimiyyəti orqanlarına daxil olan müraciətləri və onların icra vəziyyətini portal vasitəsilə onlayn rejimdə izləyə biləcəklər ki, bu da yerlərdə məmurların məsuliyyətinin artmasına gətirib çıxaracaq. Proqram məhsulu hazırlanarkən digər təşkilatların da bu xidmətə qoşulma imkanları nəzərə alınıb. Xidmətdən yararlanmaq üçün istənilən qurumun bu xidmətə əlavə edilməsi onların müraciəti əsasında aparılacaq.
Direktor bildirib ki, "Elektron hökumət" portalının operatoru olaraq, Məlumat Hesablama Mərkəzi yeni mərhələdə digər icra hakimiyyəti orqanları ilə əməkdaşlıq edərək, aktual sosial xidmətlərin elektronlaşdırılmasına maddi və proqram-texniki dəstək olmağı və həmin xidmətləri "bir pəncərə" prinsipinə uyğun olaraq vahid məkandan, yəni "Elektron hökumət" portalı üzərindən vətəndaşların istifadəsinə təqdim etməyi öz qarşısına məqsəd qoyub: "Hesab edirik ki, yeni inkişaf mərhələsində sosial rifahı təmin edəcək nailiyyətlər əldə ediləcək və tezliklə vətəndaşlarımızın "Elektron hökumət"dən gözlədiyi real nəticələr əldə olunacaq". (trend)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri