Yaponiya nümayəndə heyəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

04-03-2026 / 15:03

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) Yaponiyanın Kompüter İnsidentlərinə Qarşı Mübarizə və Koordinasiya Mərkəzinin (JPCERT/CC) nümayəndə heyəti ilə görüş keçirilib.

Xeberler.az bildirir ki, görüşdə XRİTDX-ni baş idarə rəisinin müavini Tural Məmmədov və Xidmətin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT.GOV.AZ) rəhbəri Murad Balayev təmsil edib. Yaponiya tərəfdən isə JPCERT/CC-nin Koordinasiya bölməsinin rəhbəri Dr. Koichiro Komiyama və bölmənin əməkdaşı Shihono Yonezawa iştirak ediblər.

Görüş zamanı hər iki ölkənin aparıcı CERT qurumlarının fəaliyyəti ilə bağlı təqdimatlar edilib, kibertəhlükəsizlik sahəsində mövcud çağırışlar və tətbiq olunan yanaşmalar müzakirə olunub. Tərəflər milli səviyyədə insidentlərin idarə olunması mexanizmləri, erkən xəbərdarlıq sistemləri, kritik informasiya infrastrukturunun qorunması istiqamətində görülən işlər və əməliyyat təcrübələri barədə fikir mübadiləsi aparıblar.

Müzakirələr çərçivəsində Təhlükəsizlik Əməliyyatları Mərkəzlərinin (SOC) fəaliyyəti, kibertəhlükəsizlik insidentlərinin araşdırılması, rəqəmsal forensika prosesləri, müasir hücum vektorlarının aşkarlanması və texniki analiz yanaşmaları diqqət mərkəzində olub. Eyni zamanda, süni intellekt əsaslı həllərin tətbiqi zamanı yaranan təhlükəsizlik tələbləri, bu texnologiyaların doğurduğu risklər və onların idarə olunması məsələləri də müzakirə edilib.

Tərəflər beynəlxalq əməkdaşlığın kibertəhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb, CERT qurumları arasında operativ informasiya mübadiləsinin və birgə fəaliyyət mexanizmlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Görüşün sonunda gələcək əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı maraq ifadə olunub. Qeyd edilib ki, bu cür görüşlər iki ölkənin kibertəhlükəsizlik qurumları arasında əlaqələrin möhkəmləndirilməsinə və qarşılıqlı etimadın artırılmasına töhfə verir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə