«Bloqçu jurnalist deyil?»

31-08-2010 / 22:10

   Sosial şəbəkələrdəki aktiv fəaliyyətlərinə görə həbs olunmuş bloggerlər Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılmasıyla bağlı beynəlxalq aləmin tələblərindən söz düşərkən, Əli Həsənovun sərgilədiyi mövqe bir neçə gündür ki, müzakirə mövzusudur. Prezident Administrasiyasının şöbə müdiri iddia edir ki, onlar jurnalist deyil. Daha doğrusu, bloqçuluq jurnalistika deyil. Azərbaycan Internet Forumun rəhbəri, “Multimedia” Mərkəzinin direktoru Osman Gündüzlə internetlə bağlı müxtəlif məsələlər ətrafında söhbətləşsək də, ilk sualımız məhz bu mövzu ilə bağlı oldu:

- Son vaxtlar “blogger jurnalistdirmi?” sualı ətrafında ciddi müzakirələr gedir. Rəhbərlik etdiyiniz qurum uzun müddətdir ki, yeni media sahəsində fəaliyyət göstərir və özünüz də səhv etmirəmsə, ali təhsil müəssisələrində “internet jurnalistika” fənnini tədris edirsiniz. Bu baxımdan məsələyə sizin də münasibətiniz maraqlıdır. Ümumiyyətlə, Azərbaycanda internet-media ilə bağlı durum necədir?
- Son bir neçə ildə Azərbaycanda internetin ən sürətli inkişaf edən tərəfi məhz internet-mediadır. Hər gün biz  yeni internet-media resurslarının yaradıldığını, bu sahədə müxtəlif tədbirlərin, müsabiqələrin keçirildiyini müşahidə edirik. Jurnalistika ixtisası verən bütün təhsil müəssisələrində “internet jurnalistika” fənni tədris olunur. Bu sahədə müxtəlif metodiki-tədris vəsaitləri, elektron vəsaitlər nəşr olunur. Oturuşmuş internet qəzet və agentliklər formalaşıb. Bütün “offline” informasiya  subyektlərinin “online” versiyaları fəaliyyət göstərir və redaksiyalar əvvəlki illərdən fərqli olaraq özlərinin “online” resurslarını da reklam edirlər. Səbəb isə ondan ibarətdir ki, internet-media ciddi rəqabət faktoruna çevrilib. Artıq heç kimə sirr deyil ki, internet-medianın auditoriyası çap mediadan dəfələrlə çoxdur. Ən sürətli inkişaf edən sahələrdən biri də bloqosferadır. Bloqçulardan ibarət olan bu təbəqə sürətlə formalaşmaqdadır. Azərbaycanda  bloqlar son bir neçə ildə az qala, həndəsi silsilə sürətilə artır. Hazırda bizim müşahidələrimizə görə, ölkədə 10 mindən çox bloq var. Onların da əksəriyyəti informasiya, ictimai-siyasi və əyləncə yönümlü, həmçinin spesifik sahələr üzrə fəaliyyət göstərir.

- Blogger olmaq çətindirmi? Bunun üçün nə etmək, hansı keyfiyyətlərə malik olmaq lazımdır?
- Burada heç bir çətinlik yoxdur. Biz tez-tez jurnalistika fakültəsində təhsil alan tələbələrimiz arasında, treninqlərdə bloq yaratmaqla bağlı yarış keçiririk. Əgər internetin sürəti keyfiyyətlidirsə, orta səviyyəli bir jurnalist 3-4 dəqiqə ərzində özünün sadə bir bloqunu yarada bilər. Bloq yaratmaq üçün elementar kompüter - internet istifadəçisi olmaq yetərlidir, heç bir spesifik biliyə malik olmağa ehtiyac yoxdur. Texnologiyalar o qədər inkişaf edib ki, adi internet istifadəçisi “Wordpress” və ya “Livejournal” kimi bloq yaratmağa imkan verən resurslarda sadəcə, adını və şifrəsini qeyd etməklə bir anda şəxsi bloqunu yarada bilər. Əsas odur ki, bloqçu öz bloqunu müntəzəm şəkildə yeniləməyi, informasiyanı əldə edib onu yenidən emal edərək bloqunda yaymağı bacarsın. Bizdə professional bloqçular, bloqlarını müntəzəm yeniləyənlər o qədər də çox deyil. “Informasiya Cəmiyyətinin jurnalisti”  proqramı çərçivəsində biz hər il bu istiqamətdə gənclər üçün treninqlər və müsabiqələr təşkil edirik.

- Deməli bizdə, belə demək mümkünsə, jurnalistlər ali təhsil müəssisələrində həm də yeni media sahəsində biliyi olan, bloqçu kimi formalaşırlar...
- Təbii.. Hökumət dörd ildən çoxdur ki, xeyli xərc çəkərək, ali mətləblərdə “internet jurnalistika” fənninə saatlar və maliyyə vəsaiti ayırır. Bizim tələbələrimiz yeni media sahəsində təcrübə keçmək üçün xarici ölkələrə gedirlər.  Odur ki, “bloqçu jurnalist deyil” deyə “baltanı kökündən vurmaq” bütün bu sadaladıqlarımın, həmçinin ali təhsil müəssisələrinin 2006-cı ildən bəri apardığı işlərin, bizim  öyrətdiklərimizin az qala, üstündən xətt çəkilməsi demək olardı. Belə çıxır ki, jurnalistikanı başa vuran birisi və ya bir iqtisadçı özünə bloq yaradaraq, yaxud hansısa onlayn resursda müntəzəm olaraq informasiya-xəbər yayımına başlayır, bu, jurnalist hesab olunmur. Təsadüfi bir şəxs, yoldan ötən birisi hansısa qəzet redaksiyasına gəlir və redaktorla müqavilə bağlayaraq, işə başlayır, bu adam isə jurnalist hesab olunur. Belə yanaşma doğru deyil.

- Sizcə hökuməti narahat edən nədir ki, bir yandan bu sahənin inkişafına diqqət yetirilir, digər tərəfdən isə müəyyən ehtiyatlanmalar müşahidə olunur?
- Anlayıram ki, hökumət üçün burada müəyyən düşündürücü məqamlar var. Kütləvi informasiya vasitəsi müəyyən parametrlərə cavab verməlidir, əlçatan olmalıdır, “KIV haqqında” qanunda nəzərdə tutulan qeydiyyat tələblərinə cavab verməlidir və s. Ilk baxışda doğrudan da demək olar ki, ciddi bir formal nişanə yoxdur ki, bloqu KIV subyekti hesab edəsən - redaksiya yox, ünvan yox, əlaqə yox, kontentə məsul olan rəhbər yox və s.
Həmçinin elə informasiyalar var ki, məsələn, şəxsi həyatın toxunulmazlığı, milli, dini və irqi ayrı-seçkiliyin yayılması, təhqir, böhtan, terrorun təbliği və s. materialların yayılması qanunvericiliklə qadağandır və bunu  bloqçular da bilməlidir.
Bloqların heç də hamısı informasiya subyekti olaraq qeyd etdiyim tələblərə cavab vermirlər. Amma hər bir halda problemi “Blogger jurnalist deyil” formulasından deyil, daha sivil formada yanaşaraq, həll etmək olar. Burada yeni internet texnologiyalarının tətbiqi əsasında fəaliyyət  göstərən resurslarda istifadəçinin, yoxsa resurs sahibinin məsuliyyət daşıması məsələsi də ciddi əhəmiyyət kəsb edir.

- Nəyi nəzərdə tutursunuz? Istənilən halda, bloq sahibi və ya internet-qəzetin sahibi məsuliyyət daşımırmı?
- Yox, məsələ bu qədər sadə deyil. Indiki web2 texnologiyalar imkan verir ki, hansısa internet resursda  istifadəçilərin özləri həmin sayta, bloqa, foruma, sosial resursa daxil olaraq, kontent yaratsınlar, şərhlər yazsınlar  və s. Kontenti istifadəçilər tərəfindən istehsal olunan saytlarla bağlı yanaşma kifayət qədər həssas olmağı tələb edir. Nəzərə alaq ki, bu tip saytlardan istifadə edənlər  indi az qala, internetdə böyük əksəriyyətdir və onlar üçün də internet, məsələn, “Facebook” deməkdir.  Televiziyada canlı efirdə gedən hansısa süjetə görə kanal sahibinin  məsuliyyəti nə qədərdisə, onlayn resursda kiminsə tərəfindən yazılan şərhə və ya rəyə görə də bu resurs sahibinin məsuliyyəti o qədərdir. Yəni bu sahənin tənzimlənməsi elə də asan məsələ deyil.

- Bu sahədə beynəlxalq təcrübə necədir? Qərb ölkələrində, həmçinin MDB məkanında belə bir problem varmı?
- Xarici ölkələrdə də xeyli əvvəl bu cür problem olub. ABŞ-da 2000-ci illərdə bu problem ətrafında uzun-uzadı diskussiyalar gedib. Nəhayət, 2006-cı ildə Kaliforniya  Apellyasiya məhkəməsi “Apple” şirkətinin bir bloqçuya qarşı qaldırdığı iddia əsasında bloggerin də jurnalist statusuna  malik olması haqqında qərar qəbul etdi. Bloggerin də jurnalistlər üçün nəzərdə tutulan hüquqlara, o cümlədən, informasiyanın mənbəyini açıqlamamaq hüququna malik olması həmin qərarda öz əksini tapdı. O zaman “Apple” şirkəti özünün hansısa yeni bir texnologiyası haqqında bloggerin öz bloqunda dərc etdiyi yazının mənbəyini açıqlamağı tələb edirdi. Ümumiyyətlə hazırda Qərbdə bütün bloggerləri jurnalist kimi qəbul ediblər.
Rusiyada bu il “Məhkəmələrdə ”KIV haqqında qanunun\" tətbiqi praktikası haqqında\" Ali Məhkəmənin Plenumu tərəfindən qərar qəbul edilib. Bu sənəd KIV-lə hökumət arasında, xüsusən də internet-media ilə hökumət arasında olan münasibətlərə aydınlıq gətirən sənəddir. Ümumiyyətlə, Rusiya prezidenti Medvedev gələndən sonra belə bir tezis irəli sürdü ki, “RuNet”in inkişafının qarşısını alan bütün amillər aradan qaldırılmalıdır. O, sosial resursların maliyyələşməsinin vacibliyini bildirdi və çəkinmədən “Vkontakte.ru” və “Odnoklassniki.ru” resurslarından istifadə etdiyini bəyan etdi.

- Necə düşünürsünüz, bizdə də bloggeri həqiqətən jurnalist hesab etmək olarmı?
- Əgər informasiya əldə edib onun yayılmasını gerçəkləşdirmək, ifadə azadlığını həyata keçirmək kontekstindən yanaşsaq, təbii ki, blogger jurnalistika fəaliyyətilə məşğuldur. Hesab edirəm ki, bizim qanunvericilikdə, “KIV haqqında” qanunda əsas anlayışlar bölməsində kütləvi informasiya vasitəsi olaraq INTERNET termininin işlədilməsi tam olaraq buna hüquqi əsas verir.
Digər tərəfdən, məhz bu qanunda jurnalistin statusunda onun ştatlı müxbir və ya ştatdankənar müxbir kimi nəzərdə tutulması bloggerin həqiqətən də bizdə indiki məqamda formal olaraq jurnalist hesab olunmasına, belə demək mümkünsə, imkan vermir.
Ümumiyyətlə bizdə bu sahədə xoşagəlməz, hüquqi cəhətdən qeyri-müəyyən bir mühit formalaşıb. Internet-medianın da ölkə KIV-in bir hissəsi olaraq qəbul edilməsi, KIV-ə dövlət  dəstəyinin bu sektora da şamil edilməsi, bu sektorda da  hüquq və vəzifələrin müəyyən edilməsi hələ öz həllini  tapmayıb. Bir sıra konfranslarda, tədbirlərdə bu məsələlər qaldırılsa da, hələ də bu istiqamətdə irəliləyiş yoxdur.

- Problemdən çıxış yolunu nədə görürsünüz? Problemin həlli istiqamətində hansısa təklifləriniz varmı?
- Məncə dövlət internet-media sahəsində normal, sivil formada hüquqi tənzimləmə mühiti yaratmağa diqqət göstərməlidir. Hazırda ölkənin internet-media sektorunda sanballı resurslar formalaşıb, ölkə daxilində və xaricdə  xeyli oxucu auditoriyası var, burada xeyli faydalı müzakirələr, ciddi diskussiyalar aparılır. Xeyli sayda bloqlar informasiya müharibəsində olduqca aktiv iştirak edirlər. Hökumət indiki qloballaşma dövründə çətin ki, təkbaşına informasiya müharibəsi apara bilsin. Bu, mümkünsüz bir şeydir. Məhz yeni informasiya və media texnologiyalarından istifadə edənlərin təşviq edilməsi və onlara dəstək verilməsi düzgün addım olardı.
Mən xəbər yönümlü bloqların və internet resursların tənzimlənməsində, özünütənzimləməyə və könüllü qeydiyyat  mexanizmlərinin yaradılmasına üstünlük verərdim.

- Internet-mediada özünütənzimləmə, könüllü qeydiyyat  mexanizmi dedikdə nəyi nəzərdə tutursunuz?
- Dövran dəyişib. Yeni keyfiyyətdə, yeni təqdimatlarda yeni informasiya resursları yaranır. Dünyada və ölkəmizdə də nəhəng bir bloqosfera formalaşır. Xəbər portalları, internet-media tam olaraq, çap medianı üstələyir. Biz artıq  internet-qəzetlərin və bloqların müsabiqələrini təşkil edirik. Bununla belə bizdə bu sektor adi KIV subyekti üçün nəzərdə tutulan hüquqlardan, məsələn akkreditasiyadan, adi jurnalist hüquqlarından, hökumətin dəstəyindən, digər  resurslardan məhrumdur. Məncə hansısa formada buna son qoyulmalıdır. Odur ki, ilkin mərhələdə mən təklif edərdim ki, internet-media subyektlərinin, bloqların könüllü qeydiyyat institutu formalaşdırılsın. Təbii ki, qanunda nəzərdə tutulan tələblər ödənilməklə bu tip internet resurslar qeydiyyata alındıqdan sonra KIV üçün nəzərdə tutulan bütün hüquq və vəzifələr, dövlətin bütün dəstəyi bu subyektlərə də şamil olunmalıdır. O ki qaldı məzmunun, kontentin tənzimlənməsinə, mən burada daha çox hüquqi-etik tənzimləyici vasitələrdən, özünütənzimləmədən istifadəyə üstünlük verilməsinin tərəfdarıyam. Düşünürəm ki, AIF olaraq biz Mətbuat Şurası və digər jurnalist qurumlarıyla, hökumətlə birlikdə bu sahədə normal mühit, mexanizm formalaşdıra bilərik. Xarici ölkələrin, xüsusən, Böyük Britaniya, Almaniya, Isveç kimi dövlətlərin bu sahədəki təcrübələrindən istifadə oluna bilər. Indiki halda heç bir ölkə bu sahədə ayrı-ayrılıqda effektiv normalar yarada bilmir. Burada beynəlxalq resurslar, özünütənzimləmə  vasitələri və təbii ki, dövlət tənzimlənməsi birlikdə aparılmalıdır.

- Bəs qeydiyyatdan keçməyən, daha doğrusu, keçmək istəməyən bloqlar, onların hüquq və vəzifələri, məsuliyyəti necə olacaq?
- Təbii ki, əgər bu təkliflər reallaşarsa, qeydiyyatdan keçməyənlərə “KIV haqqında” qanun şamil olunmayacaq. KIV subyektləri və jurnalistlər üçün nəzərdə tutulan hüquq və vəzifələr onlara aid olmayacaq, hazırda mövcud olan dövlət  dəstəyi proqramlarında onlar iştirak edə bilməyəcəklər. Düşünürəm ki, bu problemin həlli üçün iki yol var: ya  Qərbdəki kimi, bütün bloqçuları jurnalist kimi qəbul etmək, ya da “KIV haqqında” qanunun tələblərinə uyğun olaraq, fəaliyyət göstərmək istəyənləri KIV subyekti və jurnalist kimi qəbul etmək. Hesab edirəm ki, əslində, jurnalist kimi fəaliyyət göstərən, bu missiyanı yerinə yetirən, lakin bloqunda heç bir tanınma nişanı olmayan, kontent üçün kimin məsuliyyət daşıdığı bilinməyən, bir sözlə, əlçatımlı olmayan bütün bloqları indiki məqamda “KIV haqqında” qanunun subyekti kimi qəbul etmək bir qədər düzgün olmazdı. Odur ki, indiki məqamda keçid mərhələsi olaraq, ikinci variantı daha məqbul hesab edirəm.

2010-08-31 Ramin DEKO
Azadliq qəzeti


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə