Osman Gündüz: Bloqosferdə nəyə görə Adnan Hacızadə və Emin Millinin adı çəkilmədi deyən adamların yanaşması dar yanaşmadı.

14-09-2010 / 07:04

10-12 sentyabr tarixində Nabranda ölkənin tanınmış bloggerlərinin iştirakı ilə Bloqosfer forumu keçirilirdi. Forumun məqsədləri barədə bir neçə gün öncə saytımızda ətraflı məlumat vermişdik.

Forumun təşkilatçılarından olan Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzdən Bloqosfer-2010 ilə bağlı aldığımız müsahibəni təqdim edirik.

Osman müəllim, Bloqosfer-2010 ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı…

Mən hesab edirəm ki, bu Azərbaycan İnterneti üçün kifayət qədər önəmli hadisələrdən biridir. Azərbaycan bloqçuluğu sahəsində bir neçə belə seminar xarakterli, treninq xarakterli tədbirlərimiz, lokal xarakterli müzakirələrimiz olub. Amma Bloqosfer ölkə miqyasında keçirilən ilk böyük tədbirdir. Burada yeni media nümayəndələrinin müxtəlif tərəflərini əks etdirən insanlar müxtəlif məsələləri müzakirə etdilər. Xeyli səmərəli müzakirələr oldu. Mənim ümumi qənaətim budur ki, bu tipli tədbirlər Azərbaycan internetinin inkişafına kömək edəcək.

Konkret hansı əhəmiyyəti oldu bu Forumun?

Fikrimcə, Forum Azərbaycan İnternet məkanının formalaşmasında, konkret milli bloqosferanın bir infrastruktur olaraq, yeni bir  sahə olaraq formalaşmasında mühüm rol oynayacaq. Həm texniki-texlonoloji tərəfdən, həm kontent cəhətdən, həm də tənzimləmə və özünütənzimləmə cəhətdən.

Eyni zamanda Forumda bloqçu-jurnalist münasibətləri, bloqçunun statusu ilə bağlı müzakirələrin ciddi əhəmiyyət daşıdığını düşünürəm. Bloqçuların etika kodeksinin  vacibliyi ətrafında keçən ciddi diskussuyaları da gələcəkdə Azərbaycan internet kontentinin sağlamlığının artırılması istiqamətindəki müsbət rolunu dəyərləndirməmək olmaz. Forumda Regionlardan gələn bloqçuların digər həmkarları ilə real münasibıətlərinin qurulmasındakı aktivliyi ilə bərabər, Forumdakı çıxışları və fəaliyyətləri də kifayət qədər diqqət çəkən məqamlardandır.

Sizcə Azərbaycanda professional bloqçu varmı?

Professional bloqdan danışmaq hələ tezdir, çünki tam olaraq öz bloquna bütün vaxtını sərf edənlər yox dərəcədədir, bloqlarda reklam yoxdur. Professional bloqçu odur ki, gecə-gündür bloqu ilə məşğul olsun, öz fəaliyyətini onunla bağlasın, əgər belə demək mümkünsə konkret iş yeri bloq olsun. Bizdə hələ ki, belə bloqlar yoxdur. Yeri gəlmişkən, bu mövzuyla bağlı bloqosferdə ciddi müzakirələr getdi. Mən gözləyirəm yaxın zamanlarda Azərbaycanda məzmunca yeni bloqlar formalaşsın. Video bloqlar, audio bloqlar, foto bloqlar və s. Əlbəttə, gərək bloqlardakı bir sıra problemlər də həll olunmalıdır ki, reklam məsələsi də sürətlənsin

Bloqosofer-2010-da həbsdə olan bloggerlər Emin Milli və Adnan Hacızadə haqda danışılmadı və bu birmənalı qarşılanmadı. Bu məsələylə bağlı sizin fikriniz necədir?

Mən düşünürəm ki, ora bu müzakirənin yeri deyildi. Bloqosfer texnoloji-professionla bir forumdur, nəinki ifadə azadlığı və ya hüquqi forum. Həbsdə olan bloggerlərin problemi ifadə azadlığı problemidir və bir neçə gün öncə Bakıda İfadə Azadlığı Forumu keçirilmişdi və orada Adnan ilə Emindən kifayət qədər danışılmışdı. Bizim orda müzakirə etdiyimiz məsələlər həbsdə olan bloggerlərin məsələsinə daha qlobal yanaşmadır. Təkcə bloqçu -jurnalist yönümündə keçən müzakirənin düşünürəm ki əhəmiyyətini vurğulamaq yetər. Əksinə , düşünürəm ki  bu müzakirələr  gələcəkdə  adı çəkilən hadisələrin baş  verməməsinə yönəlib. Amma niyə onların adı çəkilmədi deyən adamların yanaşması dar yanaşmadı. Bu cür forumun uğuruna xələl gətirmək istəyən adamları heç cürə başa düşmürəm.

Narazı qaldığınız məqamlar oldumu?

Əlbəttə, bu  cür tədbirlərdə hər  şey yüksək səviyyədə olmur  axı. BLOQOSFER-2010 da ən lazımlı insturment olan İnternetlə təchizat müəyyən səbəblərdən çox aşağı səviyyədə idi, hətta demək olar ki, əvvəlcədən hamı üçün nəzərdə tutulmalı olan internet olmadı. Müzakirələrə daha peşəkarcasına- hərtərəfli yanaşmaq olardı. Düşünürəm ki, qabaqcadan prioritet hesab olunan mövzuları İnternet vasitəsilə müəyyən edib sonradan məhz konkret bu mövzuların professional müzakirəsini aparsaydıq daha faydalı olardı. Vaxtdan səmərəli istifadə edilə bilərdi. Çünki bəzən hiss olunurdu ki, hərtərəfli müzakirələrə vaxt çatışmır. Amma bir şey də var ki, bir Forumda bütün mövzulara toxunmaq və tam olaraq düzgün qərarlar qəbul etmək mümkün olmur axı.

Başqa bir təəsüfləndirici məqam ondan ibarətdir ki, hökümət nümayəndələrini mən orda görmədim. Heç bir icra nümayəndəsi orda yox idi. Mən bildiyim qədərilə onlar tədbirə dəvət olunmuşdular amma mən onları orda görmədim. Mətbuat Şurasından da nümayəndə görmədim, ümumiyyətlə jurnalist qurumlarından heç kim gəlməmişdi. Onların gəlməməsinə təəsüflənirəm.

Sizcə onlar nəyə görə qatılmaq istəmirlər bu cür tədbirlərə?

Bu mənimçün anlaşılmazdır. Bu dəqiqə Azərbaycan internetinin media sferası ölkədə ən güclü inkişaf edən sahələrdən biridir. Və nə üçün hökümət, çap mediası, televiziya qurumlara bu məsələyə bu qədər sayğısız yanaşırlar bu mənimçün anlaşılmaz olaraq qalır. Azərbaycanın maraqları nöqteyi nəzərindən bu addımı düzgün hesab eləmirəm. Amma bütün bunlara baxmayaraq mən inanıram ki, bu Azərbaycanda bloqosferanın formalaşmasına təkan verən hadisə olacaq, Azərbaycan bloqçuluğunda münbit bir mühit formalaşacaq.

Hacıbəy Heydərli


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə