Saxta Facebook səhifələri və saxta profillər qanunidirmi ?

02-06-2014 / 16:51
Son illər Azərbaycanda yeni media, xüsusilə də sosial media sürətlə inkişaf edir. Cəmiyyətin müxtəlif təbəqələri, siyasi dairələr, sıravi vətəndaşlar artıq Facebook və digər sosial şəbəkələrdən öz məqsədləri üçün istifadə edirlər. Ölkədə sosial medianın inkişafı və   bu sferada müşahidə olunan problemlər barədə  Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru  Osman Gündüzlə danışdıq.


- Osman müəllim,  bu yaxınlarda “Yeni media və yeni çağırışlar” mövzusunda konfrans keçirildi. Tədbirdə Azərbaycanda  yeni medianın,   xüsusilə də sosial medianın ciddi inkişaf etdiyi qeyd edilməklə bərabər, bu sahədə müşahidə olunan problemlərdən də danışıldı. Hətta tənzimləmənin vacibliyi haqqında fikirlər səsləndirildi. Xüsusilə sosial mediada yanlış, qərəzli, təhqiramiz informasiyaların verilməsi, saxta profillərin yaradılması məsələlərinə ciddi toxunuldu. Bu haqda nə deyə bilərsiniz?
- Bəli,   bir neçə gün öncə bizim Mətbuat Şurası ilə birgə bütün maraqlı tərəflərin iştirakı ilə təşkil etdiyimiz konfransda İnternet medianın inkişafı,  ona dövlət dəstəyi,   sosial medianın vəziyyəti  və. s bu kimi  maraqlı məsələlərə ətrafında müzakirələr aparıldı. Həqiqətən də hazırda Azərbaycan İnternetində ən dinamik inkişaf edən sahələrdən biri də on-line media,  xüsusilə də sosial mediadır. Sosial media artıq ölkədə nəinki maraq dairəsinə uyğun olaraq informasiyanın paylanması funksiyasını yerinə yetirir, həm də ictimai rəyi formalaşdırır, informasiya əldə edilməsi və çatdırılmasında kifayət qədər ciddi rol oynamağa başlayıb. İnsanlar,  ayrı-ayrı dövlət və özəl qurumlar  ən müxtəlif məqsədlər üçün sosial mediadan istifadə etməyə başlayıblar. Bununla belə, bizdə də sosial media sahəsində problemlər var, o cümlədən sizin qeyd etdiyiniz saxta Facebook səhifələri problemi mövcuddur. Konfransda bu istiqamətdə də müəyyən fikir mübadiləsi aparıldı.

- Ümumiyyətlə bu problemin yaratdığı fəsadlara və aradan qaldırılması yollarına toxunmazdan öncə, problemin mahiyyətinə aydınlıq gətirməyinizi xahiş etmək istərdik. Saxta Facebook səhifələri və  profilləri nədir və nə məqsədlə yaradılır?
 
- Saxta profil və ya saxta səhifə dedikdə, təbii ki, bir şəxsin özünə məxsus olan e-mail vasitəsilə başqa adla qeydiyyatdan keçərək başqa ad altında yaradılan profil və ya səhifə anlaşılır. Facebook-un miqyasını nəzərə alsaq, deyə bilərik ki, orada bu saxtalığın radiusu daha da genişdir. Məsələn , valideynlərin azyaşlı uşaqlar üçün açdığı səhifələri, bir nəfər tərəfindən açılan bir neçə səhifəni də Facebook saxta səhifə olaraq qəbul edir.
Saxta Facebook səhifələri və profilləri müxtəlif məqsədlər üçün yaradılır.
Kimisi özünün maraqlarını, hobbisini paylaşmaq istəyir. Bu yolla, o, gizli şəkildə özünün real olan digər həyatını göstərmək istəyir. Həmin şəxs düşünür ki, əgər bunları öz adı ilə etmiş olsaydı, ətrafı tərəfindən yaxşı qarşılanmazdı. Kimlərsə də özlərinin ictimai-sosial statusundan ehtiyatlanaraq saxta-başqa ad altında Facebook səhifəsi açırlar. Biznes məqsədilə açılan milyonlarla saxta səhifələr var. Hansı ki, onlar saxta “like” toplamağa xidmət edir.
Amerikada rəyi soruşulan xeyli sayda polis rəsmiləri bildiriblər ki, sosial media cinayətkarı tutmaq üçün ən yaxşı vasitələrdən biridir. Polislər saxta Facebook səhifəsi yaratmaqla cinayətkarın dostlar siyahısına daxil olmağa və zəruri məlumatlar toplamağa çalışırdılar.
Elə insanlar və ya qurumlar da var ki, onlar saxta səhifələri  öncədən tanıdığı başqa birisinin və ya başqa qurumun adından açır və onun adı altında fəaliyyətə başlayır. Ən təhlükəlisi də məhz bundan ibarətdir.
Bu Facebook Qaydalarının kobud şəkildə pozulması deməkdir.

- Hazırda bu tendensiya necədir? Saxta profillər artır yoxsa azalmağa doğru gedir ?
- Əlbəttə artır. Sosial şəbəkələr gücləndikcə saxta profillər də artır. Hazırda qlobal şəbəkədə saxta hesablar, saxta səhifələr çoxdur. Xatırlayıram ki, ötən il CNN-də bununla bağlı xüsusi bir reportaj vermişdilər və bu verilişdə 100 milyonadək saxta Facebook səhifəsinin mövcudluğundan  söhbət gedirdi. Sosial şəbəkələr  inkişaf etdikcə, bir-birinə inteqrasiya etdikcə və ictimai rəyə təsiri artdıqca, onun imkanlarından başqa məqsədlər üçün də istifadəyə meyl də artır. Söhbət təkcə Facebookdan getmir, bu, digər sosial media vasitələrinə də aiddir.

- Sosial medianın ciddi inkişaf etdiyi bir zamanda bütün bunlar təhlükə törədirmi? Kimlər saxta Facebook səhifələrindən ziyan çəkir ?
- Təbii ki, burada təhlükə var. Fikir vermisinizsə, son dövrlərdə dövlət qurumları, tanınmış rəsmi və populyar insanlar, millət vəkilləri də Facebook üzərindən insanlarla əlaqə yaradılmasına üstünlük verməyə başlayıblar. Özəl sektor kifayət qədər burada fəaldır. Həm özəl sektor, həm ənənəvi media sosial mediadakı hər bir  istifadəçiyə təsir etmək,  informasiyanı onlara çatdırmaq üçün ciddi mübarizə aparır. Sosial medianın biznes tərəfi də güclənir, monitorinq sistemləri formalaşır, sizin haqqınızda müsbət və ya mənfi informasiyaları bir anda sizə çatdıran milli sistemlər yaradılır. Hətta son dövrlərdə sosial mediada reklam yatırımı ciddi surətdə artmışdır. Cüzi məbləğ ödəməklə informasiyaları ən geniş auditoriyaya çatdıra bilərsiniz.
Ötən il prezident İlham Əliyevin Facebook səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşların sualları cavablandırılıb. Xeyli sayda dövlət qurumları artıq müxtəlif sosial media səhifələrini yaradıblar. Həmçinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi, Əmək və Əhalinin sosial müdafiəsi, Elektron Hökumət Portalı, Təhsil Nazirliyi və. s digər qurumlar da vətəndaşlarla “Facebook” səhifəsindən əlaqələr yaradırlar. Amma saxta səhifələr və profillər sosil medianın inkişafına əngəllər yaradır.

-Deməli siz düşünürsünüz ki istənilən halda burada inkişafın qarşısını alan amillər və  təhlükələr var ?

-Bəli, tamamilə doğrudur, saxta səhifələr və profillər yuxarıda qeyd etdiyim inkişaf tendensiyasına  mənfi təsir göstərir. İlk növbədə Facebook istifadəçiləri üçün problemlər yaşanır, sıravi üzvlər normal informasiya münasibətlərinə qatılmaqdan ehtiyatlanırlar. Elə cəmiyyət  üçün də təhlükələr yaranır desəm, doğru olar. İnsanların informasiya əldə etməsində, doğru, düzgün informasiyanın cəmiyyətə çatdırılması və əldə edilməsində ciddi problemlər yaşanır. Tanınmış ziyalıların, ictimai xadimlərin, dövlət rəsmilərinin adından yaradılan saxta səhifələr isə onların ictimai nüfuzuna xələl gətirməklə bərabər, həm də cəmiyyəti çaşdırır.
Bilirsiniz, sosial şəbəkələrin ən böyük funksiyalarından biri vətəndaşları, bütövlükdə cəmiyyəti əhəmiyyətli məsələlərin müzakirəsinə cəlb etməkdən ibarətdir. Bu prosesdə həm də dövlət rəsmiləri iştirak edirlər. Onlar öz Facebook səhifələri vasitəsilə müxtəlif məsələlərə münasibət bildirir və cəmiyyətin reaksiyasını öyrənməyə çalışırlar. Yaxud da cəmiyyətdə baş verən müxtəlif məsələlərlə bağlı öz fikirlərini bölüşürlər. Məsələn, dövlət başçısının, daxili işlər nazirinin, müdafiə nazirinin, milli təhlükəsizlik nazirinin, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin və digər rəsmi şəxslərin adlarına saxta profillər yaradılıb. Bu ilin əvvəlində  Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev öz Facebook səhifəsini yaratdı və müxtəlif məsələlərə öz münasibətini bildirdi, cəmiyyəti onların müzakirəsinə cəlb etməyə çalışdı. Amma dərhal da onun səhifəsinin dublikatı yaradıldı və Ramiz Mehdiyevin adından cəmiyyətə yanlış informasiyalar ötürülməyə başladı. Nəticədə Ramiz Mehdiyev öz səhifəsini bağladı və bununla bağlı mediada məlumat da getdi. Ancaq saxta səhifə bu günə kimi fəaliyyətini davam etdirir. Əlbəttə, düşünmək olar ki, saxta səhifənin yaradılması orijinalın qapadılmasına səbəb olmamalıdır. Amma əgər saxta səhifə Ramiz Mehdiyev kimi nüfuzlu şəxsin adından yaradılırsa və orada dövlətin daxili və xarici siyasət məsələlərin ilə manipulyasiya cəhdləri olunursa, bunun nə dərəcədə təhlükəli olduğunu izah etməyə ehtiyac qalmır. Bu tipli saxta profillər rəsmi şəxslərin sosial şəbəkələr vasitəsilə cəmiyyətlə ünsiyyətinə yaradılan kobud maneədir və ona heç bir halda bəraət qazandırmaq olmaz.
 Məqsədyönlü şəkildə başqa şəxslərin adına olan səhifələrin dublikatını yaratmaq, onların adından yalan informasiyalar yaymaq, böhtan və təhqirlə məşğul olmaq, cəmiyyətdə çaşqınlıq yaratmağa çalışmaq yolverilməzdir və ciddi məsuliyyət doğurur. Digər tərəfdən, belə hallar sosial şəbəkələrin özlərini də nüfuzdan salır, onlara etimadı azaldır və son nəticədə öz missiyasını yerinə yetirməyə ciddi maneçilik törədir.
Belə hallarla bağlı beynəlxalq təcrübədə xeyli məhkəmə çəkişmələri olub və davam etməkdədir. Xatırlayıram ki, beynəlxalq təcrübədə öz keçmiş ərinin adına saxta Facebook səhifəsi açaraq orada qanunsuz informasiyalar paylaşdığına görə, 18 ay həbs cəzası alan olub. Təsəvvür edin ki, siz Facebook səhifəsi yaradırsınız və orada da kiminsə adından müxtəlif informasiyalar yerləşdirirsiniz, onun əlaqə vasitələrini qeyd  edirsiniz. Dərhal onun səhifəsinə müxtəlif müraciətlər başlayır. Ona qarşı hədə qorxular, təhdidlər də ola bilər. Ola bilər ki, kiminsə saxta səhifəsini açmaq kiməsə zarafat kimi gələ bilər, kimsə hətta bunu pis niyyət olmadan da edə bilər, amma bunun nəticələri çox ağır ola bilir.

- Siz qeyd etdiniz ki, saxta səhifə yaratmaq qanun pozuntusudur. Bununla konkret hansı  qanun pozuntusuna yol verilir?

- Facebook Qaydalarına və mövcud normalara görə, saxta profil və ya səhifələrin  yaradılması yolverilməzdir və qanunsuzdur. Facebook-un qaydalarına görə, hər bir şəxs öz real adı altında qeydiyyatdan keçməlidir və özünə yalnız bir hesab aça bilər.  Yeri gəlmişkən deyim ki, bütün sosial media platformalarında saxta profil açmaq qadağan olunur. Deməli əgər siz başqa ad altında hesab açırsınızsa, Siz dərhal Facebook şərtlərini pozmuş olursunuz. Eyni zamanda, siz  başqa birisinin şəklini yükləyərək onu özünüzünkü kimi təqdim edirsinizsə, bu da artıq informasiyanın təhrif olunmasıdır. Eyni zamanda, fərdi informasiyaların qeyri-qanuni əldə edilməsidir. Əgər siz bir başqasının adından informasiyalar yaymağa başlayırsınızsa, bu daha ağırlaşdırıcı bir haldır. Beləliklə siz  faktların təhrif edilməsi ilə məşğul olursunuz.

- Saxta Facebook səhifələrinin yaranmasının qarşısını almaq olarmı? Ondan qorunmaq üçün nə etmək lazımdır?

- Əlbəttə profilaktik tədbirlər həmişə fayda verir. Həmişə  gərək öz profilinə nəzarət edəsən. Kompüterin normal vəziyyətdə olmalıdır. Gücləndirilmiş şifrlərdən istifadə edəsən. Şəxsi xarakterli vacib informasiyalarını qoruyasan. Spamları, arzu olunmayan, kimin tərəfindən göndərildiyi müəyyən edilməyən mesajları qəbul edərkən, ehtiyatlı olasan. İctimai yerlərdə kompüterdən istifadə edərkən daha ehtiyatlı olmaq lazımdır. Bir sözlə, elementar informasiya təhlükəsizliyi qaydalarına əməl etmək lazımdır.

-    Əgər artıq bu cür saxta səhifə ilə üzləşmisinizsə nə etmək lazımdır ?

- Əgər artıq siz saxta profillə üzləşmisinizsə, o zaman sizin haqqınızda olan informasiyaların “screenshoot” edərək  saxlanılması daha doğru olardı. Sonrakı addımlar isə Facebook imkanlarından istifadə edərək dərhal saxta səhifəni report etmək, zəruri instansiyalara məlumat vermək, azyaşlıların isə dərhal bu haqda valideynləri və müəllimlərinə məlumat verməsi daha faydalı olardı.
Əgər qanunazidd məlumatlar, şantaj və böhtanlar olarsa, təbii ki, dərhal hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etmək lazımdır. Məsləhət və tövsiyələr üçün Elektron Təhlükəsizlik Mərkəzinə müraciət etmək vacibdir.

- Ümumiyyətlə problemin qanunvericilik səviyyəsində tam həllinə nail olmaq mümkündürmü? Hansı addımların atılmasını zəruri hesab edirsiniz?

- Əslində, baş verənlər mahiyyətcə kiberqanunsuzluq, kibercinayət olduğundan, problemin tam və asan formada həlli qaydası sadəcə yoxdur. Sosial şəbəkələr müxtəlif dövlətlərə məxsusdur və onların da qanunvericiliyi müxtəlifdir. Təsəvvür edin ki, sosial şəbəkə bir dövlətin qanunlarına uyğun fəaliyyət göstərir, amma eyni zamanda, o, həm də bütün dünyada fəaliyyət göstərir. Təbii ki bütün bunlar problemlər yaradır.
Bəzən müşahidə edirik ki, sosial medianın sahibləri hansısa qanunsuz informasiyanın qarşısının alınmasında, terrorçuluq və ekstremizmlə bağlı informasiyaların silinməsində müxtəlif ölkələrdən daxil olan müraciətlərə müxtəlif cür yanaşırlar. Belə demək mümkünsə, burada bəzən ikili standartlar olur. Amma müsbət təcrübələr də var, onlardan faydalanmaq lazımdır. Qeyd etdim ki, artıq bəzi ölkələrdə saxta səhifələrlə bağlı məhkəmə qərarları  var.
Fikrimcə, bizdə ilk növbədə bu istiqamətdə maarifləndirici işlərin aparılması, bunun fəsadları, qayda və qanun  pozuntusu olması, bəzi hallarda isə ciddi məsuliyyət yaratması haqqında məlumatlar verilməlidir. Saxta profil açmaq həvəsinə düşənlər anlamalıdırlar ki , bununla onlar müəyyən məsuliyyət yaradırlar.

-    Hansı qurumlar, kimlər bunu etməlidir?

 -  Fikrimcə, ilk növbədə vətəndaş cəmiyyəti qurumları və dövlət orqanları bunu birgə edə bilərlər. Hələlik, bizdə bu istiqamətdə ciddi problemlər var, kibercinayətlərlə,  kibercinayətin yaratdığı məsuliyyətlə bağlı  yetərli məlumat yoxdur.  Bəzi istifadəçilər elə düşünürlər ki, virtual şəbəkə tam sərbəstdir, nə istəsə edə bilər, başqasının profilini sındıra, saxta hesablar yarada bilər və s. Əslində isə bütün bunlar qanun pozuntusudur, kibercinayətdir.
Yeni yaradılan Elektron Təhlükəsizlik Mərkəzi bu istiqamətdə xeyli işlər görə bilər. Son dövrlərdə bu qurum tərəfindən təhlükəsizliklə bağlı müəyyən tövsiyələr verilsə də, əslində, məhz danışdığımız mövzu ilə bağlı cəmiyyətin bu mərkəzdən gözləntiləri çoxdur və hələlik bunlar reallaşmayıb.
Fikrimcə yaratdığı fəsadlar, təhlükəlilik dərəcəsindən asılı olaraq, yerli qanunvericilikdə inzibati və daha ağır formalarda məsuliyyəti də nəzərdə tutula bilər. Bir daha qeyd edirəm ki, bütün bunlar bizim qanunvericilikdə var və bu real dünyada baş verənlərlə bağlıdır. Ümumiyyətlə, istər real dünyada, istərsə də virtual dünyada edilən qanunsuz hərəkətlər, dərəcəsindən asılı olaraq, eyni məsuliyyət, inzibati və ya cinayət məsuliyyəti yaradır.
İnternetin KİV olaraq qəbul edilməsini nəzərə alaraq, deyə bilərik ki, burada da qeyri-qanuni hərəkətlər, müxtəlif adlar altında  cəmiyyətdə çaşqınlıq yaratmaq, qanunsuz informasiyalar yaymaq məsuliyyət doğurur. Həmçinin, artıq bir müddətdir bizim qanunvericilikdə internetdə təhqir və böhtana görə də cinayət məsuliyyəti nəzərdə tutulub.
Bizdə İnternet kifayət qədər azaddır, sosial şəbəkələrdə məhdudiyyətlər yoxdur. Düşünmürəm ki, bizim ölkəmiz bu və ya digər problemlərlə bağlı  bəzi başqa ölkələrdə olduğu kimi, sosial medianı ölkə daxilində qadağan etmək səviyyəsinə gəlib çata. Əksinə, hazırda bizdə İnternetə ciddi dövlət dəstəyi var və milyonlarla vəsait Azərbaycan İnternetinin inkişafı yönəldilib.
Müharibə şəraitində olan bir ölkə olaraq, bizə qlobal resurslardan, qlobal şəbəkələrdən daha effektiv və səmərəli istifadə etmək lazımdır. Aidiyyəti qurumlar qlobal sosial media şirkətləri ilə qarşılıqlı əlaqələrin qurulmasına xüsusi diqqət yetirməlidirlər.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə