Mobil cihazlar üçün Flash Player istehsalı dayandırıldı
Adobe Systems şirkəti smarfon və planşetlər üçün Flash Player-in gələcək istehsalının dayandırıldığını rəsmən bəyan edib.
“Biz bundan sonra yeni mobil brauzerlər, mobil əməliyyat sistemlərinin yeni versiyaları və yeni qurğular üçün Flash Player istehsal etməyəcəyik” deyə şirkətin bəyanatında qeyd edilib.
“10 ildən çox müddət ərzində Flash ən zəngin kontent yaratmaq və onu brauzerlərdə nümayiş etdirməyə imkan verməklə digərlərinin edə bilmədiklərini həyata keçirib. Lakin indi bütün populyar mobil qurğular HTML5-i, bəzi hallarda isə yalnız onu (məsələn, iPhone və iPad) dəstəkləyir. Beləliklə, HTML5 mobil qurğularda kontentin yaradılması və təsviri üçün ən yaxşı həlldir”, deyə şirkətin platformalar üzrə vitse-prezidenti Denni Vinokur bildirib.
Cnews-un məlumatına görə, Adobe-un qərarı şirkətin səhmlərinin məzənnəsinin təxminən 8 faiz aşağı düşməsinə səbəb olub.
Xatırladaq ki, hələ 2010-cu ilin aprel ayında Apple şirkətinin keçmiş rəhbəri Stiv Cobs Flash texnologiyasını kəskin tənqid edərək onu mobil qurğular üçün istifadəyə yararsız adlandırmışdır. Adobe şirkətinə 2005-ci ildə Macromedia-nı almaqla ötürülən sözügedən texnologiyanın əsas çatışmazlıqlarına S.Cobs qapalılıq, aşağı təhlükəsizlik səviyyəsi, prosessorun həddən artıq yüklənməsi və bunun nəticəsi olaraq akkumulyator batareyasını aid etmişdir.