Milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyət hələ də qalmaqdadır
AİF rəhbəri Osman Gündüz milli İnternet ünvanların - .az domeninin qeydiyyatının tənzimlənməsindəki uzun müddətdən bəri davam edən ciddi problemlərlə bağlı yenidən Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova məktub ünvanlayıb.
Məktubda dəfələrlə bu problemin qaldırılmasına baxmayaq milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyətin hələ də davam etdiyi bildirilib.
Xüsusən qarşıdakı dövrdə ölkədə Beynəlxalq İnternet İdarəçiliyi Forumun keçirilməsini nəzərə alaraq bu problemin həllinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Müraciətdə qanunvericilikdə nəzərdə tutulduğu qaydada tənzimləyici infrastrukturun , həmçinin normal Qeydiyyat qaydalarının yaradılmadığı bir daha diqqətə çatdırılıb
Müraciətdə şəxsən Nazir tərəfindən bir neçə dəfə tapşırıq verilməsinə baxmayaraq bu istiqamətdə aidiyyatı məsul şəxslər tərəfindən ciddi səylərin göstərilmədiyi bildirilib. Bütün bunların nəticəsində isə ölkədə .az domeninin qeydiyyatı prosesində ciddi qüsurların olduğu, şəffaflığın təmin edilmədiyi, inhisarçılığın mövcud olması, sui-istifadə hallarına yol verildiyi, beynəlxalq normalara uyğun online qeydiyyat sisteminin yaradılmadığı bildirilib.
Məktubda milli internet ünvanların qeydiyyatının Telekommunikasiya haqqında qanunda və beynəlxalq normalarda nəzərdə tutulduğu qaydada legitimləşdirilməsi istiqamətində addımlarım atılmasının vacibliyi qeyd edilib.