Martın 14-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyində nazir Əli Abbasovun iştirakı ilə yerli İnfoSpace MMC tərəfindən hazırlanmış proqram təminatının təqdimatı keçirilib.
Nazir öz nitqində şirkətin tabeli qurumlarla bir neçə birgə layihələrin müvəffəqiyyətlə həyata keçirildiyini bildirib və şirkətin xarici istehsalçılarla rəqabət aparacaq elmi-texnoloji potensiala sahib olduğunu xüsusi vurğulayıb.
Tədbirdə şirkət haqqında qısa məlumat verilib, o cümlədən şirkət mütəxəssisləri tərəfindən hazırlanan proqram təminatları, layihələr haqqında danışılıb. Daha sonra Teleradio İB-nin və Dövlət Radiotezliklər İdarəsinin sifarişi ilə İnfoSpace tərəfindən hazırlanan “Radio və televiziya yayımı stansiyalarında yerləşdirilmiş avadanlıq haqqında interaktiv məlumat-sorğu sistemi” və “AOR AR5000 tipli radiosiqnal qəbulediciləri bazasında interaktiv radionəzarət sistemi” haqqında məlumat verilib. Bildirilib ki, onların tətbiqi qurumlarda proseslərin avtomatlaşdırılmasına kömək edəcək.
Təqdim olunan hər iki proqrama dair geniş müzakirələr aparılıb. Sonda nazir Əli Abbasov müvafiq tapşırıqlarını verib.