Əhalinin daha çox tələbat duyduğu elektron xidmətlərin siyahısı müəyyənləşib
“Elektron hökumət” portalı vasitəsilə 2013-сü ilin son ayında ən çox istifadə edilən elektron xidmət “Telefon nömrəsi üzrə axtarış” xidməti olub. Belə ki, xidmətdən 62033 dəfə istifadə edilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən təqdim edilən bu xidmətin ardınca portalda 01.12.2013 – 31.12.2013-cü il dövrü ərzində ən çox istifadə olunan e-xidmətlərin siyahısında Dövlət Sosial Müdafiə Fondu (DSMF) yer alır. Fondun “Sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı” elektron xidmətinə 3468 müraciət edilib. Siyahıda növbəti yerlər də Dövlət Sosial Müdafiə Fonduna məxsusdur.
Belə ki, DSMF tərəfindən təqdim edilən “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” xidmətinə 3246, “Məcburi dövlət sosial sığotasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi” xidmətinə 2420, “Pensiya kalkulyatoru” xidmətinə 1482, “Pensiyaçıya məlumatların verilməsi” xidmətinə 1223 müraciət edilib. Portalda təqdim etdiyi elektron xidmətlərə görə fəallığı ilə seçilən DSMF-dan sonra “Elektron hökumət” istifadəçilərinin müraciət etdiyi növbəti xidmət Ədliyyə Nazirliyinə aiddir.
Nazirliyin “Azərbaycan adları barədə məlumatın verilməsi” elektron xidmətinə bir ayda 753 dəfə müraciət edilib ki, bu xidmət də istifadəçi sayına görə siyahıda 7-ci yeri tutur. 8-ci yerdə qərarlaşan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Vətəndaşın fərdi məlumatları barədə arayış” xidməti də ötən il daha çox tələbat duyulan elektron xidmətlərə daxildir. Bu xidmət üzrə portala edilən müraciətlərin sayı 518-ə çatıb.
Fəallığına görə cəmi 5 dövlət qurumunun elektron xidmətlərinin yer aldığı “Ayın ən çox tələbat duyulan elektron xidmətlər siyahısı”nda növbəti yerdə Daxili İşlər Nazirliyi gəlir. Nazirliyin təqdim etdiyi “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” elektron xidmətinə 2013-cü ilin axırıncı ayında 510 müraciət edilib. Siyahını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tamamlayır.
Bu nazirlik tərəfindən portala inteqrasiya edilmiş “Müavinətlər üzrə axtarış” elektron xidmətinə müraciətlərin sayı isə cəmi 414 olub. Beləliklə, əhalinin daha çox tələbat duyduğu elektron xidmətləri təqdim etmə səbəbindən cəmi 5 təchizatçının yer aldığı siyahı üzrə yola saldığımız ilin sonuncu ayında “Elektron hökumət” portalında sözügedən xidmətlərdən istifadə sayı ümumilikdə 76067 olub.