Azərbaycanda mobil operatorlar nömrə satışını dayandırır-Yenilənib

03-02-2017 / 09:10

“Fevral ayının 1-dən etibarən respublikada fəaliyyət göstərən bütün mobil operatorlarda nömrələrin satışı və aktivləşdirilməsi yeni onlayn sistem üzrə aparılır. Bu, Nazirlər Kabinetinin və Prezidentin müvafiq qərarları ilə öhdəlik kimi qoyulub. Azercell-in nömrə satışı dayandırılıb və adi qaydada aparılır”.

Bu barədə Xeberler.az-a Azercell-dən məlumat verilib.

Qeyd edilib ki,  bütün Azercell diler şəbəkəsində kifayət qədər aktiv nömrə ehtiyyatı mövcüd idi və satışları ehtiyyatlar hesabına həyata keçirirdi:

“Yalnız yanvarın 30-da yeni sistemə keçidlə əlaqədar təzə nömrələrin aktivləşdirilməməsi müvəqqəti olaraq dayandırılıb. Yanvarın 31-dən isə yeni sistemlə satış davam edir”.

Şirkət qeyd edib ki, yeni nömrə satışı sistemi və onun təkmilləşdirilməsi ilə əlaqədar suallarınızı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlaya bilərsiniz.

****

13:12

Nar operatoru da Xeberler.az-ın sorğusuna cavab olaraq məsələyə münasibət bildirib:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, mobil operatorlar tərəfindən gerçəkləşdirilən nömrə satışı yeni sistemin tələblərinə uyğun şəkildə həyata keçirilir. Nar abunəçiləri yeni nömrələrin alışı, eləcə də digər xidmətlərdən rəsmi Nar satış mərkəzlərinə yaxınlaşaraq yararlana bilərlər”.

Qeyd edək ki, fevralın 1-dən Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırılıb. Belə ki, Bakıda və rayonlarda mobil operatorların rəsmi dilerləri, eləcə də digər ticarət obyektlərində nömrə satışı həyata keçirilmir.

Məlumat verdiyimiz kimi, Nazirlər Kabinetinin 22 may 2015-ci il tarixli 200 nömrəli qərarına əsasən "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı  tələb olunan şərtlərin təsdiq edilməsi haqqında" 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərara dəyişikliklər edilib.

Belə ki, mobil nömrələrin satışı mərkəzləşmiş qaydada, ümumi müddəalara uyğun bütün mobil operatorlar tərəfindən eyni qaydada aparılacaq. Bununla da, bu günə qədər nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi, eyni zamanda, mövcud qüsurların aradan qaldırılması üzrə tədbirlər görülməli və yaradılacaq texniki qaydalara uyğun abunəçi informasiya bazası əsasında sosial əhəmiyyətli elektron  xidmətlərin hazırlanması mümkün olacaq.

Qeyd edək ki, rabitə vasitələrinin satışının yeni qərara uyğun təşkili üçün nəzərdə tutulmuş  informasiya sistemi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanıb. Ötən vaxt ərzində bu informasiya sisteminin mobil və sabit operatorların istismarına verilməsi ilə əlaqədar bir neçə toplantı keçirilib. Həmin toplantılarda prosesin ssenarisinin müvafiq qaydalara uyğun təşkili üçün tələb olunan texniki təfərrüatlar müzakirə edilib.

Məlumatımıza görə, hazırda yeni sistemin təkmilləşdirilməsi istiqamətində işlər davam edir.

Bu barədə yaxın zamanda saytımızda ətraflı məlumat yayımlayacağıq. 

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.