“Bəzi kişilər kimi Facebook-da hər dəqiqə şəkil paylaşmıram”

26-05-2015 / 15:51

“Kişi üçün bütün günü Facebook-da vaxt keçirmək qeyri-ciddilikdir”.

Xeberler.az-ın  “İnformasiya texnologiyaları tanınmışların həyatında” layihəsinin növbəti qonağı məşhur teleaparıcı Emin Musəvidir.

-Emin bəy, İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?

-İnternetlə 90-cı illərin sonlarında tanış oldum. O vaxtlar ANS.ÇM radiosunda işləyirdim və İnternet işimizdə tətbiq olunurdu. Bu, mənim üçün çox böyük və təəccüblü hadisə idi. Başa düşdüm ki, dünyada baş verən hadisələr artıq bir neçə dəqiqədən sonra dərhal İnternetdə öz əksini tapır. Artıq İnternetin qloballığı mənə qəribə gəlirdi. Düşünün ki, İngiltərədə hadisə baş verir və bir anda bunun videosunu, şəklini, yazısını Bakıda görə bilirik.

-Mətbuatı və İnternet medianı izləyirsinizmi? Yeniliklər barədə ən çox haralardan məlumat əldə edirsiniz?

-Əlbəttə ki, medianı izləyirəm. Bunun üçün müxtəlif internet-portallara baxıram, həm xarici, həm Azərbaycan portallarında günlük məlumatlarla maraqlanıram. Facebook-dan bir sıra portalların xəbərlərini izləyirəm, maraqlı hesab etdiklərimi oxuyuram. Amma təəssüflə qeyd etmək istəyirəm ki, peşəkar portalların, saytların sayı çox azdır.

-Hansı elektron poçt ünvanından istifadə edirsiniz? Mailinizi gündə neçə dəfə yoxlayırsınız?

-Gmail elektron poçtundan istifadə edirəm. Gündə bir neçə dəfə həm telefonla, həm kompüterlə elektron poçtumu yoxlayıram.

-Spamlar alırsınızmı? Onlar sizin işinizə mane yaradırmı?

- Spamlar gəlir və işimə mane olur. Spamlara fikir verməməyə çalışıram.

-İşdən evə gedəndə, evdə də mobil telefondan, planşetdən və ya  kompüterdən istifadə edirsinizmi?

-Evə gedəndə kompüterdən istifadə edirəm, telefonla da gün ərzində çox məşğul oluram.  Amma hesab edirəm ki, bu, çox pis vərdişdir. Çalışıram ki, az baxım, lazım olan qədər yalnız işlə bağlı məşğul olum. Çünki texnoloji vasitələr insanda istər-istəməz asılılıq yaradır. Kompüter, telefon, planşetlərdən daha çox dostlarla əlaqə yaratmaq üçün istifadə edilir, belə hesab edirəm ki, insanlarla ünsiyyət İnternetdə deyil, real həyatda gerçəkləşsə daha yaxşı olar.

-İnformasiya təhlükəsizliyinizi necə qoruyursunuz? Şəxsi hesabınızı başqasına etibar edirsinizmi? Həmin adamın sizin üçün təhlükəli olmadığını necə müəyyən edirsiniz?

-Təbii ki, şəxsi hesabla bağlı heç kimə etibar etmək olmaz. Ümumilikdə, şəxsi hesabımı heç vaxt heç kimə vermərəm. Amma bəzi istisna hallar da olur. Məsələn, kiminlə isə işlə bağlı ortaq hesabım varsa, kampaniya mənə aiddirsə onu kiməsə etibar etməliyəm və edirəm də.

-Hansı sosial mediadan,  Facebook, Twitter, İnstagram-dan aktiv istifadə edirsinizmi?

-Facebook-dan daha aktiv istifadə edirəm. Çünki əsas xəbərləri də bu sosial şəbəkədən ala bilirəm. Facebook vasitəsilə istədiyim dostlarla, sevdiyim insanlarla münasibət qurmaq, yazışmaq, hal-əhval tutmaq daha rahatdır. Buna baxmayaraq yenə də real ünsiyyətin tərəfdarıyam.

-Facebook-un imkanlarından yetərincə bəhrələnirsinizmi? Qruplarda varsınızmı?

-Kifayət qədər bu imkanlardan istifadə edirəm. İşlə bağlı müəyyən elanların, Azərbaycan və xarici ölkələrlə əlaqədar kommersiya reklam xarakterli məsələlərin həllində bu sosial şəbəkədən istifadə etmişəm və bəhrələnmişəm də.

-Tez-tez şəkil paylaşırsınızmı? Xoşlamadığınız informasiya( şəkil, mətn) lövhənizdə qarşınıza çıxarkən reaksiyanız necə olur?

-Təbii ki, şəkil paylaşıram, amma hər dəqiqə yox. Facebook-un bəzi istifadəçilərini görəndə onların Facebook-da işlədiyini düşünürəm. Çünki o qədər profil şəkili dəyişib, o qədər məlumat yerləşdirirlər ki, düşünürəm ki, normal insan buna vaxt çatdıra bilməz. Hesab edirəm ki, fəaliyyəti  sosial şəbəkələrlə bağlı olmayan kişi üçün bütün günü Facebook-da vaxt keçirmək qeyri-ciddilikdir.

-Bəs sizcə, İnternetin zərərli tərəfləri varmı, varsa hansılardır?

-Əlbəttə ki, İnternetin zərərli tərəfi var. İnternet, xüsusən də müxtəlif sosial şəbəkələr, oyunlar, hətta əyləncəli məlumatlar, musiqi və s. insanlar arasında canlı ünsiyyətə mane olur. Bütün bunlar bəzən psixoloji asılılıq yaradır.

-Uşaqlarınızın İnternetdən , mobil telefon və ya kompüterdən istifadəsinə nəzarət edirsinizmi? Onlara bununla bağlı məhdudiyyətlər tətbiq edirsinizmi?

-Xoşbəxtlikdən uşağım İnternetə girmir, çünki hələ iki aylıqdır(gülür). Xoşbəxt adamdır ki, dünyadan xəbəri yoxdur. Amma gələcəkdə təbii ki, İnternetdən istifadə ilə bağlı müəyyən məhdudiyyətlər olacaq. Hesab edirəm ki, ən azından uşaqlarımızın təhlükəsizliyinə görə bu vacibdir.

-Bəzən valideynlər uşaqların küçəyə çıxıb oynamaq istəmədiyindən, yoldaşları ilə real münasibət qurmağa meylli olmamasından, yalnız kompüterə -oyunlara meyl etməsindən şikayət edirlər. Sizcə  bu, təhlükəlidirmi?

-Ümumiyyətlə, hər şeyin öz yeri olmalıdır, İnternetin İnternet yeri, həyətin həyət yeri. Əgər uşaq həyətə çıxıb oynamırsa, yalnız İnternetlə məşğul olursa, təbii ki, bu, normal hal deyil. Həyatda daha yaxşı, vacib şeylər var, hansı ki onlarsız biz yaşaya bilmərik. Hər şey normal səviyyədə olmalıdır. Məsələn, su. Sağlamlıq üçün gün ərzində minimum 1-2 litr su içmək lazımdır. Əgər gündə bir yox, beş litr su içsən artıq bu sənin xeyir yox, əksinə ziyan olacaq. Ona görə də harmoniya olmalıdır. Hər şeyin həm müsbət, həm də mənfi təsirləri vardır.

-Neçə telefon nömrəsi işlədirsiniz?

-İki nömrə işlədirəm. Nömrələrdən biri xarici nömrədir.

 -Mobil İnternetdən istifadə edirsinizmi? Necə  və haralarda  istifadə edirsiniz? Keyfiyyət və qiymət sizi qane edirmi?

-Ümumilikdə mobil operatorların fəaliyyətindən tam razı deyiləm. Çünki qiymətlər çox bahadır. Xaricdə istifadə etdiyim nömrəyə ayda 11-12 avro (15 manat) ödəyirəm. Bunun müqabilində bir ay ərzində bütün istiqamətlərdə ölkədə olan bütün operatorlarla, şəhər nömrələri ilə pulsuz danışıram. İnternet də bu xidmətlərə daxildir. Azərbaycan nömrəsi ilə bu məbləğlə bu qədər səmərəli istifadə edə bilmirəm. Buna görə də hesab edirəm ki, mobil operatorlar bizi aldadır.

-Xaricdə səfərdə olarkən Rominq xidmətindən istifadə edirsiniz, yoxsa olduğunuz ölkənin mobil operatorunun xidmətindən istifadə edirsiniz?

-Rominq xidmətindən razı olmadığım üçün əcnəbi ölkələrin mobil operatorunun xidmətindən istifadə edirəm.  Çünki bizim mobil operatorlar elə qiymətlər qoyur ki, bu xidmətlərdən xaricdə bəhrələnmək qeyri-mümkündür. Bəzən gün ərzində çox yox, sadəcə iki dəqiqə adi tempdə danışmağına rəğmən xeyli pul ödəməli olursan. Rominq xidmətindən elə istifadə etməsən yaxşıdır.

-Əcnəbi ölkələrdə Skype-dan istifadə edirsinizmi? Whatsapp köməyinizə gəlirmi?

-Whatsapp və Skype ünsiyyət üçün çox rahatdır. Son vaxtlar daha çox Whatsapp-a daxil oluram. Həm zəng, məktublaşma, səsli mesaj funksiyalarının olması Whatsapp-a marağımı artırır.

-Texnoloji avadanlıqlar alarkən əsasən hansı xüsusiyyətlərə önəm verirsiniz? Texnologiyalar işinizi asanlaşdırırmı?

-Təzə telefon mənə ilk növbədə danışmaq üçün lazımdır. Üstəlik o telefon elektron məktublaşma üçün rahat olmalıdır. İstər Bakıda, istərsə də xaricdə müxtəlif çəkilişlər edərkən, kampaniyalar, digər biznes işlərinin təşkili üçün e-poçt çox önəmlidir. Bundan əlavə Whatsapp-dan daha çox istifadə edirəm.  Whatsapp-ı  danışmaq, informasiya yollamaq üçün ən asan vasitə hesab edirəm. Facebook-dan gün ərzində xəbərləri izləmək və dostlarla ünsiyyət saxlamaq üçün istifadə edirəm.  Bəzən ölkədaxili, yaxud xarici səfərlər zamanı özümlə kompüter aparmağa ehtiyac qalmır. Çünki iPhone-la məlumatlar göndərmək və qəbul etmək daha asandır. Telefonuma bütün tətbiqləri yükləmişəm və səmərəli şəkildə istifadə edirəm. Bütün işlərimi İphone-la görə bilirəm.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.