"Deputatlar və jurnalistlər təcili köhnə tip yazı makinası əldə etsinlər"

10-01-2014 / 11:43
2014-cü il yanvarın 1-dən Milli Məclisə müasir mobil telefonlarla giriş qadağan olunub. Həm deputatlar, həm jurnalistlər və həm də  digər  qonaqlar üçün. Eyni zamanda digər dövlət qurumlarında da bu qaydanın tətbiq ediləcəyi gözlənilir.
Güman ki burada söhbət İnternet imkanları, foto çəkiliş və diktofon imkanları olan telefonlardan gedir.
Bu Qaydaların tətbiqinin  təhlükəsizliklə bağlı olduğu bildirilib.

Fikrimcə kifayət qədər anlaşılmaz və hətta deyərdim ki təhlükəli bir addımdır.
Nə üçün ?

İlk öncə düşündürücüdür ki görəsən hansı təhlükəsizlikdən söhbət gedir ? Mobil telefonlarla təhlükəsiz danışıq və ya təhlükəsiz informasiya mübadiləsi yoxsa binanın daxilində foto-video çəkilişlə bağlı təhlükə ?

Əgər söhbət ABŞ MKİ-nın keçmiş əməkdaşı Snouden məsələsindən sonra  MKİ-nın ən müxtəlif markalı  İOS, Android və Blakberry əməliyyat sistemlərinə uzaqdan müdaxilə edərək dinləmə həyata keçirəcəyindən ehtiyatlanılırsa onda bunun da qarşısının alınmasının telefon yığılmasına dəxli yoxdur .

Əgər  dövlət məmurlarının və ya deputatların informasiya təhlükəsizliyini qorumaq istəyirlərsə onda bunun yolları tamam başqadır axı. Əminəm ki, aidiyyatı qurumlar bilməmiş də deyillər. Bunun üçün ya xidməti mobil telefonlar sifariş etməlidirlər  ya da  özəl  informasiya mübadiləsi – məktublaşma proqramları, özəl əməliyyat sistemləri hazırlamalıdırlar, təhlükəsiz danışıq kanalları və təhlükəsiz məktublaşma kanallarının yaradılmalıdır və s.

Fikrimcə aidiyyatı qurumlar öz məhdud imkanlarını Prezident Fərmanında göstərildiyi kimi  dövlət orqanında adi daxili elektron məktublaşma sisteminin, idarələrarası elektron məktublaşma  sisteminin qaydaya salınmasına  yönəltsələr daha doğru olardı. Deputatlara hansı mail sistemindən harada (xaricdə və ya daxildə) olarkən istifadə edilməsi və necə istifadə olunması ilə bağlı XDMX saytında göstərilənlərin izahı daha düzgün addım olardı.

Əgər hələ indiyədək ölkədə dövlət məmurları və dövlət qurumları arasında təhlükəsiz informasiya mübadiləsi sistemi qurulmayıbsa və  təhlükəsizliyin qarşısını “kəndçi qaydasında” telefonu əldən almaqla edilirsə,  bunun, məncə izahı yoxdur.

Bəs hansı təhlükəsizlikdir bu ?
Əgər binanın daxilində hansısa foto və ya video çəkilişdən söhbət gedirsə fikrimcə bu da kifayət qədər normaldır. Axı MM hərbi – kəşfiyyat filan obyekt deyil ki belə məsələlər qadağan olunsun. Əksinə mən düşünürəm ki MM rəhbərliyi həm deputatlara , həm də jurnalistlərə hər cür şərait yaratmalıdırlar ki MM –in fəaliyyəti şəffaf olsun, informasiyalı olsun, əlçatan olsun.

Milli Məclis rəsmiləri deyirlər ki dünyada belə praktika var. Bildiyim qədər yoxdur belə praktika heç yerdə. Yalnız bir neçə ölkənin və yalnız hərbi obyektlərində bu tip qadağalara rast gəlmək olar.
 
Bu addımın təhlükəli tərəfi hansıdır.
Fikrimcə deputatlar həmişə məlumatlı və əlçatan olmalıdırlar. Deputatın istənilən an informasiya vasitələrinə, sosial mediaya çıxışı olmalıdır ki, bilsin ki ətrafda nə baş verir.
Mobil  telefonun olmaması deputatın iclasdan və parlamentdən kənara çıxmasına da şərait yaradardı.
Ümumiyyətlə fikrimcə indiki zamanda deputatın hər an mobil telefonun – dolayısı ilə İnternetin, Facebook-un , Twitterin yanında olması həm də onun ictimai nəzarət altında olması deməkdir ki bu da deputatın statusu baxımından çox faydalıdır.


Fikrimcə, əgər Milli Məclis və ya XDMX əgər açıqlasaydı ki, deputatlar və məmurlar  informasiya mübadiləsi və ya məktublaşma üçün, İnternet üçün hansı təhlükəsiz  proqram təminatlarından, hansı daha etibarlı smartfondan istifadə etsin, bu, bəlkə də daha ağlabatan olardı.

Xatırlayıram ki xeyli müddət öncə xarici ölkə parlamentlərinin birisində noutbuk gətirməyi qadağan etmişdilər. Səbəb isə bizdəkilərin dediyi kimi “təhlükəsizliklə” bağlı deyil, sadəcə noutbukla yazarkən klavişlərin ətrafa  səs-küy salması və noutbukun  ventilyatorunun səsi ilə bağlı olub.
Bu qadağaya etiraz edən deputatlar isə ertəsi gün parlamentə keçmişdən qalan yazı makinası ilə gəlmişdilər.
Bəlkə deyirəm bizim Milli Məclis rəhbərliyi də deputatlara və jurnalistlərə, parlamentə gələnlərə köhnə  yazı makinası ilə gəlməyi tövsiyə etsin hə?!
Fikrimcə MM-in bu qərarı ölkənin indiki inkişaf mərhələsində, ölkədə İKT və eləcədə digər sahələrdə görülən işlərlə uzlaşmayan, baş ucalığı gətirməyən bir qərardır .

Osman Gündüz
10.01.2014

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.