“Dövlətin internet mediaya yardım ayırmasına yaxşı baxıram”

04-06-2014 / 10:21


Osman Gündüz hesab edir ki, bu addım dövlətdən asılılığa səbəb olmayacaq
Media sahəsində internet medianın xüsusi payı var. Bu istiqamət dayanmadan inkişaf etsə də, müəyyən çatışmayan cəhətlərinə görə son günlər yenidən müzakirə obyekti olub. Bir neçə gün öncə baş tutan konfransda bu sahənin mütəxəssisləri iştirak edərək fikir mübadiləsi aparıblar və öz təkliflərini səsləndiriblər. İnternet medianın hazırkı durumu, yeni təkliflər və perspektivlər haqda suallarımızı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz cavablandırır.

- Osman bəy, internet medianın ölkəmizdəki durumunu necə qiymətləndirərdiniz?
- Azərbaycanda ən çox inkişaf edən sahələrdən biri məhz internet mediası və sosial mediadır. Yəni, ölkədə bu sahə olduqca dinamik şəkildə inkişaf edir. Burada söhbət həm medianın inkişafından, həm biznes və marketinqdən, həm də buraya cəmiyyətin müxtəlif sahələrinin inteqrasiyasından gedir. Hazırda sıravi vətəndaşlar, özəl şirkətlər, fərdi qurumlar, hüquqi şəxslər, hətta müxtəlif dövlət orqanları internet və sosial mediaya inteqrasiya edirlər. Yəni, seçdiyi istiqamətə uyğun olaraq kimisi bu sahə üzərindən xidmət göstərir, kimisi isə informasiya əldə edir.

- Sizcə, qlobal informasiya mühitinin hansı müsbət və mənfi tərəfləri var? - Deyərdim ki, bu sahənin kifayət qədər müsbət tərəfləri var. İnsanlar buradan rahat şəkildə informasiya.əldə edə və ötürə bilirlərsə, bunun nəyi pis ola bilər? Faktiki olaraq, internet və sosial media informasiya mənbəyi rolunu oynayır. Qeyd edim ki, burada təkcə informasiya ilə deyil, digər sahələrlə bağlı şirkətlər də öz işlərini, bizneslərini qururlar. Gördüyünüz kimi, bu sahənin hədsiz dərəcədə faydalı tərəfləri var. Amma təbii olaraq, bütün sahələrdə olduğu kimi burada da mənfi məqamlar müşahidə edilir. Hər kəs internetdən yaxşı məqsədlər üçün istifadə etmir. Burada qadağan olunan informasiyaların yayıldığı da məlumdur. Xüsusən, yeniyetmələr və uşaqlar üçün zərərli materiallar yayıldığını görmüşük. Bəzən kimlərsə internetdən, sosial mediadan məkrli məqsədləri üçün istifadə edərək ekstremizm və terrorizmi yayırlar. Bu sahənin neqativ tərəfləri yalnız belə hallarla bitmir. 

Qanunvericilikdə nəzərdə tutulmayan məlumatları yayma, kimisə şantaj etmə və s. də təəssüf doğuran hallardır. Bütün dünyada olduğu kimi, ölkəmizdə də belə hərəkətlərə yol verilir. Xarici ölkələrdə də, bizdə də bunun qarşısının alınması üçün müxtəlif addımlar atılır.

- Bəs bu sahənin inkişaf etdirilməsi üçün daha hansı işlər görülməlidir?
- Hesab edirəm ki, indiki dövrdə Azərbaycanda biznes sahəsi yaratmaq üçün elə bir problem olmur. İqtisadçılar investisiya tapa bilir, inkişaf üçün zəruri resursları əldə edirlər. Bilirsiniz ki, bu yaxınlarda «Yeni media, yeni çağırışlar» adlı konfrans keçirdik. Orada bu məsələlər ətrafında diskussiya apardıq. Düşünürük ki, Azərbaycanda internet medianın inkişafına dövlət tərəfindən müəyyən diqqət göstərilməsi faydalı olardı. Əlbəttə, maliyyə məsələləri önəmlidir, amma burada söhbət təkcə bundan getmir. Biz həm də təhlükəsizliklə bağlı köməyi, texniki xərcləri, domen xərclərini və s. nəzərdə tuturuq. Məncə, internet media resursları ictimai rəyin formalaşmasında yaxından iştirak edir. Ələlxüsus, müharibə şəraitində olan ölkənin informasiyasının beynəlxalq aləmə yayılmasında onların rolu əvəzsizdir. Ona görə düşünürük ki, bu sahəyə dövlətin diqqət ayırması yaxşı olardı. 

- Qeyd etdiyiniz kimi, tədbirdə müxtəlif fikirlər səsləndirildi. Onlardan biri də bu idi ki, dövlət internet mediaya maliyyə yardımı ayırmalıdır. Bu təşəbbüsə necə baxırsınız? 
- Çox yaxşı baxıram. Reallıqdır ki, insanların böyük əksəriyyəti, xüsusən cavanlar informasiyanı internet və sosial mediadan əldə edirlər. Ölkəmizdə belə qurumların dayanıqlı olmasına, hər zaman fəaliyyət göstərə bilmələrinə çalışmaq lazımdır. Şərait yaradılmalıdır ki, onlar zəruri, ictimai yüklü informasiyaları ilk mənbədən əldə etsinlər. Belə deyim, tutaq ki, hansısa ənənəvi media qurumu Milli Məclisdə və ya digər qurumlarda akkreditasiyadan keçə bilir, internet media isə yox. Buradan belə çıxır ki, internet media əlinə nə çatsa, onu yazmalıdır. Əlbəttə, bu, düzgün deyil. Gərək belə qurumlar da akkreditasiyadan keçirilsin. Bu sahədə ənənəvi mediada olduğu kimi, könüllü qeydiyyat aparma prinsipini də reallaşdırmaq olar. Tanınma parametrləri müəyyən ediləndən, yəni, internet medianın ünvanı, komandası, redaksiya heyəti bəlli olandan sonra ona rahatlıqla dövlət tərəfindən dəstək verilə bilər. Ələlxüsus, onun auditoriyası kifayət qədər genişdirsə. Düşünürəm ki, dövlət hesabına internet media sahəsində çalışanlara informasiya təhlükəsizliyi ilə bağlı təlimlər keçilə, metodiki dəstək göstərilə bilər. Qeyd edim ki, mənim rəhbərlik etdiyim qurum tərəfindən zaman-zaman bu kimi işlər görülür. Müsabiqələr, təlimlər təşkil olunur, informasiya cəmiyyətindən yazan jurnalistlər hazırlanır. Amma biz bunu dar çərçivədə edə bilirik və fərqləndirmə yolu ilə 20-30 nəfəri seçirik. Amma böyük proqramlar reallaşarsa, bunu regionlarda da həyata keçirmək olar.

- Dövlətin maliyyə yardımı ayırması medianın dövlətdən asılı vəziyyətə düşməsinə səbəb ola bilərmi?
- Düşünmürəm. Məlumdur ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu müəyyən qurumlara maliyyə dəstəyi ayırır. Onlar da öz fəaliyyətlərini istədikləri yöndə qururlar. İnanmıram ki, bizim sahəyə ayrılacaq vəsaitin qarşılığında hansısa asılılıq olacaq. Məncə, əksinə, belə durum dövlətin özü üçün yaxşıdır. Yəni, insanların informasiya əldə etmək imkanları daha da genişlənəcək. Əgər maliyyə yardımı edilərsə, ölkəmizdə təhlükəsiz, bir çox cəhətdən təmin olunmuş və heç kimdən asılı olmayan informasiya resursları fəaliyyət göstərər. 

- Maliyyə yardım ilə bağlı edilən təklif qəbul olunarsa, sizcə, hansı prinsiplər, əsas tutulmalıdır?
- Birincisi, dəstəyin kimlərə və hansı kriteriyalara uyğun fəaliyyət quran internet media qurumlarına veriləcəyi müəyyənləşdirilməlidir. Hələ ki burada hazır bir resept yoxdur. Gərək ekspertlərin iştirakı ilə bu mövzunu müzakirə edək. Ortada müəyyən fikirlər var. Birinci variant odur ki, könüllü qeydiyyat prinsipi təşkil edilsin. Kim dövlət yardımından bəhrələnmək istəyirsə, ənənəvi mediada olduğu kimi, könüllü qeydiyyata düşərək adını, ünvanını elan etsin, əlaqə vasitələri qoysun. Redaksiya heyətinin tərkibi də əsas prinsiplərdəndir. Bunlar bəli olduqdan sonra isə populyarlıq məsələsinə keçmək olar. Yəni auditoriyanın, gündəlik izləyicinin nə qədər olduğu, qurumun tutduğu istiqamət və s. nəzərə alınaraq qərar qəbul etmək asan olacaq.

Kaspi.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə