Oktyabrın 22-dən 27-dək İsveçrənin Cenevrə şəhərində Palexpo Beynəlxalq sərgi mərkəzində İKT üzrə növbəti İTU Telecom World 2011 sərgi-forumu keçirilib. Azərbaycandan da bu sərgidə Rabitə və İT Nazirliyinin rəhbərliyi ilə İKT sahəsində fəaliyyət göstərən şirkətlərdən və müxtəlif qurumların nümayəndələrindən ibarət heyət iştirak edib. Sərginin iştirakçısı, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sərgi ilə bağlı təəssüratlarını bizimlə bölüşdü:
Osman müəllim bildiyimiz qədər Azərbaycanda uzun müddətdir ki, bu sərgilərdə iştirak edir. Bu ilki sərgidə ölkəmiz hansı səviyyədə təmsil olunurdu?
-Qeyd etdiyiniz kimi bu il də xeyli sayda şirkətlərin və İKT sahəsində fəaliyyət göstərən şəxslərin təmsil olunduğu nümayəndə heyəti də RİTN –nin təşkilatçılığı ilə sərgidə iştirak edib. Azərbaycanın hazırlığı və iştirakı yaxşı səviyyədə idi. İKT-nin müxtəlif sahələrində fəaliyyət göstərən 20-dək şirkət sərgidə təmsil olunurdu. Azərbaycanın yaxşı təşkil olunan milli pavilyonu vardı. Hətta bütövlükdə İTU Telecom World 2011-in təşkili ilə bağlı ölkəmiz bir sıra istiqamətlər üzrə sponsor olaraq da iştirak edirdi. Ümumiyyətlə RİTN-nin sərgi ilə əlaqəli əməkdaşlarının professionallığı, oradakı səfirliyimizin tədbirə, həmçinin bizə diqqəti yetərincə idi və bu bizim işimizə xeyli kömək edirdi.
Sərgidə diqqətinizi əsas hansı məqamlar cəlb etdi? Sərgi nə ilə yadda qaldı ?
Bu cəhətdən deyə bilmərəm ki, hər şey çox əla idi. Sərgi mənə bir qədər sönük təsir bağışladı. Əvvəla qeyd edim ki, bu tədbir 2 hissədən ibarət idi. Ölkələrin və şirkətlərin təqdim etdikləri eksponatlardan ibarət olan sərgi və bu tədbir çərçivəsində təşkil olunan Forumlar və Konfranslar. Elə də canlı olmayan, bəlkə də bir qədər cansıxıcı təsir bağışlayan sərgi hissəsi - eksponatlar hissəsi idi . Dünyanın ciddi aparıcı şirkətləri yalnız aşağı ranqlı nümayəndələr ilə təmsil olunurdu, sanki protokol xatirinə iştirakçılıq hiss olunurdu bəzi şirkətlərdə. Bu dəfəki sərgidə daha çox iştirakçı ölkələr Afrikadan olması diqqəti cəlb edirdi. Məncə sərginin təşkili formatı və sərgi xidmətlərinin əlçatımlığı da sərginin sönüklüyünə təsir edən amillərdən idi. Fikrimcə bu tip sərgilərdə artıq formatlar dəyişməlidir. Çünkü müasir dövrdə informasiyalı bir mühit köhnə tip sərgi formatlarını maraqlı etmir artıq.
Tədbirin 2-ci hissəsi mənim üçün daha maraqlı idi. “İnternetin gələcəyi ”, “Sosial şəbəkələr və özəl həyat”, “Ağıllı şəhər” mövzularında aparılan peşəkar müzakirələr xeli maraqlı və əhəmiyyətli idi.
Amma təəssüf ki, BTİ-nin ənənəvi konsevatorluğu bu tip tədbirlərin də məncə əhəmiyyətini azaldır
Siz nəyi nəzərdə tutursunuz?
Bilirsiniz, tədbir çərçivəsində təşkil olunan Forum və ya Konfransların bir qismi tam qapalı və ya qismən qapalıdır. Əgər deyək ki, siz qabaqcadan hansısa xüsusi imtiyazla sərgidə iştirakla bağlı qeydiyyatdan keçməmişinizsə siz bu müzakirədə iştirak edə bilməyəcəksiniz. Bu cür imtiyazlı qeydiyyatdan keçmək isə nə az, nə çox 1500-3000 manat civarındadır. Ümumiyyətlə fikrimcə bu sərginin canlılığının qarşısını alan səbəblərdən birisi də məhz sərgi xidmətlərinin kifayət qədər bahalı olması idi. Yeri gəlmişkən deyim ki, elə Cenevrə şəhəri də hədsiz bahalıq olan şəhərdir. Güman ki, məhz bu səbəbdən artıq qərara alındı ki, hər il Cenevrədə keçirilən sərgi növbəti illərdən etibarən digər ölkələrdə də keçirilsin.
Növbəti il İTU Telecom World 2012 Dubayda təşkil olunacaq.
Yeri gəlmişkən qeyd edim ki, gələn il, həmçinin, BMT çərçivəsində yaradılan və əsasən BMTİ-nin nəzarəti altında olan İnternet Governance Forumun (İnternetin İdarəedilməsi üzrə Forum) növbəti toplantısının da ölkəmizdə keçirilməsi gözlənilir. Məlumat üçün bildirirəm ki, bu qurum 2005-ci ildə Tunisdə keçirilən Global İnformasiya Sammitində BMT tərəfindən İnternetə nəzarətin İCANN-in əlindən alınması istiqamətindəki təşəbbüslərinin uğursuzluğa düşməsindən sonra yaradılıb.
İTU Telecom World 2011 beynəlxalq sərgisi güman ki Azərbaycanla bağlı informasiyaların yayılması üçün də əhəmiyyət kəsb edir. Sizcə bu tip tədbirlərin ölkəmiz üçün əhəmiyyəti böyükdürmü?
Əlbəttə, bu heç müzakirə mövzusu ola bilməz ki, biz bu tip tədbirlərdən imtina edək. Yeri gəlmişkən MDB –dən yalnız Rusiya, Belarus və bir də biz idik. Sadəcə fikrimcə burda söhbət məhz bu tədbirin mahiyyətinə uyğun olaraq effektiv və səmərəli formaların tapılmasından getməlidir.
Məsələn , fikrimcə gələcəkdə ümumiyyətlə bir dəfəlik kağız formatda – buklet formatda olan informasiya vəsaitlərindən əl çəkmək və elektron formada, hətta adi flaş kart və ya cd/dvd formatda olan materiallara, üzərində veb resursun ünvanı qeyd olunan adi suvenirlərə və s. bu kimi materiallara üstünlük vermək daha effektiv və faydalı olardı.
Həmçinin qeyd edim ki, tədbirin ilk günü BMTİ –nin Genişzolaqlı İnkişaf üzrə komissiyası üzvlərinin və hökumət nümayəndələrinin iştirakı ilə keçirilən qapalı sessiyasında nazir Əli Abbasov əsas məruzə ilə çıxış edib. Bu toplantıda üzv ölkələrdə genişzolaqlı İnternetin inkişafı ilə bağlı əhəmiyyətli məqamlara toxunulub. Eyni zamanda tədbir çərçivəsində nazirin ayrıca geniş mətbuat konfransı da keçirildi və burada xeyli gərəkli informasiyalar beynəlxalq ictimaiyyət üçün açıqlandı.
Osman müəllim, Siz bir qədər öncə indiki sərgi formatlarının dəyişməsi zəruriliyindən danışdınız. Konkret nəyi nəzərdə tutursuz?
Məncə dəqiq müəyyən edilməlidir ki, sərgi hansı səviyyədə olacaq. Yəni biznes üçün, hökumət üçün yoxsa necə deyərlər “xalq” üçün. Əgər biznes üçün yəni B2B formatdırsa demək burda işgüzar əlaqələrin yaradılması, yüksək səviyyəli biznes nümayəndələrinin iştirakı ilə görüşlərin, təqdimatların təşkili üçün şərait və imkanlar yaradılmalıdır.
Əgər sərgi hansısa ciddi lokal və ya qlobal ideyaların və layihələrin gerçəkləşməsinə xidmət edirsə demək bu tədbirdə hökmən hökumət və dövlət rəhbərləri, BMT-nin, İTU -nin yüksək səviyyəli rəsmiləri hər bir stendə, milli Pavilyona baş çəkməlidirlər ki, qeyd etdiyim Layihələr diqqəti cəlb etsin, siyasi-iqtisadi dəstək ala bilsin. Bu amili mən orda müşahidə etmədim. Məsələn, bizim ölkəmizi təmsil edən bir layihə bu cəhətdən çox maraqlı və əhəmiyyətli idi - gözdən əlillər üçün informasiya əldə etməyə hesablanan bir qurğunun kütləvi istehsalı ilə bağlı layihə.
Yox əgər sərgi “xalqa” ünvanlanıbsa gərək onda sərgi ilə bağlı xidmət haqlarında ciddi liberallaşma aparılsın, ziyarətçilərlə effektiv əlaqə mexanizmləri hazırlansın.
Düşünürəm ki, Azərbaycan artıq həm də BMT-nin yüksək qurumlarında rəsmi təmsil olunmaqla, bu kimi tədbirlərdə sponsor kimi iştirak etməklə də tədbirlərin daha da faydalı olması istiqamətində səylər göstərə bilər.
Bu ay ölkəmizdə İKT üzrə növbəti BakuTel sərgisi keçiriləcək. Siz bu sərgidən nə gözləyirsiniz ?
Əlbəttə , qeyd etmək lazımdır ki, BakuTel sərgisi ölkədə İKT –nin inkişafı sahəsində müsbət rol oynayan tədbirlərdən olub. Bu ilki sərgidə ümid edirik ki, hansısa yenilikləri - elektron xidmətlərlə, mobil texnologiyalarla bağlı yenilikləri müşahidə edəcəyik.
Amma qeyd edim ki , artıq son dövrlərdə hiss olunmağa başlayıb ki, bu sərgi də durğunluq keçirir. BakuTel də müasirləşməli, köhnə formatlar cəlbedici deyil və bəlli deyil ki, nəyə hesablanıb. Fikrimcə, Bakuteldə açıq tipli Forum və Konfranslara, peşəkar müzakirələrə, şirkətlərin açıq və geniş təqdimatlarına yer verilməlidir. İnternet layihələrə də yer ayrılmalıdır. Başqa formatlar da mümkündür . AİF olaraq biz BakuTel ilə bu istiqamətdə daha yaxından əməkdaşlığa hazırıq. Eyni zamanda, fikrimcə bu sərginin hər il keçirilməsinə də lüzum yoxdur. Ele etmək lazımdır ki , keçirilən hər sərgi , maraqlı tərəfləri cəlb edən, yadda qalan, inkişafa stimul verən bir hadisəyə çevrilsin.
Ellada/Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri