Avrasiya İnformasiya Supermagistralından nə gözləmək olar?

19-06-2009 / 16:19

Son dövrlərdə RİTN tərəfindən Avrasiya İnformasiya Supermagistralının yaradılması ilə  bağlı təşəbbüs qaldırılıb. Məqsəd Avropa  və Asiya  arasında informasiya  münasibətlərinin daha keyfiyyətli formada  təşkilindən, yeni informasiya texnologiyalarından istifadə etməklə informasiya  xidmətlərinə əlçatımlığın təmin edilməsindən ibarətdir. Bu məsələlərə aydınlıq gətirmək üçün Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə müraciət etdik

-Osman müəllim , ümumiyyətlə informasiya magistralı dedikdə nə nəzərdə tutulur? Nə kimi üstünlükləri  var bu informasiya  kanalının? Kimlər  bundan yararlanacaq?

-İnformasiya magistralı ideyası, keyfiyyətli informasiya xidmətlərinin ani müddətdə əldə edilməsinə imkan verən bu tip layihələr hələ xeyli müddət əvvəl, 1992-ci ildə ABŞ da, sonralar da Avropada  tətbiq edilməyə  başlayıb. Burada əsas prinsip informasiya münasibətlərində iştirak edən tərəflərin yeni bir formada qarşılıqlı münasibətlərinin qurulmasından, sonda isə innovasiya texnologiyalarının inkişafına təkan verməkdən  ibarətdir. Xüsusən də interaktiv xidmətlərin əldə edilməsi imkanlarından söhbət  gedir. Yəni, real anda sifarişə görə video və ya TV proqramın əldə edilməsi, evdə oturaraq virtual-elektron mağazalar şəbəkəsindən bir anda alış-veriş, yüksək sürətli online xidmətlərin əldə edilməsi və s.

-Osman müəllim , onda belə bir sual vermək istərdim. Siz sadaladığınız  informasiya  xidmətlərinə  bizdə nə dərəcədə tələbat  var. Doğurdanmı bizdə potensial alıcılar  var ki  bu tip  xidmətlərə üçün xərcə çəkməyə hazırdırlar  Həmçinin də  özəl sektor tələb olunan  bu tip  xidmətləri təqdim etməyə, bu  bazarda rəqabətə tab gətirməyə hazırdırmı?

-Maraqlı sualdır. Elə mən də  ilk dəfə RİTN dən bu ideya ilə  bağlı açıqlamalar eşitdikdə  xeyli təəccübləndim. Axı hamı bilir ki, bizdə artıq əgər  belə  demək mümkünsə 2  super magistral var. TAE və DeltaTelekom-un infrastrukturunu  nəzərdə tuturam. Ən qəribəsi ondan ibarətdir ki, məhz o zaman TAE  layihəsinə hökumət tərəfindən 30 milyon vəsait ayrılanda indi Nazirlik rəsmilərinin bu Supermagistralla bağlı elan etdikləri məqsədə çatmaq nəzərdə tutulurdu. Onda sual olunur ki, görəsən məqsədə nə üçü nail olunmayıb. Nə üçün bu qədər vəsait sərf olunub, amma effektivlik yoxdur. Bəlkə bunun təkmilləşdirilməsi üzərində düşünmək daha düzgün olardı. Və yaxud da DeltaTelekom son illərdə  nəhəng bir  beynəlxalq informasiya şəbəkəsi qurub. Hətta Supermagistrallar üçün əsas amil olan Data Mərkəz formalaşdırıb və bildiyim qədər artıq qonşu ölkələr bu qurum vasitəsilə İnternet alır və informasiya resurslarını da  burda yerləşdirirlər. Amma zaman-zaman bu qurumun da rəhbərliyinin açıqlamalarını eşidirik ki, onlar mövcud potensiallarının yalnız cüzi bir hissəsindən istifadə edirlər. Onda belə bir maraqlı məqam ortaya çıxır ki, görəsən RİTN -nə üçün bu potensialın inkişaf etdirilməsinə deyil, yeni bir infrastruktur yaradılmasına çalışır. Əlbəttə mən bilirəm ki TAE ilə  bağlı müəyyən problemlər var . Ancaq  fikrimcə hər bir halda ölkənin mövcud potensialından istifadə edilməsi, daxili problemlərin aradan qaldırılması daha doğru addım olardı.

-Siz  daxili potensial dedikdə  konkret nəyi  nəzərdə tutursunuz?

-Supermagistraldan istifadə edilməsi həm də lokal şəbəkələrin, lokal infrastrukturun vəziyyətindən də asılıdır axı. Yəni Supermagistraldan istifadə edən adi istifadəçi olacaq axı. Təsəvvür elə ki sən gözəl bir yol ilə-deyək ki Avtobanla super bir maşın – mersedes gətirdin. Axı sənin öz yolun – daxili yolların normal deyilsə sən ondan necə istifadə  edəcəksən. Əgər ölkədə 90% internet istifadəçisinin hələlik yalnız  Dial-up qaydasında internetə daxil olmaq imkanı varsa, cəmi 4-5% insanın kompüteri varsa,  hər 100 nəfərdən cəmi 15 nəfərə bir telefon aparatı düşürsə, 90% istifadəçi pirat proqram məhsullarından istifadə edirsə mənə elə gəlir ki, yeni bir Supermagistral informasiya kanalı qeyri-ciddi səslənir.

-Belə olan halda deməli bu Supermagistraldan TAE layihəsində olduğu kimi səmərəli və effektiv istifadə  edilməyəcək?

-İstənilən bir informasiya kanalı, informasiyanın hansı formada – hansı texnologiya ilə ötürülməsindən asılı olmayaraq, yalnız o zaman  real və əhəmiyyətli ola bilər ki, bu kanal-magistral vasitəsilə ötürülən informasiya  son istifadəçi üçün  maraqlı olsun və bunun üçün o xərc çəkməyə hazır olsun. İnkişaf etmiş ölkələrdə geniş həcmdə informasiyalara, real – ani müddətdə əldə edilməsi gərəkli olan informasiyalara, real anda oynanılan kompüter və kazino oyunlarına, kompüter oyunların  satışının təşkilinə, online  ticarətə böyük tələbat yaranıb. Odur ki, bu ölkələrdə  bu tip layihələrə xeyli investisiyalar yatırılır, özü də dövlət deyil, əsasən özəl sektor tərəfindən.

-Osman müəllim , bəlkə bu cür layihələrin icrası ölkəmizin strateji maraqlarına uyğundur. Ola bilməzmi ki, RİTN bununla xarici investisiyaları ölkəmizə cəlb etmək istəyir?

-Əlbəttə xarici investisiyaların ölkəyə gətirilməsi çox gözəl olardı. Hər  halda hələlik görünən tərəf ondan ibarətdir ki, RİTN  yenə də büdcə vəsaitlərindən istifadə edilməsinə ümid edir. Ümumiyyətlə son dövrlərdə RİTM tərəfindən atılan addımlar xeyli anlaşılmaz olub desəm yəqin yanılmaram. Mən nəzərdə tuturam milli peyklə  bağlı bu qurum tərəfindən səslənən qeyri  ciddi bəyanatları. Bir qədər öncə xarici mətbuatda  regionda, necə deyərlər, daha bir  Supermagistral yaradılmasını qarşıya məqsəd qoyan bir Layihə haqqında məlumat verildi.  Rusiyanın hansısa qurumu ilə RİTM-nin tabeliyində olan qurumların  birgə müəssisə yaradılması haqqında olan bu məlumatın  yalnız Rusiya tərəfindən yayılması ölkədə xeyli insanları təəccübləndirib. Özəlləşdirməyə çıxarılan qurumların iştirakı ilə tələm-tələsik belə bir müəssisənin yaradılması görəsən vacib idimi . Görəsən ölkənin strateji maraqlarına, ən azı yenicə formalaşmaqda olan özəl sektorun maraqlarına uyğundurmu bu saziş? Təəssüf ki, son illərdə RİTN  tərəfindən heç bir ictimai müzakirələr aparılmadığından, ictimaiyyətə normal informasiya verilmədiyindən  RİTN-nin bu ideyasının da  arxasında konkret nə dayandığını  demək hələlik mümkün deyil.

-Deməli,siz  bu Supermagistral ideyasına ciddi yanaşmırsınız? Bəs ölkədə  informasiyalı bir  mühitin formalaşması üçün siz nə təklif edirsiniz?

-Fikrimcə ilk öncə ölkə daxili infrastrukturun normallaşdırılması , ölkə daxilində normal keyfiyyətli informasiya münasibətlərinin qurulmasına şərait yaradılması, yeni texnologiyaların tətbiqinə imkan  verilməsi, , informasiya- milli kontent istahsalına başlanılması, xüsusən də indiki halda mövcud potensialın gücləndirilməsinə diqqət yetirilməsi daha düzgün addım olardı. Məsələ qaldırılmalıdır ki, nə üçün Delta Telekom tərəfindən uzun müddətdən bəri  gözlənilən Wi-Max əsasında Internet xidməti verilmir, nə üçün TAE-nin Azərbaycan ərazisindən  Cənubi Asiya və Qara dəniz istiqamətinə uzantısı reallaşmır? Nə üçün bəzi özəl telekommunikasiya operatorlarının interaktiv xidmətlərinə maneçiliklər  törədilir? Axı ölkənin informasiya mühitini kökündən dəyişəcək bu cür addımları reallaşdırmaq  daha asandır.  Axı 10 ildir Avropada tətbiq olunan və az qala artıq köhnələn 3G texnologiyasını bizim mobil operatorlar RİTN- nin səhlənkarlığı ucbatından hələ də əldə edə bilməyiblərsə, hansı Supermagistraldan söhbət gedir,  anlaşılmazdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə