“XDMX, MTN və RİTN kimi rəsmi qurumlar baş verənlərlə bağlı açıqlama verməlidirlər

17-01-2012 / 13:24
"Azərbaycana qarşı kibermüharibə müharibə elan edilib”. Bu sözləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz ANS PRESS-ə ötən gün bir sıra dövlət qurumlarının rəsmi saytlarına edilən haker hücumunu şərh edərkən bildirib.

“Söhbət 40-a yaxın dövlət qurumunun rəsmi saytına olan hücumdan gedir. Biz AİF olaraq bu faktı Azərbaycana qarşı elan olunmuş kibermüharibə kimi qəbul edirik. İlk növbədə Xüsusi Dövlət Mühafizə Xidməti İdarəsi (XDMX), Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) məsələ ilə bağlı araşdırma apararaq açıqlama verməlidirlər. Bu qurumlar ilk növbədə “bu hadisə nə üçün baş verib?” sualına cavab tapmalıdırlar. Bundan başqa “hücuma məruz qalan dövlət orqanlarının saytlarının serverləri daxildə, yoxsa xaricdə yerləşir?”, “Bu serverin üzərində yerləşən, hücuma məruz qalan saytları peşəkarlar, yoxsa həvəskarlar hazırlayıb?” kimi suallar da cavabını gözləyir”, - deyə Osman Gündüz vuğurlayıb.

AİF-nin prezidenti dövlət qurumlarının öz səlahiyyətlərindən istifadə edərək rəsmi qurumların saytlarının dayanıqlığını yoxlamaq üçün audit aparmalı olduqlarını da bildirib. “Bir məsələni də nəzərə almaq lazımdır ki, əgər adi gündə bu cür hadisə baş verirsə, müharibə zamanı onlar bizim virtual məkanı tam çökdürə bilərlər. Belə bir təhlükə bizi gözləyə bilər”, - deyə Osman Gündüz bildirib.

AİF prezidenti hesab edir ki, ötən gün baş verən hadisədən sonra narahatlıq üçün ciddi əsas var: "Mən əslində gözləyirdim ki, gecə saat 00:00-da olsa, dövlət müşavirəsi keçirilərək məsələ aydınlaşdırılacaq. Milli təhlükəsizliyin tərkib hissəsi olan informasiya təhlükəsizliyi təhlükə altında qalıb, ancaq heç bir müşavirə və bəyanat yoxdur. Mən hesab edirəm ki, adını çəkdiyim qurumlar araşdırma apararaq cəmiyyətə nə baş verdiyi haqqında açıqlama verməlidir”.

Osman Gündüz haker hücumlarının haradan qaynaqlandığının müəyyənləşdirilməsinin mümkünlüyünü də qeyd edib. “XDMX, MTN və RİTN kimi rəsmi qurumların həmin saytların yerləşdiyi serverdə monitorinq aparmaq səlahiyyəti var. Düşünürəm ki, bu hücumların hansı İP ünvanlardan edildiyini müəyyənləşdirmək nəzəri və praktiki cəhətdən mümkündür”, - deyə Osman Gündüz bildirib.

Xatırladaq ki, ötən gün hakim Yeni Azərbaycan Partiyası (yap.org.az), Azərbaycan Konstitusiya Məhkəməsi (www.constcourt.gov.az) və Rabitə və İnformasiya Nazirliyinin Məlumat-İnformasiya Mərkəzinin (rabita.az) rəsmi saytları dağıdılmışdı. Bundan sonra müvafiq olaraq Təhsil Nazirliyinin edu.gov.az, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının cssn.gov.az, habelə Abşeron Rayon İcra Hakimiyyətinin absheron.gov.az, Dövlət Gömrük Komitəsi və Təhsil Nazirliyinin strukturlarından olan texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının saytları saytları da haker hücumuna məruz qalmışdı. (www.anspress.com)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə