“Facebook-da müsahibə vermək çox asandır”

07-07-2015 / 17:31

Xeberler.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı tanınmış müğənni Nura Suridir.

-Nura xanım, İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz?

-İnternetdən ilk dəfə nə vaxt istifadə etdiyim dəqiq yadımda deyil. Üstündən uzun müddət keçib. 

-Elektron poçt ünvanından istifadə edirsinizmi? Mailinizi gündə neçə dəfə yoxlayırsınız?

-Mail.ru-dan istifadə edirəm. Məktublar birbaşa telefona gəldiyi üçün tez-tez yoxlayıram.

-Spamlar alırsınızmı? Onlar sizin işinizə mane yaradırmı? 

-Spamlar alıram, işimə mane yaradır, amma o qədər də əhəmiyyət vermirəm.

-İşdən evə gedəndə, evdə də mobil telefondan, planşetdən və ya kompüterdən istifadə edirsinizmi?

-Kompüterdən təxminən 3-4 ildir ki, çox az istifadə edirəm. Yalnız planşet və telefon işlədirəm.

-Nura xanım, informasiya təhlükəsizliyinizi necə qoruyursunuz? Şəxsi hesabınızı başqasına etibar edirsinizmi? Həmin adamın sizin üçün təhlükəli olmadığını necə müəyyən edirsiniz?

-Şəxsi hesabımı əvvəllər başqasına etibar edirdim. Amma 4-5 il olar ki, şəxsi hesabımdan yalnız özüm istifadə edirəm. Əlbəttə ki, başqasına şəxsi hesabı etibar etmək təhlükəli ola bilər, hətta bir dəfə başıma da gəlib. O hadisədən sonra heç kimə etibar etmirəm. 

-Hansı sosial mediadan, Facebook, Twitter, İnstagram-dan aktiv istifadə edirsiniz?

-Facebook və İnstagram-dan daha çox istifadə edirəm. Twitter-də varam, amma o qədər də aktiv istifadəçisi sayılmıram. 

-Facebook-un imkanlarından yetərincə bəhrələnirsinizmi? Qruplarda varsınızmı? 

-Facebook-un imkanlarında yetərincə bəhrələnirəm və qruplarda da varam. Ən çox sosial problemlərdən yazıram. Amma jurnalistlərin köməyi ilə bu problemlər öz həlli yolunu daha tez tapır. Onlara da təşəkkürümü bildirirəm. Media nümayəndələri statuslarımı işıqlandırır və ictimai qınaq da öz işini tez görür. Nəticə çıxardıb, problemləri həll edirlər. Misal üçün: marketlərin birində həm keyfiyyət, həm də qiymət baxımından ciddi problemlər yaranmışdı.  Status yazdım, jurnalistlər isə işıqlandırdılar. Həmin şirkətin menecerləri mənimlə əlaqə saxladılar və tezliklə bütün problemi həll edəcəklərinə söz verdilər. Qaz və işıq problemləri də eyni qayda ilə öz həllini tapır. 

-Tez-tez şəkil paylaşırsınızmı? Xoşlamadığınız informasiya ( şəkil, mətn) lövhənizdə qarşınıza çıxarkən reaksiyanız?

-Bəzi vaxtlar olur ki, tez-tez şəkil paylaşıram. Bəzən də günlərlə heç nə paylaşmıram. Xoşlamadığım şəkil və mətnlər görəndə “unfollow” edirəm. Ən sevmədiyim isə şəkillərdə və mətnlərdə yersiz tag etmələrdir. Bu halda bəzilərini dostluqdan çıxardıram və ya blok edirəm, yəni qara siyahıya atıram. 

-Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi?

-Xeyr, etmirəm.

-Uşaqlarınızın İnternetdən, mobil telefon və ya kompüterdən istifadəsinə nəzarət edirsinizmi? Onlara bununla bağlı məhdudiyyətlər tətbiq edirsinizmi?

-Uşaqlarımın telefon, planşet və kompüteri var, nəzarətə isə ehtiyac yoxdur. Çünki onlar adıçəkilən texnologiyalara çox vaxt sərf etmirlər. Bəlkə də onların kompüter arxasında az vaxt keçirmələrinə səbəb elə mənim məhdudiyyət qoymamağımdır. 

-Övladlarınızın İnternetdən istifadəsinə müdaxilə edirsinizmi? 

-Yalnız playstation-da oyunlara məhdudiyyət qoyuram.

-Mobil İnternetdən istifadə edirsinizmi? Necə və haralarda istifadə edirsiniz? Keyfiyyət və qiymət sizi qane edirmi? 

-Mobil İnternetdən hər zaman istifadə edirem. Keyfiyyət və qiymət isə tam qane etmir. 

-Xaricdə səfərdə olarkən Rouminq xidmətindən istifadə edirsiniz, yoxsa olduğunuz ölkənin mobil operatorunun xidmətindən istifadə edirsiniz? 

- Rouminq xidmətindən istifadə etmirəm, olduğum ölkənin mobil operatorunun xidmətindən istifadəyə üstünlük verirəm.

-Neçə nömrə işlədirsiniz? 

-Xarici ölkələrə gedəndə aldığım nömrələri də saysaq çox nömrə işlədirəm. 

-Bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün öz naharınızı dayandıra və ya görüşünüzü yarımçıq saxlaya bilərdinizmi? 

-Bu, gələn zəngin vacibliyindən və əhəmiyyətindən asılıdır.

-Gənc oğlan-qız qarşı-qarşıya əyləşiblər və öz mobil telefonunda nəyləsə məşğuldur. Buna münasibətiniz necə olardı? 

Heç bir münasibətim ola bilməz. Deməli, onlara belə rahatdır. 

 -Şou-biznes nümayəndəsi kimi mobil telefonla müsahibələr verirsinizmi?

-Bəzi jurnalistlər telefonda məndən müsahibə alır və sonra o müsahibəni oxuyanda dəhşətə gəlirəm. Elə bir formada müsahibə yazırlar ki, oxuyanda düşünürsən ki, bu müsahibəni alan da, verən də savadsızdır. 

-Whatsapp-da müsahibə verməyə münasibətiniz?

-Müsahibənin ən asan yolu sualları Facebook-a göndərməkdir. Mən də cavablarını yazıb göndərirəm. 

-Şəxsi həyatını sosial şəbəkələrdə paylaşanlara münasibətiniz?

-Xoşbəxtliyini paylaşan adamlara normal, problemlərini yazanlara anormal baxıram. 

-Soruşmaq istədiyiniz hansısa sualı yaxınlığınızda olan birisinə və ya iş yoldaşınıza şəxsən verərdiniz ya email-mesajla yazardınız?

-Həmin adam yanımdadırsa üz-üzə danışmaq daha yaxşıdır. Əgər yanımda deyilsə zəng edib soruşuram. 

-Texnologiyalardan asılılığı 10 ballıq şkala ilə qiymətləndirsək, özünüzü harada görürsünüz? 

-Özümü 5-ci yerdə görürəm.

-Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?

-Düşünürəm ki, hər iki hal baş verə bilər. İdarə olunan insanları idarə edəcək, onları idarə edənlərin isə həyatını asanlaşdıracaq. 

 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.