Microsoft Imagine Cup- 2017 müsabiqəsi başladı

21-11-2016 / 17:03

Azərbaycan Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Microsoft Azərbaycan şirkəti və Nar mobil rabitə operatoru Microsoft Imagine Cup – 2017  innovasiya müsabiqəsinin milli seçim turuna start verib.

Xeberler.az-ın məlumatına görə, bu barədə məlumat bu gün Bakıda keçirilən “Tələbə Günü” tədbirində elan olunub.

“Tələbə Günü” ali və peşə təhsil müəssisələrində təhsil alan tələbələr üçün mövcud imkanlara həsr olunub. Tədbir zamanı iştirakçı tələbələrə yaradılmış imkanlar və“Microsoft Imagine Cup – 2017 müsabiqəsinin şərtləri haqqında ətraflı məlumat verilib.

Microsoft Imagine Cup – dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir. Azərbaycanda sözügedən müsabiqə artıq üçüncü dəfə təşkil olunur.

Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya üzrə iştirak edə bilər: “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar”. Müsabiqədə iştirak etmək üçün Microsoft platforması üzərində innovativ proqram layihəsi, Microsoft texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən Microsoft Windows platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır.

Microsoft Imagine Cup – 2017  müsabiqəsi Azərbaycan Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Microsoft Azərbaycan şirkəti və Nar  mobil rabitə operatorunun təşkilatçılığı ilə keçirilir. Müsabiqə SABAH Qrupları, Code Academy, İT Step Akademiyası və  Youth Inc. Gənclərin Sahibkarlıq Proqramı tərəfindən dəstəklənir.

Müsabiqədə iştirak etmək istəyənlər cari ilin dekabrın 25-dək qeydiyyatdan keçməlidir. Müsabiqədə 16 yaşına çatmış ali və peşə təhsil müəssisələrinin tələbələri iştirak edə bilər. Hər komanda eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsindən ibarət olmalıdır. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmalıdır.

Gələn ilin yanvarın 1-dən aprelin 15-dək müsabiqəyə hazırlıq işləri aparılacaq, daha sonra isə, aprelin ortalarında, milli turun finalı keçiriləcək ki, nəticədə 3 qalib komanda elan olunacaq. Milli seçim turunun hər bir nominasiyasının qalibi qiymətli hədiyyələrlə təltif olunacaq və ikinci turda – gələn ilin aprel ayının sonunda onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansını əldə edəcək.

Xatırladaq ki, Azərbaycanı təmsil edən komanda ötən Microsoft Imagine Cup – 2015 müsabiqəsində uğur qazanıb. ABŞ-ın Redmond şəhərində keçirilən müsabiqədə NoObs komandamız “İnnovasiyalar” kateqoriyasında II yeri tutub. Bu müsabiqədə ilk dəfə iştirak edən Azərbaycanın komandasına “bluetooth-tənzimçilər” dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan Windows Phone platformalı smartfonlar üçün proqram təminatı olan Spinal layihəsi uğur gətirib.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.