“Microsoft Imagine Cup”-ın yerli final mərhələsində 24 komanda yarışacaq

29-01-2016 / 10:24

Xəbər verdiyimiz kimi, dünyanın bir sıra ölkələrinin tələbələri arasında hər il keçirilən genişmiqyaslı innovasiya müsabiqəsi - "Microsoft Imagine Cup" elan olunmuşdu.

Müsabiqə ilə bağlı qeydiyyat dekabrın 25-nə qədər davam etdi.

“ Bakıda İT fakültələri olan 11 universitet ilə görüşlər keçirdik. Bu universitetlərdən qəbul edilən layihələrdən 24 komanda  seçilərək müsabiqənin yerli finalına buraxıldı”.

Bu barədə Xeberler.az müsabiqənin gedişatından danışan  Microsoft Azərbaycan şirkətinin Təhsildə Əməkdaşlıq proqramının meneceri Emin Axundov deyib.

Onun sözlərinə görə, müsabiqəyə qatılan komandalar ilə hazırlıq işləri görülür.

Emin Axundov deyib ki, bu il ən çox səhiyyə sektoru ilə bağlı layihələr təqdim edilib:

“Artıq komandalarla görüşürük. Onlarla birgə final mərhələsinə hazırlaşırıq. Bu il  tələbələr daha çox səhiyyə ilə bağlı yeni innovativ avadanılıq yaratmaq istiqamətində layihələr irəli sürüb”.

O bildirib ki, müsabiqənin final mərhələsinin aprelin 15-də  keçiriləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqə çərçivəsində tələbələrdən ibarət komandalar “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar” kateqoriyaları üzrə iştirak edə bilər.

İştirak üçün Microsoft platforması üzərində innovativ proqram layihəsi, Microsoft texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya orijinal oyun hazırlamaq lazımdır.
 
Müsabiqə 16 yaşına çatmış tələbələr üçün təşkil olunur. Hər komandada eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsi təmsil oluna bilər. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmağı bacarmalıdır.
 
Aprelin 15-dək isə müsabiqəyə hazırlıq işləri aparılacaq və apreldə milli turun finalı keçiriləcək.
 
Milli seçim turunun 3 nominasiya üzrə qalibləri ikinci turda -  may ayında onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansı əldə edəcəklər.

 Azərbaycanı təmsil edən komanda ötən "Microsoft Imagine Cup 2015" müsabiqəsində uğur qazanıb. ABŞ-ın Redmond şəhərində keçirilən müsabiqədə Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri - Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovalardan ibarət NoObs komandası İnnovasiyalar kateqoriyasında II yeri tutub. Bu müsabiqədə ilk dəfə iştirak edən Azərbaycan komandasına “bluetooth-tənzimçilər” dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan, Windows Phone platformalı smartfonlar üçün proqram təminatı olan Spinal layihəsi uğur gətirib.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.