“Millət vəkillərinin sosial mediadan istifadəsini vacib hesab edirəm”

30-06-2015 / 14:59

“Bir gün informasiya texnologiyalarından istifadə etməsəniz, geridə qalmış olursunuz”.

Xeberler.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı millət vəkili Azər Badamovdur.

Müsahibəni təqdim edirik:

-Azər müəllim, texnologiyadan ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?

-Kompüter yaranan gündən istifadəçilərindən biriyəm. İnterneti ilk dəfə “Aztelekom” provayderi vasitəsilə əldə etmişdik və bu günə kimi də İnternetdən mütəmadi olaraq istifadə edirəm. İnternetsiz həyatımı təsəvvür edə bilmirəm. İnternet ilk dəfə yarananda insanlarda müəyyən fikirlər formalaşırdı: çoxları təhlükəli hesab edirdi, müəyyən açıqlamaların İnternet vasitəsilə verilməsi qəbuledilməz hal hesab olunurdu. Ancaq İnternet insanların həyatına girdikcə, artıq müəyyənləşdi ki, İnternet günün ən vacib parçasıdır. Qloballaşan dünyada bütün informasiya mübadiləsi İnternet vasitəsilə aparılır, sosial media İnternet üzərindən qurulub, qəzetlər də İnternet vasitəsilə çıxır. Bütün informasiya vasitələri birbaşa İnternetlə bağlıdır. Və nəticədə insanlarda İnternetlə bağlı formalaşmış ilkin təəssüratlar zaman-zaman geridə qaldı.

-Neçə elektron poçt ünvanından istifadə edirsiniz? Mailinizi gündə neçə dəfə yoxlayırsınız?

- İki elektron poçt ünvanım var: millət vəkili olaraq mənə məxsus olan elektron poçt ünvanımla yanaşı şəxsi mail ünvanım da mövcuddur. Elektron poçtum vasitəsilə vətəndaşlardan müraciətlər qəbul edirəm, müəyyən təşkilatlarla informasiya mübadiləsini aparıram.

-İşdən evə gedəndə, evdə də mobil telefondan, planşetdən və ya  kompüterdən istifadə edirsinizmi?

-Sükan arxasında olarkən, təbii ki, bunların heç birindən istifadə etmirəm. Başqalarına da tövsiyə edərdim ki, yolda gedərkən telefondan, planşetdən mümkün qədər istifadə etməsinlər. İnsan həyatının təhlükəsizliyi üçün bu, vacib məsələdir. İnternetin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var. İnternetdən asılı vəziyyətdə düşmək olmaz. İnternetdən müəyyən məlumatlar əldə etmək, müəyyən işlər qurmaq üçün istifadə olunmalıdır.

Səhərdən axşama kimi, yol ilə gedərkən, yemək yediyiniz vaxt İnternetdən asılı vəziyyətdə qalmaq yolverilməzdir.

-Cəmiyyəti İnformasiya texnologiyalarından asılı hesab edirsinizmi?

-Bəli, bu gün cəmiyyət İnformasiya texnologiyalarından (İT) asılı vəziyyətdədir. Bu, yaxşı hal deyil. İT texnologiyalar inkişaf etdikcə uzaqları yaxınlaşdırır, yaxınları uzaqlaşdırır. Bu iki əks amil bir-birilə ayaqlaşır, birgə addımlayır. İnsan İKT-yəyaxınlaşdıqca, ətrafındakı insanları unudur və özünü yalnız virtual aləmdə görür. Amma belə olmamalıdır. İnsan real aləmi də yaddan çıxarmamalıdır. Reallıq həmişə reallıqdır, virtuala önəm verib reallığı heç vaxt geridə qoymaq olmaz.

-Hansı sosial mediadan daha aktiv istifadə edirsiniz?

-Facebook-un aktiv istifadəçilərindən biriyəm. Twitter-də öz şəxsi fikirlərimi bildirirəm. Facebook vasitəsilə vətəndaşların müraciətləri daxil olur və kimliyindən asılı olmayaraq bütün müraicətləri cavablandırıram. Facebook səhifəmi yalnız özüm idarə edirəm. Öz şəxsi fikirlərimi geniş kütləyə çatdırmaqda Facebook-un rolu əvəzolunmazdır. Facebook istifadəçilərinin sayının günü-gündən artdığını nəzərə alsaq, sosial medianın televiziya məkanını sıradan çıxardığını deyə bilərik.

-Ümumiyyətlə, deputatların Facebook vasitəsilə müəyyən mövzulara münasibət bildirməsinə necə baxırsınız?

-Təbii ki, deputat siyasət adamıdır və beynəlxalq aləmdə baş verən bütün proseslərə öz fikirlərini bildirməlidir. Facebook da, Twitter də bu fikirlərin bildirilməsi üçün münasib vasitələrdən biridir. Əgər hər bir millət vəkili, Facebook-dan, Twitter-dən aktiv istifadə edə bilirsə, mən buna yaxşı baxıram. Çünki, müasir dövrlə ayaqlaşmaq lazımdır.

-Facebook-un imkanlarından yetərincə bəhrələnirsinizmi? Hansı kriteriyalara əsasən insanları dostluğunuza qəbul edirsiniz?

-Facebook-da vətəndaşların müraciətlərini qəbul edirəm və öz şəxsi fikirlərimi ictimaiyyətə çatdırıram. Qruplarda yoxam. Dostluq siyahımda jurnalistlər üstünlük təşkil edir. Səhifəm hər bir vətəndaşın üzünə açıqdır, istənilən şəxs səhifəmi açıb yazdıqlarımı oxuya bilər. Jurnalistlərə müsahibə verəndə də Facebook-dan istifadə edirəm.

-Sosial şəbəkələrdə etik davranışları pozanlara münasibətiniz.

-Çox təəssüflər olsun ki, bəzi insanlar sosial şəbəkələrdən düzgün istifadə etmir. Etik normalara, qaydalara əməl etməmək müəyyən ziddiyyətlərin yaranmasına gətirib çıxarır. Facebook-dan düzgün qaydada istifadə etməmək hətta ailələrin dağılmasına gətirib çıxarır. İnsanlar virtual aləmdə başqaları ilə qeyri-ciddi məqsədlərlə tanış olur və bu da cəmiyyətdə sosial şəbəkələr haqqında mənfi rəy  formalaşdırır. Sosial şəbəkələrdən bu cür istifadənin tamamilə əleyhinəyəm, faydalı şəkildə istifadə etmək lazımdır.

-Saytların şərh bölməsində vətəndaşların müxtəlif məsələlərə sərbəst şəkildə rəy bildirməsinə münasibətiniz.

-Cəmiyyətin üstünlüyü ondadır ki, İnternet media üzərində nəzarət yoxdur.Hər bir vətəndaş sərbəst şəkildə öz fikrini yayımlaya bilər. Sosial şəbəkələrdə paylaşılan, eləcə də saytların şərh bölmələrində vətəndaşların sərbəst şəkildə fikirlərini bildirməsinə müsbət baxıram. Xüsusilə də, millət vəkilləri üçün bu vacibdir.  Hər hansı vətəndaş millət vəkilinin verdiyi müsahibəyə rəy bildirirsə, bu normal qəbul olunmalıdır. Amma yenə də bu vəziyyətdən sui-istifadə edənlərin olduğu da bəllidir, saxta profillər mövcuddur. Saxta profillər vasitəsilə müəyyən rəsmilərin, insanların  adından çıxış edirlər və həmin şəxslərin də bundan xəbəri olmur. Ona görə , bu cür hallar gələcəkdə qanunla tənzimlənməlidir. Heç kim qanundan kənarda qaldığını düşünməməlidri. Cəmiyyət təmiz olmalıdır.

-Məktublaşma vasitələrindən, WhatsApp, Skype-dan istifadə edirsinizmi?

-Hər ikisindən istifadə edirəm. Skype vasitəsilə uzaqda yaşayan qohumlarımla canlı bağlantı yaradıram. Şəxsi yazışmalarımı WhatsApp vasitəsilə də həyata keçirirəm.

-Mobil İnternetin qiyməti və keyfiyyəti sizi qane edirmi?

-Azercell istifadəçisiyəm və demək olar ki, hər yerdə mobil İnternetdən istifadə edirəm. İnternetə qoşulmaq bizim inkişafımızın göstəricisidir. Dövlətimizin də məqsədi budur ki, elektron hökumət yaradaq və vətəndaşlarımız hər yerdə genişzolaqlı İnternetdən istifadə edə bilsinlər.

Təsadüfi deyil ki, 2013 –cü il İKT ili elan olundu və bu sahədə bir sıra proqramlar həyata keçirildi. Azərbaycan ilk telekommunikasiya peykini - "Azerspace-1"i orbitə çıxardı və kosmik fəzaya malik oldu. Hazırda bu peykdəm həm İnternet təminatında, informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində əlaqələrin yaradılmasında, televiziya verilişlərinin ötürülməsində istifadə olunur və gəlir əldə olunur. Dünyada inkişaf etmiş ölkə İKT-nin inkişaf səviyyəsinə görə müəyyənləşdirilir.

Düşünürəm ki, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda vətəndaşların genişzolaqlı İnternetlə təmin olunması yüksək səviyyədə inkişaf edib. Bu gün Azərbaycan MDB məkanında genişzolaqlı İnternetin təminatına görə birinci yerdədir.

-Xaricdə səfərdə olarkən Rominq xidmətindən istifadə edirsinizmi?

-Rominq xidmətinin qiyməti  baha olsa da, bəli istifadə edirəm. Harada olmağımızdan asılı olmayaraq millət vəkiliyik və həmişə əlçatan olmalıyıq. Ona görə də Rominq xidməti telefonumda həmişə açıqdır.

-İKT-dən gündəlik həyatınızda necə istifadə edirsiniz? Bu texnologiyalar işinizi asanlaşdırırmı?

-İKT insan həyatında rahatlığın təmin olunmasında mühüm amilə çevrilib. Azərbaycan elektron hökumət quruculuğu, vətəndaşların müraciətlərinin elektron qaydada edilməsi, müəyyən dövlət idarələri , qurumlarla elektron şəkildə əlaqə saxlanılması , məktubların elektron qaydada göndərilməsi və s. bütün bunlar insanların həyatını asanlaşdırmağa xidmət edir. Gündəlik həyatımda elektron poçt ünvanından istifadə edərək məktublar alıram, cavablandırıram , eləcə də informasiya mübadiləsində iştirak edirəm.  Bu da işimi xeyli asanlaşdırır. İKT olmadan həyatımı təsəvvür edə bilmirəm. Dünyada baş verən bütün dəyişikliklərdən məlumatlı olmaq üçün İKT xüsusən də siyasətçilər  üçün böyük rola malikdir.  İnformasiya texnologiyalarından bir gün istifadə etməsəniz, geridə qalmış olursunuz.

 

Mirvari Nəcəf

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə