“Səhəri İnternetlə açıb, gecə gözümüzü İnternetlə yumuruq”

15-04-2015 / 12:22

“Payızdan etibarən sosial mediada yenidən görünəcəyəm”

Xəbərlər-in “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı xanım millət vəkili Elmira Axundovadır.

-Elmira xanım, İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?

-İnternet yadımda deyil, amma 1996-cı ildə kompüter aldım və o vaxtdan bu günə qədər kompüterdən istifadə edirəm. 20-yə yaxın kitabım var. Məqalələr, romanlar, dedektivlərimi yazanda kompüterin mənə böyük köməyi oldu. İnformasiya texnologiyaları inkişaf etməsəydi, köhnə qaydada, aparatlarla, əl ilə yazsaydıq, bu qədər kitabı yaza bilməzdim.

- Yaradıcılıq fəaliyyətinizin təşkilində əvvəlki illərlə müqayisədə İnternet nə dərəcədə  köməyinizə çatır ?    

Yadımdadır, Sovet dövründə biz nə qədər əziyyətlər çəkirdik. O vaxtlar Rusiyada işləyirdim və materialımı “Literaturnaya Qazeta” ya, stenoqrafçıya  şifahi şəkildə diqtə edirdim. Bu, çox çətin idi. 5-6 səhifəlik məqaləni hazırlamaq üçün saatlarla telefon dəstəyindən asılı qalırdıq.  Telefon əlaqəsi də zəif idi o vaxtlar. Sonradan Fax yaransa da, yenə də çətinliklər var idi. Elektron qovşaqlar yox idi və telefon xətləri zəif idi. İndi isə heç bir problem yoxdur və işləmək çox asandır. O ki, qaldı İnternetə, çox köməkliyi olur işimizdə. Eləcə də jurnalistikada. Mən jurnalistikadan getməmişəm, böyük qəzetlərdə, “Kaspi”, “525”-ci qəzetlərdə yazılarım çıxır. Hər həftə demək olar ki, qəzetlərdə yazılar ilə çıxış edirəm və əlbəttə ki, İnternetə müraciət edirəm. Hansı ad necə yazılır, hansı tarixi hadisə nə vaxt baş verib və s. suallarımın cavabını İnternetdən tapıram. İnternetə yüz faiz inanmasam da, İnternetdə hər bir informasiyanı əldə edə bilərəm. Məndə xeyli sayda ensiklopediyalar da var. Əvvəllər ensikolopediyalara müraciət edirdimsə, indi çox vaxt ensiklopediyalara baxmağa tənbəllik edirəm. Çünki artıq bir saniyəyə İnternetə girib mənə lazım olan məlumatı əldə edə bilirəm.

-İnternetə yüz faiz inanmadığınızı qeyd etdiniz. Bu inamsızlıq nə ilə bağlıdır?

- Bu barədə Milli Məclisdəki çıxışımda da bildirdim, İnternetin də ziyanverici tərəfləri də var. Beynəlxalq səviyyəli müxtəlif saytlar  peyda olub: həmin saytlar pornonu təbliğ edir, məişət zorakılığı, aqressivliyi, insanlara aşılayır. Rusiyaya, İngiltərəyə məxsus olan belə saytlar sərbəst şəkildə fəaliyyət göstərirlər. Bu cür saytların cavanlarımıza verdiyi zərər göz önündədir. Düşünürəm ki, Türkiyədə olduğu kimi bizdə də bu cür saytlara giriş qadağan edilməli, qara siyahıya salınmalıdır.  Hamı deyir ki, İnternet azad məkandır, onu məhdudlaşdırmaq olmaz. Bəs axı bu da təhlükəlidir. Bizim cavan nəslimizi korlamaq olarmı? Mənəviyyatımızı korlayan bu cür saytlara biz yox deməliyik və Respublika ərazisində qadağalar qoymalıyıq. O ki qaldı İnternetə,  o həm müsbət, həm də mənfi cəhətləri ilə həyatımıza daxil olub və gündən-günə həyatımızı zəbt edib. Səhəri İnternetlə açıb, gecə gözümüzü İnternetlə yumuruq. Düzdür, yaşlı nəsil buna təəsüflənir ki,  cavan nəsil İnternetə görə kitab oxumur. Amma bu, gəncliyin seçimidir və hörmətlə yanaşıram. Sevindirici olardı ki, gənclər İnternetə girməklə yanaşı kitab da oxusunlar. İnternet və  kitab olan yerdə cavanlar üçün xoşbəxtlik var.

-Hansı sosial mediadan, Facebook, İnstagram, Twitter-dən aktiv istifadə edirsiniz?

-Əvvələr Facebook-dan istifadə edirdim, amma sonradan şəxsi hesabımı bağladım. Özümə söz vermişəm ki, hesabımı bərpa edəcəyəm. Çünki yüzlərlə adam sosial şəbəkələrdə məni görmək istəyir və bununla bağlı təkliflər gəlir. Şəxsi hesabımı bağlamağıma səbəb isə vaxtımın çox hissəsini ona sərf etməyimdir. Payızdan etibarən sosial şəbəkələrdə yenidən görünəcəyəm. Təəsüf ki, hazırda Facebook-a əlim çatmır. Çox yaxşı haldır ki, deputatlar öz fəaliyyətləri ilə bağlı Facebook-da məlumatlar yayır, paylaşırlar.

Fazil Mustafanı örnək çəkə bilərəm, deputatımız öz maraqlı fikirlərini Facebook-da yazır, paylaşır. Bu, çox yaxşı haldır. Ona görə də özümə söz vermişəm, mən də öz şəxsi hesabımı bərpa edəcəyəm. Fikirlərim, iradlarım olur və onları mütləq Facebook-da yerləşdirməliyəm.  Çünki görürəm ki, qəzetdə fikirlərim çap olunsa da, qəzetin auditoriyası məhduddur. Bu fikirlərim hansısa saytda, sosial mediada  çap olunsa  görün nə qədər insan oxuyacaq?

-Facebook-da hazırda şəxsi hesabınızı bağlamısınız. Bəs sizin adınızdan saxta profil açılması halına rast gəlmisinizmi?

-Facebook-da olmayıb. Amma İnternetdə haqqımda yalnış məlumatlar yayan saytlar olub. Bu cür məsələlə elə də fikir vermirəm. Lazım gələndə şərh verirəm sadəcə.

-Saytlar yazdı ki, siz Milli Məclisdə Bakcell-i məhkəməyə verəcəyənizi bildirmisiniz. Buna nə şərh verərdiniz?

-Bakcell -i məhkəməyə verəcəyəm  ifadəsini Milli Məclisdə işlətmədim. Jurnalistlər özü yazdı. Sadəcə dedim ki, “Reklam haqqında” qanun təsdiqlənsə, artıq mobil operatorlar istədikləri vaxt müştərilərə SMS göndərə bilməyəcəklər. Məsələn, belə mesajlar daxil olur : 66 nəfər 16 min 600 manat udub. Siz də 4 qəpiyə 20 min manat uda bilərsiniz və s.  Məktəblilər, qocalar, cavanlar bu oyunlara aludə olur və gündə 1-2 manat itirirlər. Anlamırlar ki, bütün bunların hamısı yalançılıq, fırıldaqçılıq, dələduzluqdur. Biz dələduzluğa qarşı mübarizə aparırıq. Ona görə Milli Məclisdə  həmin şirkətlərdən xahiş və təkid etdim ki, bütün bunlara son qoyulsun.

-Yazışmalarda, paylaşımlarda etika qaydalarını gözləməyənlərə münasibətiniz necədir?

- Əlbəttə ki, kobud ifadələri, bərbad şərhləri görmək istəməzdim. Amma təəssüf ki, hər insanın mənəviyyatından, səviyyəsindən asılı olan bir şeydir bu.

-Ani məktublaşma vasitələrinin, Skype, Teleqram, Whatsapp, hansından istifadə edirsiniz?

- Whatsapp-dan aktiv istifadə edirəm. Çox vərdiş etmişəm Whatsapp-a, çox gözəl bir şeydir. (gülür)

Həm şəkil göndərmək olur, həm də səsini yazıb təbrik göndərə bilirsən. Eləcə də Skype-dan, Line-dan istifadə edirəm.

-Elmira xanım, informasiya texnologiyaları, mobil telefon, planşet işinizi asanlaşdırırmı?

-Əlbəttə, deyərdim ki, bu texnologiyalar 80 faiz işimi asanlaşdırır. Rayonlara gedəndə İPhone-la bütün işlərimi görürəm. Mobil İnternetdən də həmişə istifadə edirəm, telefonumda məktublaşıram, yazılar olanda telefonumla redaktə edirəm və s.

-Hansı elektron poçt ünvanından istifadə edirsiniz?

-Mail.ru-dan istifadə edirəm. Telefonum da həmişə açıqdır və bütün məktublaşmalarımı demək olar ki, orada aparıram. Demək olar ki, hər saat poçt ünvanımı yoxlayıram. Məktub gələn kimi görürəm və açıb oxuyuram.

-Mobil internetdən aktiv istifadə edirsiniz. Keyfiyyət və qiymət sizi nə dərəcədə qane edir?

-Keyfiyyəti qane edir, qiymətinə gəlincə başqa ölkələrə, Rusiyaya, Türkiyəyə baxanda bizdə qiymət bir az yüksəkdir. Mobil İnternetin qiyməti bir az aşağı olsa pis olmaz. 

-Xaricdə səfərdə olarkən rominq xidmətindən istifadə edirsinizmi?

-Əlbəttə, rominqsiz olarmı heç ? Əvvəlki qiymətə baxanda indi yaxşıdır qiymət. Əvvəl rominq çox baha idi və o xidmətdən çəkinirdik. Bir həftə Fransanın bir  şəhərlərində  oldum və cəmi 50-60 manat bu xidmətə pul xərclədim. Əvvəllər bu rəqəm 200-300 manat idisə, indi qiymət aşağıdır.

-Özünüzü və cəmiyyəti texnologiyadan asılı hesab edirsinizmi?

-Cəmiyyəti texnologiyadan asılı hesab edirəm, amma özümü yox.  İstədiyim vaxt İnterneti bağlaya bilirəm. Düzdür, hərdən hiss edirəm ki, İnternet məni özünə tərəf çəkir. Saata baxıram  və görürəm ki, gecə saat 1-2-dir və mən İnternetdə oturmuşam. Amma çətinliklə də olsa İnternetdən ayrıla bilirəm. Hərdən bizdən asılı olmur, illər keçdikcə, biz bu texnologiyaya daha çox alışırıq.

-Əgər uşaq artıq həyətə çıxıb oynamaq istəmirsə, yalnız  telefon və kompüterlə oynayırsa, bunu necə qiymətləndirirsiniz?

-Bu çox pis haldır və buna ürək ağrısı ilə baxıram.

-Övladınızın kompüter və mobil telefonlarda cizgi film və oyunlara baxmasına icazə verirsinizmi? Onlara texnologiya ilə bağlı hansı məhdudiyyətlər qoyursunuz?

-İki nəvəm var, əllərində oyuncaq əvəzi telefon və planşet var. 6 yaşlı nəvəm bütün günü İnternetdə cizgi filmlərinə baxır. Bunun qarşısını almaq üçün onu şahmat oyunu dərnəyinə , məşqlərə yazdırdıq və İnternetdən asılığı bir qədər azaldı. Ona görə valideynlərə tövsiyə edərdim ki, uşaqlarına məşğuliyyət tapsınlar və yalnız İnternetlə baş-başa qoymasınlar. Şükür allaha, hər yerdə Heydər Əliyev Mərkəzləri yaradılıb və mərkəzlərdə uşaqlar üçün bütün studiyalar təşkil olunub. Şərait var, sadəcə valideynlər uşaqları ilə məşğul olmalıdır. Təəssüflər olsun ki, valideynlər bəzən uşaqları təkbaşına buraxır, bu böyük fəsadlara gətirib çıxarır.

 

Mirvari Nəcəf

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə