“Azərbaycanda olan internet azadlığı dünyanın heç bir yerində yoxdur”

05-06-2015 / 11:40

“Etibarlılıq təmin olunmayana qədər sosial şəbəkədən istifadəyə ciddi yanaşmıram”

Xeberler.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovdur.

-Siyavuş bəy, İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etdiyinizi xatırlayırsınızmı?

-İlk dəfə nə üçün istifadə etdiyim yadıma gəlmir. Bu gün vəziyyət o yerə gəlib çatıb ki, heç kim həyatını İnternetsiz təsəvvür edə bilməz. İnternetlə tanış olduğum ilk gündən mütəmadi istifadəçilərdən biriyəm. Dünyada baş verən bütün prosesləri, hadisələri İnternetdən izləyirəm. İnternet vasitəsilə əlaqə yaradırıq, məktublaşırıq və baş verən siyasi prosesləri izləyirik. Deyərdim ki, 20-ci əsrin ən böyük nailiyyəti İnternetdir.

-Elektron məktublaşmanı necə həyata keçirirsiniz ? Hansı elektron poçt ünvanlarından istifadə edirsiniz?

-Şəxsi elektron poçt ünvanım var və şəxsi yazışmalarda həmin mail-dən istifadə edirəm. Eyni zamanda, Yeni Azərbaycan Partiyasına məxsus olan elektron poçt ünvanından da istifadə edirəm. Rəsmi yazışmaları isə həmin mail üzərindən həyata keçirirəm.

- İşdən evə gedəndə, evdə də mobil telefondan , planşetdən və ya  kompüterdən istifadə edirsinizmi?

-Evə çatan kimi, yenə həmin proses təkrar olunur. Kompüterdən, telefondan həmişə istifadə edirəm. Hərdən elə olur ki, gecə saat 3-ə qədər dünyada baş verən bütün hadisələri, xəbərləri oxuyuram. Sonra isə İnterneti söndürürəm.

-Siyavuş müəllim, informasiya təhlükəsizliyinizi necə qoruyursunuz? 

-İnternet insanların rahatlığı üçün yaradılmış bir sistemdir. İctimai-siyasi həyatda İnternetdən çox yaxşı şəkildə bəhrələnmək olar. Qarşıdan seçkilər gəlir və sosial şəbəkələr vasitəsilə səsvermə zamanı insanlara çağırışlar etmək olar. Amma sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Amerika Birləşmiş Ştatlarından tutmuş, dünyanın hər yerində İnternetdə informasiya təhlükəsizliyi ilə bağlı qanun qəbul olunub. Azərbaycanda olan İnternet azadlığı  dünyanın heç bir yerində yoxdur. İstənilən şəxs istədiyi vaxt profil açıb dini, etnik, antidövlət, çağırışlar edə bilir. Sosial şəbəkələrin mənfi tərəfi budur və bütün bunların qarşısının alınması üçün dövlət tərəfindən addımlar atılmalıdır. İnternetdən sui-istifadə etmək olmaz. 

-Yazışmalarda, paylaşımlarda etik qaydaları gözləməyənlərə münasibətiniz necə olur ?

-İnternetdə müxtəlif şərhlər, təhqirlər yazırlar və bu şərhlər insan hüquqlarının pozulması, şəxsiyyətin alçaldılmasına gətirib çıxarır və şəxsiyyətin toxunulmazlığı haqqında qanunu pozur. Bəzən saxta profil altında kiməsə böhtan, şər atırlar. Başa düşmürlər ki, əgər sən bu yolu tutmusansa, sənə qarşı da bu cür davranacaqlar. Hesab edirəm ki, normal şərh verməklə cəmiyyətdə daha çox hörmət qazana bilərsən, nəinki bu cür yolu tutmaqla. Ola bilsin ki, sənin təhqiredici fikirlərin kimlərinsə xoşuna gəlsin. Amma ictimaiyyət belə davranışı qəbul etmir. İctimaiyyət dəqiq şərhə, dəqiq fikir mübadiləsinə, düzgün fikrə üstünlük verir. Ona görə də bu cür davranışların heç bir perspektivi yoxdur.

-İnternetdən sui-istifadə edənlərə qarşı hansı tədbirlər görülməlidir?

Hesab edirəm ki, bu məsələylə bağlı qanunvericilikdə bir sıra dəyişikliklər olmalıdır. Əksər ölkələrdə bilirsinizmi necədir? İstifadəçi şəxsiyyət vəsiqəsini daxil etdikdən sonra İnternetdə öz adı ilə istənilən debata, fikir mübadiləsinə, yazışmalara qatıla bilər. Bu gün Azərbaycan müharibə vəziyyətində olan ölkədir və ərazimizin 20 faizi işğal altındadır. Sərhəd bölgəsində baş verən hadisələrlə bağlı informasiyaların yayılması, dövlət sirrləri hesab olunan məlumatların sosial şəbəkələrə sızdırılması  insanlarda “panika” yarada bilər. Bir də görürsən ki, saytlardan biri informasiyanı yayır və başqa saytar da həmin sayta istinadən həmin informasiyanı ötürür. İlkin informasiyanı yayan sayt xəbəri sildikdən sonra heç nəyi sübut etmək olmur. Hesab edirəm ki, saytlarla bağlı bu məsələ də qanunvericiliklə tənzimlənməlidir. 

-Sosial mediadan, Facebook, Twitter, İnstagram-dan istifadə edirsinizmi?

-ABŞ –da baş verən hadisələrdən sonra -dövlət departamentinin, ayrı-ayrı səfirlərin görüşləri barədə materiallar, şəxsi yazışmalar ortaya çıxandan sonra sosial şəbəkələrin etibarlılığına inanmıram. Facebook-da yoxam. Bu günə kimi heç vaxt öz şəklimi İnternetə qoymamışam. Ola bilsin ki, mənim adımdan da saxta profil açanlar var. Xeyli sayda insan tanıyıram ki, onların adından da istifadə edərək sosial şəbəkələrdə profillər açırlar. Müğənnilərimiz də bununla bağlı tez-tez mətbuat konfransları keçirirlər. Ona görə də hesab edirəm ki, qanunvericilikdə bu məsələlər ciddi şəkildə öz əksini tapmalıdır.

-Siyavuş müəllim, Facebook-da Azərbaycanlı istifadəçilərin sayına nəzər salsaq, görürük ki, onlar bu sosial şəbəkəyə etibar edə bilirlər.

-Təbiidir ki, Facebook-da Azərbaycan kütləsinin sayı çoxdur. Amma yenə də virtual məkandır və bu baxımdan yenə öz fikrimdə qalıram. Facebook-da elə valideynlər var ki, övladının adından səhifə açır və övladını məşhurlaşdırmaq üçün onun şəkillərindən , adından istifadə edir. Şərhləri oxuyanda artıq bilirsən ki, bu profilin yiyəsi kimdir. Ona görə də Facebook bir tərəfdən də aldadıcı sosial şəbəkədir. Canlı ünsiyyət olmadığı üçün istənilən hallara və insanlara rast gəlmək olur. Bu da Facebook-un mənfi tərəflərindən biridir. Facebook-da etibarlılıq təmin olunmayana qədər mən bu sosial şəbəkədən istifadəyə ciddi yanaşmıram.

-Siyavuş müəllim, Facebook-da yaradılan gizli qruplarda siyasətlə bağlı məsələlərin müzakirəsinə necə baxırsınız?

-Siyasətdə olan adamlar başqalarına göstərmək istəyir ki, mənim yazdığımı görün neçə nəfər bəyənib- “like” edib, neçə nəfər şərh yazıb və s. Bu fikirdəyəm ki, istənilən an süni şəkildə həmin “like”ların, şərhlərin sayını artırıb, azaltmaq mümkündür. Azərbaycanda kifayət qədər bu sahədə mütəxəssislər var ki, bu say göstəricisini həll edə bilir. Bəzi müxalifətçilər “like”ları süni şəkildə artırırlar ki, guya bunları dəstəkləyənlər var. Siyasətdə bir sıra adamlar var ki, onlar öz qəzetlərində və partiyalarında olan bir qrup adamlar tərəfindən müxtəlif adlar altında saxta profil açaraq öz liderlərini tərifləyirlər.

-Bəzi deputatlar sosial şəbəkələrdə keçirdikləri görüşlərlə bağlı seçicilərini məlumatlandırır, gündəmdə olan məsələlərə münasibətlərini bildirirlər. Sosial şəbəkələrdə deputatların bu cür fəaliyyətlərini necə qiymətləndirirsiniz?

-Facebook səhifəm olmasa da gün ərzində 6-7 sayta açıqlama verirəm (gülür). İş fəaliyyətimlə bağlı bütün məlumatlar şəffav şəkildə işıqlandırılır və ictimaiyyət tərəfindən oxunur. Kimsə hansısa məsələyə münasibət bildirmək istəyirsə, bunu canlı ünsiyyət yaradaraq da mətbuata ötürə bilər. Bəzi deputatlar Facebook-da yazdığı şərhi və ya statusu açıq şəkildə yazır ki, hansısa mətbuat orqanı həmin fikirlərdən istifadə etsin. Və yaxud da yazır və qəsdən mətbu orqana ötürür ki, həmin məlumatlardan istifadə olunsun. Düşünürəm ki, bunu canlı şəkildə ünsiyyət qurmaqla da etmək də olar.

-Özünüzü və cəmiyyəti texnologiyadan asılı hesab edirsinizmi?

-Əlbəttə. Mobil telefonsuz insan öz həyatını təsəvvür edə bilməz. Mobil telefon insanların işini çox asanlaşdırır. Texnologiyaların sayəsində dünyanın istənilən ölkəsi ilə qısa müddət ərzində əlaqə qura, məktublaşa bilirik. Texnologiya bugün çox güclü şəkildə inkişaf edib və insan əməyinin yüngülləşməsinə xidmət edir. Əvvəllər bir işi 10 nəfər həyata keçirirdisə, indi həmin 10 nəfəri bir texnologiya əvəz edə bilir. Yaponiyada indi bəzi iş yerlərində heç adam da yoxdur(gülür). Adamları robot əvəz edir. Texnologiyanın sənayedə, iqtisadiyyatda tətbiqi vacib şərtləndəndir. Texnologiya vasitəsilə vaxtilə 300-500 nəfər çalışan böyük bir müəssisəni 3-5 nəfər idarə edə bilir.

-Övladlarınızın informasiya texnologiyalarından istifadəsinə nəzarət edirsinizmi? Bununla bağlı qadağalar tətbiq edirsinizmi?

-Onlar texnologiyadan məndən yaxşı istifadə edirlər(gülür). Müasir cizgi filmləri var və bütün günü həmin filmlərə baxırlar. Telefonlarına nəzarət etmək imkanım yoxdur, həmişə yanlarında olmuram. Ona görə də kifayət qədər telefondan, kompüterdən istifadə edirlər.

-Mobil İnternetin qiyməti və keyfiyyəti sizi qane edirmi?

-Qiymət bir az bahadır.

-Xaricdə səfərlərdə olarkən Rouminq xidmətindən istifadə edirsinizmi?

-Rominq xidməti lap bahadır. İşimlə əlaqədar xarici səfərlərdə tez-tez oluram və Rouminq xidmətindən istifadə etmək məcburiyyətindəyəm. İstifadə edəndən sonra ortaya çox böyük vəsaitlər çıxır və böyük miqdarda ödəniş etməli oluram. Buna görə də, xaricdə olanda Rouminq xidmətindənsə mesajlaşmağa üstünlük verirəm.

-Whatsapp-dan, Skype-dan istifadə edirsinizmi?

-Bəli, Whatsapp-dan istifadə edirəm. Amma bəzən elə məsələlər olur ki, onu yazışmaqla həll etmək olmur. Gərək telefonla danışasan.

-Siyavuş müəllim, bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün  öz naharınızı dayandıra və ya görüşünüzü yarımçıq saxlaya bilərdinizmi?

-Xeyr, görüşümü yarımçıq saxlamıram. Bəzən elə görüşlərim olur ki, telefondan istifadə etmək mümkün olmur. Telefonum ya  köməkçimdə olur, ya da onu söndürürəm.  Hesab edirəm ki, görüş zamanı telefonla mesaj yazmaq etik normalara sığmır.

-İnformasiya texnologiyaları sizin işinizi asanlaşdırırmı?

 -Xeyli asanlaşdırır. Lazım olan materialları İnternetdən əldə edə bilirəm. Kredit kartımın nömrəsini verməklə istənilən kitabı dərhal ala bilirəm. Müxtəlif sahələrdə, turizm, səhiyyə, mədəniyyət və s. informasiya texnologiyalarının inkişafı işimizi xeyli yüngülləşdirib. Məsələn, operaya getmək istəyirəmsə, onlayn şəkildə bilet ala bilirəm. Təyyarə ilə hansısa ölkəyə uçmaq üçün onlayn qaydada qeydiyyatdan keçə bilirəm və s. Texnologiyaların mənim işimi xeyli yüngülləşdirir və  üstünlüyü hədsizdir.

 

Mirvari Nəcəf

Fotolar: Nəcəf Nəcəfli

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə