Nə üçün nazir AzTelekom və BTRİB-i ciddi tənqid edib?

28-01-2015 / 17:41

Bir neçə gün öncə Rabitə və Yüksək İnformasiya Texnologiyalar naziri Əli Abbasov ölkənin iki ən iri telekommunikasiya operatorlarını, Aztelekom və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB)-in fəaliyyətini ciddi tənqid edib.

Xəbərlər-in verdiyi məlumata görə, nazir Aztelekom və BTRİB-in rəhbərliyi tərəfindən özəl şirkətlərə qarşı ögey-doğmalıq münasibətlərinin göstərildiyini, telefon və internet xətlərinin çəkilişi zamanı bir sıra qanunsuzluqlara yol verildiyini vurğulayıb.
 
Məsələ ilə bağlı Xəbərlər.az -a münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz nazirin çıxışında deyilənlərin tamamilə əsaslı olduğunu bildirib.

Onun sözlərinə görə, ölkədə İnternet sahəsində dövlət provayderlərinin hökmran mövqe tutması, bundan əlavə də iri telekommunikasiya operatorlarının “doğma” provayderlər saxlaması və onlara özəl şərait yaratması sonda İnternet bazarında sərbəst və azad rəqabətin inkişafına əngəllər yaradır və özəl şirkətlərin inkişafına maneçilik törədir.

Osman Gündüz qeyd edib ki, bütün bunlar da ölkədə İnternet xidmətinin qiymət və keyfiyyətinə də ciddi təsir göstərir:
 
“Məsələn, tutaq ki özəl bir provayder öz müştərilərinin sayını artırmaq istəyir. Müştəri müraciət edir bu provayderə ki, genişzolaqlı – sürətli internet xidməti alsın. Təbii ki, bütün bunlarla bağlı provayder infrasturktur yaratmalıdır, kabel-kanalizasiyadan istifafdə etməlidir, ATS-lərdə avadanlıqlar yerləşdirməlidir. İnfrastruktur da BTRİB-ə məxsusdur. Odur ki o, dərhal BTRİB-ə müraciət edir. BTRİB isə texniki imkanların olmamasını, məsələn guya ATS-də boş yerin olmadığı, yeraltı kabel-kanalizasiya imkanlarının məhdud olmasını əsas gətirərək rədd cavabı verir. Amma üstündən qısa müddət keçdikdən sonra şahid olmaq olar ki digər bir provayder üçün, məhz nazirin çıxışında qeyd olunan, operatora “doğma” olan bir provayder üçün bu texniki imkan tapılıb və internet xidmətini də bu “doğma” qurum təmin edib. Vəssalam ! Elə bunun nəticəsidir ki, bəzən yeni yaranan bir provayderin müştərilərinin sayının qısa bir müddətdə 10 minlərlə olduğunu da görmək olar. “

Osman Gündüz özəl provayderlər tərəfindən ödənilən tariflərə də toxunub. O qeyd edib ki , özəl provayderlər çoxsaylı qanuni-qanunsuz tariflər ödəməyə də məhkumdur, amma dövlət provayderləri bu xərclərin heç birini ödəmir. “Məsələn, özəl provayder hər müştəriyə görə BTRİB-ə ayda 2 manat, ATS-də istiafadə etdiyi və özünə məxsus olan şkaf adlanan avadanlığa görə hər ayda 250 manat, kabel-kanalizasiyadan istifadəyə görə dəhşətli dərəcədə yüksək aylıq ödəmələr, xidmətin təşkili üçün nəzərdə tutulan hər porta görə BTRİB-ə , AzTelekoma və Delta Telekom-a hədsiz yüksək aylıq ödəmələr etməlidir. Hansı ki bu tariflərin heç birini Tarif Şurası təsdiq etməyib.

Təsəvvür edin ki, dövlətə məxsus olan kabel-kanalizasiya qurğularından istifadə üçün özəl provayderlərə BTRİB tərəfindən elə tariflər tətbiq edilir ki, sadəcə məəttəl qalırsan ki, bunları görəsən kim, nəyin əsasında və nə məqsədlə müəyyən edib. Təəssüf ki Traif Şurası da , RYTN də bu məsələlərə indiyədək göz yumub. Provayderlərin xeyli hissəsi qazancı, əsasən istiafadəçiləri “çəkidə aldatma” hesabına əldə etməyə çalışıblar.

Ümumiyyətlə düşünürəm ki, maliyyə vəsaitlərinin məhdud olduğu, ölkə başçısının da son çıxışlarında ciddi olaraq vurğulanan qənaətcil olmaq və israfçılığa yol verməməklə bağlı göstərişlərini nəzərə alaraq nazirlik İnternetin inkişafını davam etdirmək üçün çox ciddi addımlar atmalıdır. Provayderlərin start vəziyyəti bərabərləşdirilməlidir, dövlət provayderlərinin özəlləşdirilməsinə başlanılmalıdır. İndiki halda situasiya elədir ki, hər bir telekommunikasiya Operatorunun həm infrastrukturu var, həm nəhəng kabel-kanalizasiya sistemi ona məxsusdur və həm də Provayderi var . Əlbəttə belə olan halda Operatorun çörəyi birinci öz qabağına çəkməsi də təbiidir.

Odur ki fikrimcə, nazirlik ciddi ölçü götürməli, dövlət provayderlərində internet qiymətlərinin endirilməsi üçün konkret qərar qəbul edilməlidir, özəl provayderlərin də bu addımları atması üçün yuxarıda sadaladığım tariflərə də yenidən baxılmalıdır.

Osman Gündüz bütün bunlarla bərabər sərbəst-azad rəqabətin gücləndirilməsi ilə bağlı Operatorlar tərəfindən son vaxtlarda müəyyən addımların da atıldığını diqqətə çatdırıb. O, AzTelekom tərəfindən özəl provayderlərin də regionlarda xidmət göstərməsi üçün əlavə stimullaşdırıcı addımların atıldığını, müəyyən güzəştlərin tətbiq edildiyini də vurğulayıb.
 
Osman Gündüz nazirin çıxışından sonra İnternet bazarında hiss olunacaq dərəcədə canlanmanın olduğunu və bu sahədə müzakirələrin getdiyini də qeyd edib.
O, nazirin çıxışından sonra opreatorlar tərfindən ciddi nəticələr çıxarılacağına əmin olduğunu bildirib. Həmçinin operatorların və Delta Telekom şirkətlərinin iştirakı ilə müzakirələrin aparılmasını da vacib hesab edib.

AİF prezidenti nazirin yanında telekommunikasiya operatorlarının iştirakı olmadan provayderlərin toplantısının keçirilməsinin və onların problemlərinin müzakirəsinin xeyli faydalı olacağını bildirib.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.