BTRİB- in müəyyən etdiyi analoqu olmayan tariflər dəyişəcəkmi?

20-11-2015 / 14:26

Məlumat verdiyimiz kimi, Bakı şəhərində fiber optik internet infrastrukturun qurulmasında əsas söz sahibi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) olub.

BTRİB həm dövlətə məxsus olan kabel-kanalizasiya qurğularından istifadə şərtlərini və tarifləri müəyyən edib, həm də   özü bu  xidməti göstərib. Əlbəttə belə olan halda sərbəst və azad rəqabətdən söhbət gedə bilməzdi.  Bu infrastrukturdan istifadə etməklə bağlı zaman-zaman özəl provayderlərin şikayətləri olub.

Belə ki, onlar  BTRİB tərəfindən ayrı-seçkiliklə üzləşdiklərini, BTRİB-in yalnız “doğma provayderlər”ə şərait yaratdığını  bildiriblər. Bizdə də bununla bağlı çoxlu yazılar gedib.

Məlum olduğu kimi, bir müddət öncə məlum olaylarla bağlı BTRİB-in sabiq rəisi Beytulla Hüseynov həbs edilib. Hazırda onun fəaliyyəti ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən bir neçə maddə üzrə cinayət işi açılıb və təhqiqat aparılır.

Bəs görəsən məlum olaylardan  sonra  bu qurumda provayderlərə qarşı münasibət dəyişibmi, yoxsa yenə də burada “doğma  provayder” məsələsi üstünlük təşkil edir? Ümumiyyətlə,  bu hadisələrdən sonra tariflərə yenidən baxıla bilərmi?

Əlaqə saxladığımız özəl provayderlər tezliklə bu sahədə rəqabətli bir mühitin  yaradılacağını gözləyirlər, BTRİB tariflərinə yenidən baxılacağına ümid edirlər.  

Ötən yazılarımızda BTRİB tərəfindən müəyyən olunan, analoqu olmayan tarifləri bir daha  xatırlatmaq  istərdik.
Belə ki, cəmi 100 metrlik fiber optik xəttin, sadəcə  1 aylıq icarə haqqı 120 manat,  BTRİB –n hər hansı ATS-ində cəmi 1 kvadrat  metr yer üçün aylıq icarə  200 AZN-dir. Əlavə olaraq xeyli sayda xidmət tarifləri müəyyən olunub. Mövcud tariflərə görə provayder cəmi 1 kilometr fiber optik xətt çəkmək üçün BTRİB-ə 4 - 5 min manat yalnız birdəfəlik xərc ödəməyə məcburdur.

AvirTel internet provayderinin rəhbəri İsmayıl Şabani Xeberler.az-a bildirib ki, bölgələrdə və Bakıda fiber optik internet çəkilişində və tariflər məsələsində həmişə problemlə üzləşiblər.

Onun sözlərinə görə, bununla bağlı ya Aztelekom, ya BTRİB özəl provayderlərə yetərli imkanlar yaradılmayıb. İsmayıl Şabani bu probelemlərə görə hətta Azərtelekom-u məhkəməyə verməyə hazırlaşıdqlarını da bildirib.

İsmayıl Şabani onu da bildirib ki, BTRİB də bu məsələdə özəl provayderlərə qarşı ögey yanaşır . Hətta özəl provayderlərin texnoloji layihələrinin həyata keçirilməsinə şərait yaratmayaraq bu layihələri özü həyata keçirir. O hesab edir ki, bu sahədəki mövcud vəziyyət tamamilə dəyişməli, RYTN də bu istiqamətdəki mövcud duruma, tariflərə yenidən baxmalıdır.

Hazırda bu tariflərlə yenidən baxılması məsələsini dəqiqləşdirmək üçün  BTRİB-lə əlaqə  saxladıq . 

Qurumdan Xeberler.az-a bildrilib ki, bu məsələlər yalnız BTRİB-dən asılı deyil.  Xətlərin icarə haqqına gəlincə isə BTRİB-dən bildirilib ki, bu məsələdə  Rabitə və Yüksək  Texnologiyalar Nazirliyi tərəfindən müəyyən edilib. Yəni, bu məsələ də  yalnız BTRİB tərəfindən həyata keçirilmir.

Məlumatda qeyd edilib ki, provayderlər fiber optik çəkilişi zamanı  tikinti şirkətlərlə ilə  danışıb, razılaşandan sonra bu istiqamətdə fəaliyyətə başlayırlar.

Tariflərə yenidən baxılması məsələsini Xeberler.az-a şərh edən  AİF prezidenti Osman Gündüz qeyd edib ki , ölkədə BTRB tərəfindən müəyyən  olunan tariflərin, özəl provayderlərə qarşı münasibətin dəyişməsi vacibdir:

“Yalnız bu bu addımlar internet bazarında situasiyanı yaxşılığa doğru  dəyişə bilər. Bakı şəhərində fəaliyyət göstərən təxminən 20 provayderdən yalnız BTRİB-ə yaxın olan  2-3 provayder  normal infrastruktur qura bilib.  Təsəvvür edin ki , BTRİB-ə yaxın elə “doğma  provayder” var ki , 1-2 il ərzində  Bakı şəhəri daxilində 500 kilometr  fiber optik xətt çəkib, amma  başqa birisi nə qədər müraciət etsə də,  1-2 kilometr güclə çəkə  bilib.  Bu məsələnin  səbəblərini araşdırmaq lazımdır”.

“Özəl   provayderlərdən biri Avropa Oyunları zamanı cəmi 1-2 kilometr fiber optik xətt çəkmək üçün dəridən-qabıqdan çıxdı”

Osman Gündüz bildirib ki, BTRİB-ə yaxın olan porvayderlər Bakıda  toplam olaraq təxminən minlərlə kilometr fiber optik xətt çəkiblər.  O  bildirib ki, indiki mövcud tariflərlə bunun təkcə illik icarə xərcləri milyonlarla manat vəsait edir:

“ Marqlıdır ki,  görəsən bu qurumlar bu vəsaitləri ödəyiblərmi ? Bu sahədə situasiya həmişə pis olub.  Təsəvvür edin ki, özəl   provayderlərdən biri Avropa Oyunları zamanı cəmi 1-2 kilometr fiber optik xətt çəkmək üçün dəridən-qabıqdan çıxdı. Amma Beytulla Hüseynov ona imkan vermədi. Hətta Nazirlik də məhz bu məsələdə həmin provayderə  kömək  edə bilmədi. BTRİB sadəcə Nazirliyin sözünə məhəl qoymadı. İndiki halda fikrimcə,  rəqabətli mühitin formalaşması üçün ciddi tədbirlər görmək lazımdır.Təcili olaraq BTRİB tariflərinə yenidən baxmaq lazımdır. Hazırda provayder cəmi 100 metr  fiber optik xətt çəkmək istəsə,  bunun BTRİB-ə məxsus kabel-kanalizasiyadan, yəni  sadəcə torpağın altındakı kanalizasiyadan  keçməsinə görə BTRİB-ə aylıq icarə haqqı olaraq 120  AZN ödəməlidir. Cəmi 1 kilometr fiber optik xətt üçün provayder BTRİB-ə  4-5 min AZN –i  birdəfəlik xərc olaraq   ödəməlidir. Hələ bu xərcin  daxilində internet yoxdur, yəni bu sadəcə 1 kilometr kabel çəkmək üçün zəruri olan toplam xərcdir”.

“Bu tariflərlə əldə olunan vəsaitlərdən BTRİB çoxdan bütün Bakı şəhərini Silikon Vadisi-nə  çevirə bilərdi”.

 Osman Gündüz bildirib ki, aydındır ki,  provayderlər bütün bu  xərcləri qarşılamağa məcburdur. Onun sözlərinə görə,  onlar da bu xərcləri  istifadəçiləri “çəkidə aldatmaqla”, yəni onlara müqavilədəki sürəti deyil, özü istədiyi sürəti verməklə çıxarırlar:

“Uzun müddətdir ki,  “çəkidə aldatma” problemi Azərbaycan internetində davam edir. Ümumiyyətlə,  hazırkı BTRİB tarifləri yalnız  genişzolaqlı internetin inkişafını əngəlləmyə,  BTRİB-in bazardakı hökmran mövqeyini təmin etməyə xidmət edir. Adi hesablama ilə müəyyən  etmək olar ki,  bu tariflərlə əldə olunan vəsaitlərdən BTRİB çoxdan bütün Bakı şəhərini Silikon Vadisinə  çevirə bilərdi. Amma realda tam əksidir.  Belə ki, nəinki mövcud infrastruktur təkmilləşdirilir, əksinə məlum olur ki, BTRİB heç aldığı internetin pulunu ödəmir, nəticədə isə milyonlarla manat borcu yaranır”.

AİF prezidenti deyib ki,  adi qaydada hesablama aparmaqla müəyyən etmək olar ki,  təkcə Bakinternet provayderinin 1 aylıq təmiz gəliri 4 milyon manatdır,  amma məlum olur ki,  BTRİB borcu ödəyə bilmir. Bu  vəziyyətin  sadəcə izahı yoxdur.

“Doğma provayder məsələsinə son qoymaq ,  tariflərə əlçatan etmək üçün ciddi addımlar atmalıdır

Osman Gündüz təklif edib ki, BTRİB, Aztelekom, ULTEL  tərəfindən özəl  porvayderlərə olan münasibətləri dəyişmək üçün RYTN nəzarəti gücləndirməlidir, xüsusilə də “doğma provayder” məsələsinə son qoymaq,  tarifləri əlçatan etmək üçün ciddi addımlar atmalıdır:

“Ümumi şəbəkədən hamının, provayderlərin istifadəsi üçün eyni hüquqlu  şərait yaradılmalıdır. İP telefoniyaya qoyulan qadağalar aradan qaldırılmalıdır. Dövlət qurumu olan operatorların da təsərrüfat fəaliyyətlərinə ciddi nəzarət olmalıdır. Necə ola bilir ki,  uzun müddət dövlət operatoru hansısa bir şirkətlə min kilometrlərlə fiber optik xətti qurur, amma heç kim bu qurumu tanımır. Fikrimcə, bu sahədə şəffaflıq və informasiya açıqlığı məsələlərinə də ciddi diqqət yetirilməlidir. Operatorların statusu məsələsinə, bu statusun dəyişilmsinə dövlət nəzarəti gücləndirilməlidir. Dövlət provayderlərinin bazardakı statusunu müəyyən etmək lazımdır ki, bazarda rəqabətə mane ola bilməsin, özəlləşdirilməsi məsələsi də gündəmə gətirilməlidir. RYTN   ictimai nəzarət imkanlarını daha da genişləndirməlidir ki, nöqsanlardan və çatışmazlıqlardan daha tez xəbər tutsun,  çevik idarəetmə mexanizmləri  müəyyənləşdirsin”.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə