Məlumat verdiyimiz kimi, son günlərdə bəzi internet provayderlər təqdim etdikləri xidmətlərin qiymətlərini qaldırıb.
Provayderlər “endirim paketinin ləğvi” altında qiymətləri qaldırsalar da, bu, istifadəçilər və İT ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.
Ekspertlər qeyd edir ki, ölkəyə interneti gətirən əsas-backbone şirkətləri Delta Telekom və Azərtelekom topdansatış qiymətini qaldırmadığı halda provayderlərin belə addım atması anlaşılan deyil.
Xeberler.az məsələ ilə bağlı, o cümlədən mövcud internet tarifləri ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzlə söhbət edib.
-Osman müəllim, provayderlər qiymətləri nə üçün qaldırır? İndiki qiymət artımı üçün hansısa əsaslar varmı ?
- Son dövrlərdə müşahidələrimiz göstərir ki, provayderlər müxtəlif bəhanələrlə qiymətləri qaldırmağa başlayıb. Əslində qiymətlərin qaldırılması o zaman məntiqli olardı ki, Azərbaycanda internetin topdansatış qiymətində artım olsun. Hansı ki, bizdə internet qiymətləri qonşu ölkələrlə müqayisədə xeyli yüksəkdir.
Amma əsas Milli internet operatoru Delta Telecom rəsmi olaraq da açıqladı ki, qiymət artımı olmayacaq və bildiyim qədəriylə belə bir artım da olmayıb. Bu baxımdan indiki məqamda ikinci səviyyəli provayderlərin qiymətləri qaldırmağı anlaşılan deyil.
Bu məsələni araşdıranda məlum olur ki, bu, əsasəın süni qiymət artımıdır. Amma burada digər məqamlar da var. Belə ki, bəzi provayderlər bəyan edir ki, devalvasiyadan sonra onların da xərclərinin çoxalıb, həm də yeni xərcləri ortaya çıxıb.
- Hansı yeni xərclərdən söhbət gedir ? Ümumiyyətlə, provayderlərin xərcləri necə formalaşır?
- Provayderlərin əsas xərci elə internetin topdansatış qiymətləri ilə bağlıdır. Yəni, 2-ci səvilyyəli provayderlər interneti bəlli bir topdansatış qiyməti ilə alırlar ki, hazırda bu 1 Mb/s üçün təxminən 10- 15 manat ətrafındadır.
Nəzərə alın ki, bu, təmiz trafikdir və bunu provayderlər bir neçə yerə bölərək də sata bilir.
Provayderlər həmçinin dövlətə məxsus kable-kanalizasiya qurğularından, ATS-lərin resurslarından istifadəyə görə də qanuni və bəzən də qanunsuz da ödənişlər edir. Təbii ki, provayderlərin də bəlli bir inzibati xərcləri, əmək haqları, texniki dəstəklə bağlı xərcləri də var.
- Bəs provayderlərin əsas narazılıqları olan xərclər, yeni xərcləri nəylə bağlıdır ?
-Əlbəttə, dəfələrlə qeyd etdiyimiz kimi , bu, infrastrukturdan istifadə xərcləridir. Yəni, interneti son nöqtəyə, müştəriyə çatdırmaq üçün provayderlər mövcud telekommunikasiya infrastrukturundan, ATS-lərdən, kabel-kanalizasiya qurğularından istifadə edir. Hazırda bu məsələdə ciddi problemlər yaranıb. Son dövrlərdə bizim provayderlərlə apardığımız söhbətlər onu deməyə əsas verir ki, bu sahədə problemlər daha da dərinləşib.
Belə ki, 2013-cü ilə qədər provayderlər hər bir müştərisinə görə, ATS-lərə, daha doğrusu Qovşaqlara 5 AZN qoşulma haqqı ödəyirdi. Məsələn, tutaq ki, hansısa bir provayderin bir ayda 1000 müştərisi internetə qoşulursa , buna görə provayder ATS-ə 5000 AZN ödəyirdi. Bu da internetin qiymətinə ciddi təsir edirdi.
Bir neçə il öncə bu məsələ interent ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılandığından müzakirələrə səbəb oldu.
Bunun nəticəsində 2013- cü ildə rabitə nazirinin Aztelekom və BİTRİB-ə rəsmi müraciətlərinə əsasən bu ödənişlər dayandırıldı.
Lakin indi provayderlər qeyd edir ki, Aztelekom və BTRİB onlara təsir etməyə başlayıb ki, nəinki indi qoşulanlar, həmçinin 2013-cü ildən sonra qoşulanların hər birisi üçün də əvvəlki qaydada 5 manat ödənilməlidir. Artıq bəzi provayderlərə xəbərdarlıq edilib ki, bu məbləğ ödənilməsə, onların ATS-lərdə olan qurğuları söndürüləcək.
-Ümumiyyətlə, bu qoşulma nə deməkdir ki, bunun üçün bu qədər haqq alınır ? Bu tarif qanunidirmi ?
- Öncə qeyd edim ki, bu, ödəniş birdəfəlikdir. Amma nəzərə alın ki, əgər siz provayderdən imtina edib , bir müddət sonra yenidən ora qayıtmaq istəsəniz, provayder həmin müştəri üçün ödənişi yenidən etməlidir.
Bu xərc sadəcə provayderin ATS -də olan avadanlığının onun son müştərisi ilə əlaqələndirilməsini nəzərdə tutur.
Yəni, ATS-in ərazisində sadəcə bir texniki əməliyyat həyata keçirilir. Hər hansı bir xərcləri nəzərdə tutmayan texniki bir birləşməni nəzərdə tutur.
Qeyd edim ki, ümumiyyətlə, bu tarif nəinki Tarif Şurasının, heç RYTN və ya operatorların da rəsmi sənədlərində nəzərdə tutulmayan bir tarifdir.
- Bundan başqa provayderlərin ATS-lərə ödədiyi digər ödənişlər varmı ?
- Əlbəttə. Provayderlər hər ay öz müştərilərinin hər birisi üçün də əlavə olaraq 2 manat yenə də ATS-lərə ödəyir. Diqqət edin, bu, hər ay ödənilən bir məbləğdir.
Yəni, deyək ki, 50 min müştərisi olan provayder hər ay ATS-ə 100 min manat təmiz ödəniş etməlidir.
Ən dəhşətli və qəribə məqam ondan ibarətdir ki, provayderlər ATS-də yerləşdirdikləri avadanlığa, hansı ki, biz onu şkaf adlandırırıq, sahəsi cəmi 0.5 kv. metr olan əraziyə görə hər ay 250 manat ödəniş etməlidir.
Təsəvvür edin ki , bir nəfərin fiziki olara yerləşə biləcəyi sahə üçün bu qədər ödəniş etməlidir. Bu vəsaitə bir otaq da kirayələmək olar. Digər dəhşətli, analoqu olmayan məsələ isə kabel çəkilişi ilə bağlıdır.
Məsələn, provayder kabel-kanalizasiyadan istifadə edərək müştəriyə 1 km. fiber optik xətt çəkmək istəsə, internet daxil olmadan bu kanalizasiyadan istifadə üçün BTRİB və ya Aztelekom-a ildə 1200 manat ödəməlidir.
Digər bir məsələ ilə bu xətlərin çəkilişinin layihələndirməsi ilə bağlıdır. Yəni, provayderdən bununla bağlı da pul alırlar.Həmçinin provayderlər ATS-lərdəki portun icarəsi üçün, optik liflərin icarəsi üçün də aylıq haqq ödəyirlər, kabellərə xidmət haqqı ödəyirlər və s.
- Osman müəllim, bu məsələdə həmişə problem olur. Provayderlər kabel-kanalizasiya qurğularından, ATS resurslarından istifadə tariflərinin yüksək olması ilə bağlı ciddi narazılıq edir. Bu tarifləri kim müəyyən edir?
- Baxmayaqraq ki, ölkədə tarifləri Tarif Şurası müəyyən edir, amma bütün bu qeyd etdiyim tarifləri, həmçinin şoxlu sayda digər tariflər də var ki, bunların hamısnı RYTN, hətta BTRİB və Aztelekom-un özləri də müəyyən edir. Düşünürəm ki, hazırda ən ciddi diqqət yetiriləcək məqam bu məsələdir.
Fikrimcə, RYTN-in yeni rəhbərliyinin bu məsələni tamamilə yenidən nəzərdə keçirməsi çox faydalı olardı. Bu tariflərin heç bir əsaslandırılması yoxdur.
RYTN bununla bağlı təkliflər hazırlayıb, Tarif Şurasına təqdim edə bilər ki, indiyə qədər RYTN, Aztelekom, BTRİB tərəfindən müəyyən edilənlər Tarif Şurası tərəfindən yenidən nəzərdən keçirilməklə, dünya təcrübəsi nəzərə alınmaqla hazırlansın.
- O zaman provayderlər bu xərclərini necə ödəyir? Bütün provayderlər bu xərcləri ödəyirlərmi ? Dövlət provayderləri özəllərə nisbətən hansı üstünlüklərə malikdir?
-Təbii ki, bu qədər xərcləri qarşılamaq çox çətindir. Provayderlər də bunun öhdəsindən müştərilərini çəkidə aldatmaqla gələ bilir. Yəni, provayerlər Delta Telecom-dan az internet trafik alıb daha çox müştəriyə satmağa üstünlük verir. Əgər provayder Delta Telecom-dan aldığı tarfiki üçdə bir və ya beşdə bir nisbətində bölüb müştərilərə satmaldırsa, bu bölgü bəzən onda bir, hətta iyirmidə bir nisbətində olur. Bu isə o demkədir ki, əgər siz normalda 4 Mb /s internet almalısınızsa, belə olan halda siz cəmi 1 Mb ala biləcəksiniz.
Məhz bunun nəticəsidir ki, beynəlxalq hesabatlarda da Azərbaycan adam başına düşən orta internet sürətinə görə xeyli geridə qalır. Bizdə aşağı sürətlər üçün indiki məqamda ödənilən məbləğlə qonşu ölkələrdə bir neçə dəfə çox sürət əldə etmək mükündür.
Amma sualınızın 2-ci hissəsinə cavab olaraq deyə bilərəm ki, dövlət provayderləri həmin qeyd olunan 2 manat və 5 manatlıq ödənişləri etmir. Təsəvvür edin ki, dövlət provayderləri, dövlət operatorları əllərinə biraz imkan düşən kimi özəl provayderlərin müştərilərini əlindən alaraq dərahal öz sistemlərinə qoşur və ya dolayısı ilə bunun üçün şərait yaratmağa çalışır.
Ümumiyyətlə, mövcud situasiya elədir ki, internet bazarının 50 faizi dövlət provayderlərinin əlindədir. Belə olan halda isə özəl provayderlər üçün münbit şəraitin olmasından danışmağa dəyməz.
Əslində, bu, indiki vəziyyət gözələnilən idi. Əgər dövlət provayderi qanuni olaraq özü biznes qurub pul qazanırsa , az-çox da vergi verirsə, həmçinin qayda-qanun və tarifləri də müəyyən edən həmin dövlət provayderinin tabe olduğu qurumdursa , o zaman o, özələ heç vaxt normal şərait yaratmayacaq. Bu, kifayət qədər açıq, məlum məsələdir.
-Bəs vəziyyətdən çıxış yolu nədir ? Hansı təklifləri irəli sürübsünüz ?
-Dəfələrlə bununla bağlı məsələ qaldırmışıq və təkliflər vermişik.
Məsələnin kökündən həll olunması vacibdir. İnternet bazarında dövlət provayderləri məsələsinə son qoyulmalıdır.
Sərbəst və azad rəqabət yaradılmalıdır. Ayrı -seçkiliyə, provayderlər arasında ögey-doğmalığa son qoyulmalıdır. Provayderlərin start vəziyyətləri bərabərləşməlidir. Bu sahədə özəlləşdirilmə aparılmalıdır.
Dövlət başçısı da son iclaslarında özəlləşdirmənin vacib olduğunu diqqətə çatdırır. Tariflər tamamilə yenidən işlənməlidir. Qovşaq rəislərinin məsuliyyəti gücləndirilməlidir. Xüsusilə də bəzi regionlarda, şəhər ətrafında kabel- kanalizasiya infrastrukturunun, fiber optik infrastrukturun zəif olmasının səbəbi araşdırılmalıdır.
Provayderlərdən hər müştəriyə görə yığılan qanunsuz ödənişlər dayandırılmalıdır. Yuxarıda qeyd oluna hər müştərin üçün ödənilən 2 manat və 5 manat məsələsinin qanuniliyinə aydınlıq gətirilməlidir.
Güman ki, yeni nazirin son dövrlərdə işdən kənarlaşdırdığı Qovşaq rəsiləri də məhz bu qeyd olunan məsələlərə, provayderlərdən, müştərilərdən rüşvət və qeyri –qanuni ödənişlərin tələb olunması ilə bağlı olub.
Düşünürəm ki, perspektivdə RYTN -nin kommersiya , təsərrüfat funksiyaları ayrılması da doğru addım olardı. Beynəlxalq normalara uyğun olaraq müstəqil tənzimləyici qurum, Milli Telekommunikasiya Şurası yaradılmalıdır.
Çox vacib olan məsələlərdən biri də dövlətə məxsus mövcud kabel-kanalizasiya infrastrukturundan istifadə qaydaları yenidən işlənməlidir.
Hər bir provayder, operator üçün bu infrastrukturdan bərabər əsaslarla istifadə imkanları yaradılmalıdır. Hazırda buradan müstəsna istifadə hüquqi BTRİB və Aztelekom-un əlindədir. Onlar da bu infrastrukturla digər operatorlara öz provayderlərindən fərqli yanaşıb, daha ağır şərtlər qoyur. Bu məsələyə xüsusi diqqət edilməlidir.
- Provayderlərin “çəkidə aldatma”sının qarşısnı necə almaq olar, bununla bağlı nəzarət işini necə gücləndirmək olar? Son vaxtlar bildirilir ki, provayderlərin küllli miqdarda borcları yaranıb.
- Bəli, indiki anda provayderlərin böyük əksəriyyətində yuxarıda da qeyd etdiyim kimi “çəkidə aldatmaq” məsələsi var.Bunun qarşısını almaq, keyfiyyətli xidmət üçün ilk növbədə dövlət və ictimai nəzarət gücləndirilməlidir. Eyni zamanda istifadəçilər də tələbkar olmalıdır.
Düşünürəm ki, RYTN provayderlərin aldığı və satdığı internet trafikin həcminin bəlli bir normasını müəyyən etməlidir. Hansı ki, beynəlxalq praktikada bu təcrübə var.
RYTN, Delta Telecom provayderlərin aldığı trafikdən istifadəyə ictmai nəzarətin gerçəkləşdirilməsi üçün imkanlar yaratmalıdır.
Eyni zamanda fikrimcə, provayderlərin maliyyə işlərinə də nəzarət artırılmalıdır. Maraqlıdır ki, ölkə üzrə provayderlərin böyük əksəriyyətinin Delta Telecom-a borcu var və on milyonlarla olan bu borc az qala Azərbaycan internetin kəsilməsilə nəticələnə bilər. Burada anlaşılan deyil ki, bütün provayderlərin əvvəlcədən istifadəçilərdən ödənişləri tələb etdiyi halda görəsən bu borc necə yaranıb?
Necə ola bilər ki, hər ay 4-5 milyon təmiz gəlir əldə edən dövlət provayderi, yüz min manatlar gəlir götürən özəl provayderin borcları yaransın? Delta Telecom- un vəziyyəti bizim üçün anlaşılandır, amma düşünürük ki, interneti kəsməkdənsə, provayderlə münasibətin məhkəmə səviyyəsində həll edilməsi daha doğru olardı.
Bildiyim qədəriylə hazırda RYTN-də bu istiqamətdə, internetin, İKT-nin inkişafı istiqamətində, bu sektorda idarəetmədə islahatlar nəzərdə tutulur. Ümid edirəm ki, RYTN-nin yeni rəhbərliyi bu məsələləri yenidən ciddi olaraq araşdıracaq və uzun müddətdən bəri davam edən problemlərin öhdəsindən gələ biləcək.
Bu istiqamətdə biz də vətəndaş cəmiyyəti olaraq köməklik göstərməyə hazırıq. Düşünürəm ki, dövlət, özəl və vətəndaş cəmiyyətinin birgə səylərinin gücləndirilməsi problemlərin daha tez aradan qaldırılmasına kömək edəcək.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri