“Doğma provayderlər”in taleyi necə olacaq?

24-11-2015 / 13:25

Son dövrlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) ətrafında baş verən hadisələrlə bağlı  İKT sektorunda müəyyən bir durğunluq müşahidə olunur.

Xüsusilə də özəl sektorda, İT sahəsində dövlət sifarişləri ilə bağlı  canlanma yoxdur. 

Dövlət və özəl sektor, vətəndaş cəmiyyəti sektoru bu durğunluqdan çıxmaq üçün əlverişli üsul axtarır. Elə bu yaxınlarda RYTN tərəfindən "Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı”na  başlanıb.

Ekspertlər bu sektorda canlanmanın yaradılması istiqamətində fikirlərini bildirməyə başlayıblar.

İKT sektorunda vəziyyətin normallaşdırılması, durğunluğun aradan qaldırılması istiqamətində təklif olunan addımlar içərisində internet sektorunda rəqabətli mühitin yaradılması, internet qiymətləri məsələsi də mühüm yer tutur.

Bu isə daha çox bu sektorda uzun müddətə davam edən, elə sabiq nazirin də dövründə səsləndirilən “doğma provayder” məsələsi ilə sıx bağlı olan bir problemdir.

Bu baxımdan məlum hadisələrdən sonra “doğma provayderlər” probleminin hansı vəziyyətdə olması ilə maraqlandıq.

Bu sektorda heç kim üçün sirr olmayıb ki, bir sıra provayderlər birbaşa dövlət operatorlarına bağlı olub.  Məsələn, CityNet, Superonline, Megatelecom kimi provayderlərin  “MTN işi” ilə bağlı həbs olunan  BTRİB-in sabiq rəisi Beytulla Hüseynova yaxın olması haqqında fkirlər həmişə səsləndirilib.  Müzakirələr zamanı Beytulla Hüseynov heç bu faktları gizlətməyib də. Megatelecom-un tam olaraq ona məxsus olduğu, CityNet-də və digər özəl provayderlərdə isə onun payı olduğu bildirilirdi.

Görünür bu səbəbdəndir ki, CityNet, Megatelecom qısa müddət ərzində bütün Bakı üzrə nəhəng bir  fiber optik infrastruktur da qurub.  Hansı ki digər provayderlər bunu yalnız arzulaya bilirdilər. Provayderlər həmişə bildiriblər ki, CityNet və Beytulla Hüseynova yaxın olan digər şirkətlər müxtəlif xərclərdən azad olunduğundan , hətta dövlətə ödənilməli olan xərcləri ödəmədiyindən daha üstün biznes qura biliblər.

Xeberler.az olaraq RYTN-də baş verən bu  hadisələrdən sonra  Beytulla Hüseynovun “doğma proyavder” i  olan  bu  şirkətlərin taleyi ilə maraqlandıq.

Müşahidələrimiz göstərdi ki, əvvəllər  CityNet provayderi bu adla fəaliyyət göstərsə də, hazırda bu provayder  CityNet  yox,  Uninet adı ilə fəaliyyət göstərir.  Belə ki CityNet-in İP TV xidmətlərindən istifadə edənlər də artıq  öz televizorlarında  Citynet-in yox, Uninet-in adını görürlər.

Qeyd edək ki, bu kimi şirkətlərin ayrı-ayrı şəkildə fəaliyyət göstərsələr də əslində eyni quruma, eyni bir şəxsə  aid olması dəfələrlə bildirilib.

Lakin  bu məsələdə bir vacib məqam da var ki,   provayderin  fəaliyyətinin dayandırılıb, başqa şirkətə birləşdirilməsi CityNet ilə müqavilə bağlayan vətəndaşların hüquqlarını poza bilərmi?

Məsələnin hüquqi tərəfləri ilə bağlı hüquq üzrə ekspert Ələsgər Məmmədli Xeberler.az-a bildirib ki, bu tip dəyişiklik mümkündür:

“Məsələnin hüquqi tərəfi ondan ibarətdir ki, əgər hər hansı bir qurum və ya müəssisə hüquqi formada başqa şirkətə birləşdirilirsə,  bu zaman onun öhdəlikləri digər şirkətin səlahiyyətinə keçir. İstifadəçilərin hüquq və mənafelərinə ziyanverici kateqoriyaları qiymətləndirmək hələ erkəndir”.

Onun sözlərinə görə, bu kimi halları problem kimi  yalnız müştərinin ödənişi ilə bağlı yaşanan zaman dəyərləndirmək mümkündür:

“Məsələn, müştəri ödənişi bir il əvvəldən edib. Amma yeni tərkibinə keçirilən şirkət bunu nəzərə almır və istifadəçidən pul tələb edir. Belə problemlər zamanı hüquqi keçid baş veribsə,  bunun ciddi şəkildə müştərilərə və istifadəçilərə zərər verəcəyini düşünmürəm. Yalnız müştərilərin hüquq və mənafelərinə zərər gələrsə ciddi müzakirələr yarana bilər”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bununla bağlı Xeberler.az –a  bildirib  ki, şirkətlərin birləşməsi mümkündür, amma bununla bağlı Uninet və CityNet tərəfindən müştərilərə məlumat verilməsi, şəffaflığın təmin edilməsi  də doğru olardı:

"Baş verən hadisələrdən sonra müştəri yatıb duranda CityNet əvəzinə Uninet görürsə, əlbəttə burada müəyyən şübhələr yaranır. Eyni zamanda düşünürəm ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yoxlamalar apardığı bir dövrdə bu tip birləşmələrin hüquqi olaraq baş tutacağına da əmin deyiləm. Güman ki,  bu qurumun da qısa müddətdə geniş fiber optik infrastruktur yaratması , kifayət qədər yüksək tariflər əsasında müəyyən olunan ödənişlərin dövlətə keçirilməsi məsələsi araşdırılır. Düşünürəm ki, bu qurumların hüquqi olaraq birləşməsi ancaq yoxlamalar başa çatdıqdan sonra mümkün ola bilər".

BTRİB bu gün internet provayderləri ilə bağlı məlumat yayaraq bildirib ki, Bakı şəhərində ( BTRİB şəbəkəsi üzrə) fəaliyyət göstərən dövlət və özəl internet provayderləri üçün  BTRİB tərəfindən  genişzolaqlı internet xidmətlərinin bərabər hüquq və şərtlərlə göstərilməsi məqsədilə texniki imkanlıqlar daxilində hər cür şərait yaradılır. Bunun üçün provayderlər qurumla əlaqə saxlamalıdır.

 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə