Parisdə Azərkosmos-un təqdimatı keçirilib

28-03-2019 / 10:15

Parisdə Beynəlxalq Astronavtika Federasiyasının yaz toplantıları çərçivəsində Azərbaycan milli peyk operatoru “Azərkosmos” və ölkəmizin turizm potensialı haqqında təqdimat keçirilib.

Xeberler.az  bildirir ki, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev çıxış edərək ölkəmizin kosmik sahədə rolundan danışıb. Hələ 1973-cü ildə 24-cü Beynəlxalq Astronavtika Konqresinə Bakının ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Bildirib ki, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə zəngin təcrübəsi olan Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının böyük tədbirlərini də yüksək səviyyədə təşkil edə bilər. Federasiyanın böyük tədbirlərinin kosmik ailənin üzvü olan ölkəmizdə keçirilməsi təşəbbüsünü irəli sürüb. “Azərkosmos”un fəaliyyətini əks etdirən video təqdim olunub.

Yaz toplantıları çərçivəsində Dövlət Turizm Agentliyini təmsil edən Sevda Əliyeva ölkəmizin tarixi, mədəniyyəti və turizm imkanları haqqında məlumat verib. Görməli turistik məkanlarımızla bağlı videomatreal göstərilib. Toplantı iştirakçıları ölkəmizin turizm imkanları ilə tanış olmağa dəvət edilib.

Ənənəvi olaraq hər il keçirilən yaz toplantıları federasiyanın ən önəmli tədbirlərindən hesab olunur. Tədbirlər çərçivəsində Beynəlxalq Astronavtika Federasiyasının, eyni zamanda, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzinin (CNES) prezidenti Jan-İv Lö Qall, vitse-prezidentlərdən ibarət Büro, eləcə də aidiyyəti komitələrin iştirakı ilə silsilə iclaslar təşkil olunub. Federasiyaya üzv qurumlar arasında astronavtika sahəsində il ərzində görüləcək işlər, qlobal kosmik arenada yeni kosmik sənayenin rolu və bu sahədəki trendlərlə bağlı geniş müzakirələr aparılıb.

Yaz toplantılarında federasiyanın mötəbər tədbirlərinin gələcəkdə Bakı şəhərində keçirilməsi və Azərbaycanın kosmik ölkə olaraq üzv qurumlar arasında tanıdılması məqsədilə geniş təbliğat-təşviqat işləri aparılıb.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetmə (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° Şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.