Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

01-10-2021 / 17:37

“Azərkosmos” - Azərbaycan Respublikasının Kosmik Agentliyi və Bakı Nəqliyyat Agentliyi (BNA) arasında görüş keçirilib. İkitərəfli görüşdə “Azərkosmos” və BNA arasında “Azersky”dan əldə olunan peyk təsvirlərinin istifadəsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

“Azərkosmos”dan Xeberler.az-a bildirilib ki, memoranduma əsasən adıçəkilən qurumlar yeni nəqliyyat infrastrukturu üçün ərazilərin seçilməsi, milli məkan məlumatlarının formalaşdırılması, mübadiləsi və istifadəsi məqsədilə müvafiq informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyası, eləcə də Coğrafi İnformasiya Sistemlərinə dair proqram təminatları üzrə birgə təlimlərin təşkili barədə razılığa gəlib.

Həmçinin “Azərkosmos” və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC arasında kommersiya müqaviləsi də imzalanıb. Müqaviləyə uyğun olaraq MMC Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi və nəqliyyat infrastrukturunun optimallaşdırılması istiqamətində həyata keçiriləcək layihələrdə Yer müşahidəsi peykinin imkanlarından istifadə edəcək.

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder.

2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb.

Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı “www.azercosmos.com” internet səhifəsindən ala bilərsiniz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə