“Sosial şəbəkələrdən pul qazanıram”

04-05-2015 / 01:36

“Facebook-da 138 min izləyicim, 5 min dostum var. Bu böyük bir kütlədir”.

“İnformasiya texnologiyaları tanınmışların həyatında” adlı layihəmizin növbəti qonağı teleaparıcı Şəhriyar Əbilovdur.

- Şəhriyar bəy, İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?

-Məktəbdə oxuduğum illərdə hamının istifadə etdiyi bir sayt var idi: Chat Mail.ru. Bir gün dostum mənə dedi ki, hamı ora daxil olur, sən niyə İnternetlə maraqlanmırsan? Ondan sonra fikrimi dəyişdim. Virtual tanışlığa yaxşı baxmağa başladım. Artıq məndə çatda qızlarla tanış olmağa meylli idim(gülür). Orada hamı “şah05” adı ilə tanıyırdı məni. 17-18 yaşlarım olanda xaricdə oxuyan xanımlarla tanış olurdum. Onlarla münasibət qurmaq, yazışmaq xoşuma gəlirdi.

-Elektron məktublaşmadan, mesaj xidmətindən tez-tezmi istifadə edirsiniz? Mailinizi gündə neçə dəfə yoxlayırsınız?

-Adətən gmail-dən istifadə edirəm. Birdə ki, Şah05.mail.ru elektron poçt ünvanım bugünə kimi aktivdir. Gündə azı bir dəfə elektron poçt ünvanımı yoxlamalıyam. Çünki buna məcburam. Məktublar çox gəlir və onlara cavab verməliyəm. Amma məktubla yanaşı spamlar da çox gəlir. Bilirəm ki, ya reklamdır, ya da hansısa saytların göndərdiyi lazımsız informasiyalardır. Ona görə də spamları açmıram. 

-Hansı sosial mediadan, Facebook, Twitter, İnstagram aktiv istifadə edirsiniz?

-İnstagram-dan aktiv istifadə edirəm. İnstagram-da sağlam kütlə daha çoxdur və bugün İnstagram-a televiziyadan daha çox baxırlar. Çox status yazmaq, fikir söyləməkdənsə, bir şəkillə fikrini daha yaxşı ifadə etmək olar. Bu gün İnstagram-ın sayəsində ətrafımda normal insanların sayı artır, dostlarımın sıraları genişlənir. Çoxları mənə yazır ki, səni televizorda heç vaxt görməmişik , amma İnstagram-da aktiv şəkildə izləyirik və bizə maraqlısan. Facebook-da 138 min izləyicim, 5 min dostum var. Bu böyük bir kütlədir. Sizə bir sirr açım: kədərli olanda heç vaxt status yazmıram, kədərimi gizlədirəm. Çünki tamaşaçı və kütlə məni daha sağlam və pozitiv görməlidir. Kütləyə  müsbət bir əhval-ruhiyyə çatdırmaq lazımdır. Twitterdən isə zəhləm gedir, ümumiyyətlə bu sosial şəbəkə mənə çatmır. Twitter mənasızdır.

əhriyar bəy, Twitter-də də Facebook kimi “like” etmək, fikrini bildirmək funksiyaları var.

-“Like” düyməsi olsa da, mesaj qutusu o qədər də aktiv deyil. Aktiv olan fikirlərdir sadəcə. Deyərdim ki, bizdən fərqli olaraq Avropa ölkələrində Twitter çox aktiv şəkildə yayılıb və məşhur avropalılar öz şəxsi səhifələrini yaradıb fikirlər bölüşürlər. Gündəlik həyatımı statusa yazmağı xoşlamıram. Nadir hallarda, vacib bir hadisə baş verərsə şəkillə birlikdə öz düşüncələrimi paylaşa bilərəm.

-Facebook-da dostluq edəcəyiniz insanları hansı kriteriyalara əsasən seçirsiniz?

- Sosial şəbəkələrdə iş görürəm, özümü tanıdıram və pul qazanıram. Bir il efirə çıxmasam da belə, rahat şəkildə İnstagram və Facebook vasitəsilə gündəmdə qala bilərəm. Çünki, bugün sosial şəbəkələr efirin yerini alıb. Facebook-a gəldikdə, profil şəkli özünə məxsus olmayan insanları dostluğuma qəbul etmirəm. Bir də görürsən ki,  17-18 yaşlı qızlar yazır ki, mən sizi çox sadə insan bilirdim. Niyə belə özünüzdən razısınız? Bu tip suallara məcbur olub cavab yazıram ki, axı mən nə etmişəm? Sonra isə məlum olur ki, bu insana sadəcə mənim ona cavab yazmağım lazım imiş. Ona görə də, Facebook-da ciddi hesab etmədiyim profillərin sahibini dostluğuma qəbul etmirəm.

əhriyar Əbilov  yazışmaqdan çox səsli mesaj göndərməyə üstünlük verir. Səbəbini bilmək olarmı?

-Mesaj yazmağa hövsələm çatmır.

-Bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün  öz naharınızı dayandıra və ya görüşünüzü yarımçıq saxlaya bilərsiniz?

-Baxır görüşə. Əgər görüşüm çox vacibdirsə, telefonu səssiz rejimdə saxlayıram. Əgər yox, yaxın insanla görüşmüşəmsə, üzr istəyib telefona mütləq cavab verirəm.

ərzində İT avadanlıqlara nə qədər pul xərcləyirsiniz?

-Telefonumu tez-tez dəyişirəm. Hər il yeni telefon modelləri çıxır və köhnə telefonum gözümdən düşür. Televizora heç baxmıram, yalnız telefonlara pul xərcləyirəm. Pulun miqdarını isə deyə bilməyəcəm (gülür)

-Gündəlik iş fəaliyyətinizdə telefondan, kompüterdən necə istifadə edirsiniz? Texnologiyalar sizin işinizi, fəaliyyətinizi asanlaşdıra bilirmi? Xərclədiyiniz pullara dəyirmi?

-Əlbəttə ki, işimi asanlaşdırır. Müştərilərlə əlaqə saxlayıram və görəcəyim işləri müştərilərə təqdim edə bilirəm. Bütün bunların başında texnologiyalar durur. Apardığım toyu İnstagram-da yerləşdirirəm və müştərilərimi işimə cəlb edirəm. Özüm toy aparsam da, televiziyalarda kimsə toy aparmaqdan danışanda qaşınıram(gülür). Hansısa bir tədbirimizi, uğurlu film təqdimatımızı, konsertimizlə bağlı bir hissəni İnstagram-da paylaşıram və müştəriləri işimə cəlb edirəm. Sosial şəbəkələr bizim ayrılmaz hissəmizdir.

-Sosial şəbəkələrdə işinizi sevməyənlərə, etik qaydaları pozanlara münasibətiniz necə olur?

-Əvvəllər insanların qeyri-etik davranışlarını görəndə, nömrəmi yazırdım ki, təcili mənə zəng elə, sənə fikrimi söyləyim ki, bığlarım niyə belədir. Əgər sözün var, bığlarımla neyləmək istədiyini telefonda üzümə söylə. Həmin adam ya qorxub zəng etmirdi,  ya da gedib həmin adamı döyüb sakitləşirdim(gülür) Çünki başqa cür sakitləşə bilmirdim. Bilmirdim axı o kompüterin arxasında oturub yazan insan kimdir. Amma indi o cür təhqiramiz sözləri yazanlara gülməyim gəlir. Artıq başa düşürəm ki, mən 100 manat deyiləm ki, hamının xoşuna gəlim. Sözsüz ki, məndən zəhləsi gedənlər də var. Bu normal haldır və ona görə reaksiya vermək lazım deyil. O cür insanlara cavab verməklə onların səviyyəsinə enmək olmaz. Çox vaxt elələrinə yazıram ki, Allah sizdən razı olsun, sizə tərbiyə verən ananın əllərindən öpürəm. Həmin insanları acılamaqdansa, xoş sözlər yazmaq daha çox xoşuma gəlir. Özləri utanırlar.

-Bəs Sizin adınızdan Şəxsi hesab açanları necə utandıra bilirsinizmi?

-İnstagramda bu yaxınlarda adımdan kimsə səhifə açmışdı. Sonra öyrəndim ki, fanatlarımdan biridir. Ona bildirdim ki, belə bir səhifəyə ehtiyacım yoxdur.

-İnstagram-da şəxsi hesabınızı kimə etibar edirsiniz? Parolunuzu bilən varmı?

-Heç kimə etibar etmirəm. Nadir hallarda ən yaxın dostum  Orxana həvalə edə bilərəm. Yalnız 10 illik dostuma güvənə bilərəm.

- Xoşunuza gəlməyən informasiya, şəkil səhifənizdə qarşınıza çıxanda reaksiyanız?

-Mənə kimsə deyəndə ki, təzə səhifə açmışam, təzə film çəkmişəm və s. onu öz səhifəndə paylaş və reklam elə, elə bilirəm ki, məni söyürlər. İnstagram-da hörmət etdiyim insanların sayı çoxdur: xarici dövlətlərin iş adamlarından tutmuş, məni çox istəyən uşaqlara kimi . Axı kiminsə uğursuz proyektini öz səhifəmdə niyə reklam etməliyəm? Salam verməyən adamlar işi düşən kimi “Şəhriyar, xahiş edirəm bunu paylaş” yazırlar. Buna əsəbiləşirəm. İnsan heç vaxt arsız olmamalıdır. Arsızlıq ayıbdır. İnstagram mənim intim yerimdir, çox şəxsidir. Mən İnstagram-dan pul qazana bilərəm. Birdə görürsən, kim isə gəlib deyir ki, al bu “İphone” selfie çəkdir , reklam et və sənə bir “İphone” hədiyyə edək. Baxın bu artıq qazanc yeridir və bunu edə bilirəm. Məsələn, bu yaxınlarda Türkiyəyə gedəcəm və pul xərcləmədən saç əkdirəcəm. Qarşılığında isə şəkillərimi çəkib paylaşacam və yazam ki, filan klinikaya təşəkkür edirəm , çox keyfiyyətli işləyirlər, öz saçımı və başımı onlara etibar edirəm(gülür). Bu da oldu qazanc və reklam.

-Başqalarını İnternetdə reklam etdiyiniz kimi, öz yeni layihələrinizi də reklam edirsinizmi? Bu məsələdə İnternetə yoxsa televiziyaya üstünlük verərdiniz?

-İnternetə üstünlük verərdim, çünki bu dəqiqə İnternetdə böyük kütlə var. Amma sağlam bir şəkildə İnternetdə tanınmaq və tanıtmaq lazımdır. “Həcü başqadır” ilə, “həsrət qalacaqsan” deməklə yox (gülür).

-Siz özünüzü sosial şəbəkələrdə necə tanıtmısınız?

-Sosial şəbəkələrdə çoxları elə bilir ki, mən yekəxana insanam. Bilirsiniz niyə? Status deyilən bir şey var, sən bir az yüksəldikcə, statusun qalxdıqca, ətrafındakı insanların sayını azaldırsan. Artıq kimlərlə oturub-duracağını, kimə güvənəcəyini, kimin yanında özünü necə aparacağını müəyyən edirsən.  Hər bir məsələdə insanlarla öz aranda müəyyən sərhədi qoruyub saxlamalısan. Sərhədi qoruyan insan uğur da qazana bilər, irəliyə də gedə bilər. Paxıl biri deyiləm, dostlarımın uğuruna sevinən insanam.

- Whatsapp-da, Skype-da necə, sərhədi orada da qoruyub saxlaya bilirsinizmi?

-İşimlə əlaqədar olaraq Skype-dan da istifadə edirəm. Xaricdə yaşayan dostlarımla Skype vasitəsilə əlaqə saxlayıram. Bəzi oğlanlar kimi Skype-da qızlarla danışmıram. Artıq o yaşım da deyil (gülür). 35 yaşım var və daha sağlam işlərlə məşğulam. Whatsapp-ın səsli mesaj xidmətindən daha çox istifadə edirəm.

-Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi?

-Cəmiyyəti texnologiyalardan asılı hesab edirəm. Texnologiya bizim bir parçamızdır. Həyatımızın yarı hissəsi reallıqdan, yarı hissəsi isə virtuallıqdan ibarətdir.

- Mobil internetdən, rouminq xidmətindən istifadə edirsinizmi? Keyfiyyət və qiymət sizi qane edirmi?

-Hazırda mobil İnternetim açıq olsa da, yalnız yazışmalarda və şəkil göndərmək üçün mobil İnternetdən istifadə edirəm. Mobil İnternetə qoşulduğum zaman videolara qəti şəkildə baxmıram. Hər ay 10 manatlıq İnternet paket alıram və 1 ay istifadə edə bilirəm. Wi-Fi olan məkanlarda isə mobil İnterneti söndürürəm. Rouminq xidmətindən də istifadə edirəm və səhv etmirəmsə, bir mesaj yazmaq üçün 49 qəpik ödəməli oluram. Amma yenə də Rouminq xidmətindən razıyam və maaşım da Rouminqin xərclərini ödəməyə çatır(gülür)

-Əgər uşaq artıq küçəyə çıxıb oynamaq istəmirsə, yoldaşları ilə münasibət qurmağa meylli deyilsə, yalnız kompüterə -oyunlara meyl edirsə, bu təhlükəlidirmi?

-Şüalanmadan uşaqlarımızı qorumalıyıq, uşaqları sağlam şəraitdə böyütməliyik. Uşaqları müəyyən yaşa qədər elektron şüalandırıcı əşyalardan uzaq tutmaq lazımdır, Birinci sinifdə oxuyan uşağa telefon almaq nəyə lazımdır axı? İnstagram-da 6 yaşlı uşaqlar mesaj yazır mənə. Necə yazırlar? Deməli, valideynlər özləri başa düşməlidirlər ki, olmaz. Allah deyir ki, mənim sizə verdiklərimin həm faydası, həm fəsadı var. Çalışın ki, faydasından daha çox istifadə edəsiniz. Texnologiya da bu sıralardadır.

-Texnologiyalardan asılılığı 10 ballıq şkala ilə qiymətləndirsək, özünüzü harada görürsünüz?

-5 bal verərdim.

-Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?

-10 il sonranı bilmirəm, amma təxminən 5 il sonra deyərdim ki, hər bir şey avtomatlaşdırılacaq. Hətta biz oturduğumuz masanın üzərində də Wi-Fi-ya qoşula biləcəyik. Texnologiyalar bizi idarə edəcək.
 

Mirvari Nəcəf


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.