Bir müddət öncə ölkədə həyata keçirilən bütün dövlət xidmətlərinin sistemləşdirilmiş, vahid bir Elektron Reyestrinin yaradılması ilə bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Xeberler.az bildiri ki, Fərmana görə, Elektron Reyestrin formalaşdırılması məsələsi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə edilib.
Bu istiqamətdə görülən işlərlə bağlı Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanovun Xəbərlər-ə müsahibəsini təqdim edirik.
-Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı görülən işlər hansı vəziyyətdədir? Xidmətlərin tam siyahısı hazırdırmı?
-2014-cü ilin sentyabrın 11-də cənab Prezident İlham Əliyev tərəfindən dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı 262 nömrəli Fərman imzalanıb. Bu Fərmanla bağlı dövlət orqanlarının həyata keçirdiyi xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi məqsədi ilə Dövlət Agentliyində işlərə başlanılıb. Hazırda xidmətlərin Elektron Reyestrinin proqram təminatı hazırlanıb və Reyestrə daxil ediləcək məlumatların aidiyyəti qurumlardan sistemə daxil edilməsinə start verilib. Dövlət orqanları tərəfindən daxil edilən bütün məlumatlar yoxlanıldıqdan və təsdiqləndikdən sonra xidmətlərin tam siyahısı formalaşdırılacaqdır.
-Dövlət xidmətlərinin Elektron Reyestrinin yaradılması nələrə imkan yaradacaqdır?
-Xidmətlərin reyestrinin elektron formada təşkil edilməsi ilk növbədə aşağıdakı imkanların yaradılmasına səbəb olacaq:
- dövlət orqanlarının göstərdikləri xidmətlərin ümumi sayının və istiqamətlərinin müəyyən edilməsinə;
- xidmətlər haqqında məlumatların vahid mənbədə toplanmasına və sistemləşdirilməsinə;
- xidmət sahələri üzrə standartların və hər bir xidmətin reqlamentinin müəyyən edilməsinə;
- xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlərin sürətləndirilməsinə
- xidmətlərin göstərilməsi üçün istifadə olunan informasiya sistemlərinin inteqrasiyasının təmin edilməsinə;
- eyni məzmunlu xidmətlərin aşkar edilməsi və təkrarlılığın aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə;
- vətəndaşların xidmətlər haqqında ətraflı məlumat əldəetmə imkanlarının və şəffaflığın təmin edilməsinə və s.
-Dövlət qurumu tərəfindən göstərilən xidmət necə müəyyən olunur? Sizə təqdim olunan siyahılar üzrə xidmətlərin hüquqi əsasını, ödənişli və ödənişsiz olmasını yoxlamaq üçün monitorinqlər aparırsınızmı?
- Fərmana uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları fəaliyyət istiqamətləri və səlahiyyətləri çərçivəsində göstərdikləri xidmətlərin adı, hüquqi əsası, xidmətin göstərilməsi üçün tələb olunan bütün məlumatları Elektron Reyestrə daxil edilməsi üçün Dövlət Agentliyinə elektron formada təqdim etməli və mütəmadi olaraq həmin məlumatların yenilənməsini təmin etməlidirlər.
Elektron Reyestrə daxil ediləcək xidmətlərin müəyyən edilməsi ilə bağlı ilkin metodiki məlumat rəsmi internet informasiya ehtiyatı vasitəsilə dövlət orqanlarına təqdim edilib. Eyni zamanda .
Elektron Reyestrin portalında hər bir qurum üçün “İstifadəçi kabineti” yaradılacaq. Həmin qurumlar istifadəçi adı və parol və ya elektron imza vasitələri ilə sistemə daxil ola biləcəklər, orada öz xidmətlərinə əlavə və dəyişiklik, fəaliyyət istiqamətinə uyğun olaraq yeni xidmətlərin əlavə edilməsi və sair əlaqəli məlumatlar daxil edəcəklər.
- Bəs ödənişli xidmətlərlə bağlı məsələ necə müəyyən olunacaq ?
Xidmətlərin ödənişli olub-olmaması məsələsi qanunvericiliklə müəyyənləşən məsələlərdir. Qaydalara əsasən Reyestrin operatoru xidmətlərlə bağlı Elektron Reyestrə daxil edilmiş məlumatların monitorinqi və təhlillərin aparılması funksiyasına malikdir. Dövlət orqanları tərəfindən qeyd olunan məlumatlar reyestrin operatoru tərəfindən yoxlanılaraq təsdiqləndikdən sonra Reyestrə daxil ediləcəkdir.
-Hüquqi əsası olmayan xidmətləri müəyyən etmisinizmi? Belə halda hansı addımlar atılır ?
- Yuxarıda qeyd etdiyim kimi Reyestrə qanunvericiliklə aidiyyəti qurumun səlahiyyətlərinə daxil edilmiş, hüquqi əsası olan xidmətlər daxil ediləcəkdir. Reyestrə hər hansı bir qurum tərəfindən yanlış məlumatın daxil edilməsi halı opertor tərəfindən yoxlanılır.
Reyestrin operatoru funksiyası Fərmana əsasən Dövlət Agentliyinə həvalə edilib. Artıq Azərbaycan Repsublikası Nazirlər kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarı ilə “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Qaydaları” təsdiq edilib.
Həmin Qaydalarla həmçinin dövlət orqanları tərəfindən xidmətlərlə bağlı Reyestrə daxil ediləcək məlumatlarda çatışmazlıq və uyğunsuzluqların olması halında tətbiq edilən mexanizm müəyyən edilib.
-Xidmətlərin göstərilməsində təkrarçılıq müəyyən olunarsa hansı addımları atırsınız ?
- Reyestrin operatoru olaraq apardığımız monitorinq və təhlillərin nəticəsində təkrarçılıq halları müəyyən olunarsa aidiyyəti qurumlara bu barədə təkliflər veriləcək.
- Məlumdur ki, xidmətlərin elektron formaya keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarlarında indiyədək cəmi 450-dək xidmətdən söhbət gedir. Siz əlavə xidmətlərin elektron formaya keçirilməsi ilə bağlı hökumətə müraciət hazırlayırsınızmı?
- Hazırda xidmətlərin Elektron Reyestrə daxil edilməsi istiqamətində işlər aparılır. Həmin işlər yekunlaşdırıldıqdan sonra aktual və lazımlı xidmətlər müəyyənləşərək həmin xidmətlərin mərhələli şəkildə elektronlaşdırılması istiqamətində aidiyyəti orqanlara təkliflər veriləcək.
-Dövlət qurumlarında ilk növbədə daha vacib olan xidmətlərin elektron formaya keçirilməsi üçün hansı addımları atırsınız?
-Dövlət Agentliyi Reyestrdəki məlumatları mütəmadi təhlil edərək elektronlaşdırılması ilə bağlı işləri diqqət mərkəzində saxlayacaq. Elektron Reyestr formalaşdırılması yekunlaşdıqdan sonra bütün fiziki və hüquqi şəxslər üçün açıq olacaq. Həmçinin vətəndaşlar üçün də, xidmətlərin elektronlaşdırılması istiqamətində təkliflər vermək imkanları təmin ediləcək.
Ümumiyyətlə, Dövlət Agentliyi Əsasnaməsinə uyğun olaraq prioritet sahələrdə olan xidmətlərin elektronlaşdırılması istiqamətində daim fəaliyyət göstərir. Belə ki, keçən il ərzində Dövlət Agentliyinin yanında olan Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura tərəfindən bu istiqamətdə işlər aparılıb və 5 dövlət orqanı üzrə bəzi xidmətlərin Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Eleketron xidmət növlərinin” Siyahısına daxil edilməsinə nail olunub.
Digər tərəfdən Dövlət Agentliyi tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarının elektron xidmətlərinin qiymətləndirilməsi çərçivəsində “Eleketron xidmət növlərinin” Siyahısına daxil edilən, lakin elektronlaşmamış xidmətlərin elektronlaşdırılması istiqamətində aidiyyəti orqanlara metodiki köməklik göstərilməklə yanaşı, onların elektronlaşdırılması istiqamətində də, işlər həyata keçirilir.
-Bütün xidmətlərin Elektron Resyestri nə zaman elan ediləcək və ictimaiyyət üçün əlçatan olacaqmı?
- Dövlət orqanlarının göstərdikləri xidmətlərlə bağlı məlumatlar dəqiqləşdirildikdən və təsdiq edildikdən sonra Elektron Reyestr ictimaiyyətə açılacaq. Hazırda dövlət orqanlarının göstərdikləri xidmətlər haqqında toplanılmış məlumatların təhlili və Reyestrin informasiya sisteminin son tamamlama işləri həyata keçirilir.
Eyni zamanda, Elektron Reyestr və onun informasiya sistemindən istifadəyə dair yaxın vaxtlarda aidiyyəti qurumların əməkdaşlarına keçiriləcək təlimlər və daha sonra aparılacaq təkmilləşdirici fəaliyyət nəticəsində sistemin istifadəyə hazır hala gətirilməsi nəzərdə tutulur.
Qeyd olunan məsələlər yekunlaşdıqdan sonra xidmətlərin Elektron Reyestrini geniş ictimaiyyətə təqdim edəcəyik.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri