Kibertəhlükəsizlik sahəsində aparılan son araşdırmalar “wiper malware” kimi tanınan zərərli proqram təhlükəsinin artdığını göstərir.
Xeberler.az bildirir ki, bu barədə Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu tip zərərli proqramlar məlumatların silinməsi və informasiya sistemlərinin qəsdən sıradan çıxarılması məqsədilə hazırlanır və ən dağıdıcı kibertəhdidlərdən biri hesab olunur.
Qeyd edək ki, “wiper malware” hücumları yalnız məlumat itkisi ilə məhdudlaşmır. Bu hücumlar eyni zamanda rəqəmsal xidmətlərin dayanıqlılığına, informasiya sistemlərinin sabitliyinə və əməliyyat proseslərinin fasiləsiz fəaliyyətinə ciddi mənfi təsir göstərir. Bildirilir ki, belə hallarda məlumatların bərpası çətinləşir, bəzi hallarda isə tamamilə mümkünsüz olur. Nəticədə informasiya sistemlərində pozuntular yaranır və rəqəmsal mühitin davamlılığı zəifləyir.
Bu risklərin qarşısının alınması üçün həm fərdi istifadəçilər, həm də təşkilatlar qabaqlayıcı kibertəhlükəsizlik tədbirlərini gücləndirməlidirlər.
Belə ki, fərdi istifadəçilərə sistem və proqram təminatını mütəmadi yeniləmək, şübhəli keçidlərə daxil olmamaq, etibarsız faylları açmamaq və vacib məlumatların ehtiyat nüsxələrini təhlükəsiz şəkildə saxlamaq tövsiyə olunur.
Təşkilatlar üçün isə izolyasiya olunmuş ehtiyat nüsxələmə mexanizmlərinin tətbiqi və mütəmadi sınaqdan keçirilməsi, giriş səlahiyyətlərinin məhdudlaşdırılması və effektiv idarə olunması, həmçinin təhlükəsizlik monitorinqi və insidentlərə operativ cavab mexanizmlərinin gücləndirilməsi vacib hesab edilir.



