Biletlər onlayn rejimdə satılsa da, xidmətlər əslində offlayn-dır.
Onlayn rejimində sərnişin biletlərinin satışı zamanı güzəştli tariflər nəzərdə tutulmur. Biletləri onlayn sifariş etdikdən sonra 2 gün qalmış yaxınlaşıb avtovağzalın kassasından götürmək lazımdır.
Bir çox ölkələrdə vətəndaşlar xarici ölkələrə və eləcə də ölkədaxili bölgələrə getmək üçün biletleri onlayn ala bilirlər. Ölkəmizdə müxtəlif nəqliyyat vasitələrində bu mümkün olsa da, bəzi vətəndaşlar hələ də bu imkanlardan yararlana bilmirlər.
Xüsusən isə bayram günlərində onlayn biletlər də yoxa çıxır.
Xəbərlər olaraq elektron sərnişin biletlərinin satışı əməliyyatına nəzər salaq.
Qatarlara onlayn bileti 10 gün əvvəl almaq lazımdır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkədaxili və beynəlxalq istiqamətlər üzrə hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin onlayn rejimində satışını təşkil edir.
Satış addy.gov.az resursu vasitəsilə həyata keçirilir. Sistemdə qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. İnternet vasitəsi ilə biletlərin satışı qatarın yola düşməsinə 10 gün qalmış başlayır. Bilet sifariş etdikdən sonra birbaşa plastik kartlar vasitəsilə ödəniş etmək mümkündür. Ödəniş etdikdən sonra emailə biletlə bağlı bildiriş göndərilir.
Təəssüf ki, onlayn formada əldə edilən bu bildiriş qatara əyləşmək üçün yetərli deyil. Belə ki, siz qatara daxil olmaq üçün mütləq kağız formada bileti əldə etməlisiniz. Bunun üçün isə mütləq 1 saat qalmış onlayn bilet alanlar üçün nəzərdə tutulan kassalara yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim edərək kağız formada biletinizi əldə etməlisiniz.
Onlayn alınan bileti geri qaytarmaq üçün də mütləq kağız formada onu kassadan almalısınız və digər bir kassaya yaxınlaşıb onu geri qaytarmalısınız.
Bununla bağlı sizə qəbz verilir və müəyyən müddətdən sonra ödədiyiniz vəsait geri kartınıza qaytarılır.
İnternet vasitəsi ilə bilet sifarişləri hər gün səhər saat 07:00-dan 23:00-a qədər aparılır. Sistemdə profilaktik işlərlə əlaqədar hər gün saat 23:00-dan növbəti günün saat 07:00-dək Online rejimində sifariş qəbul edilmir.
Müştərilər başqa şəhərdə yaşayan öz qohumları və ya dostları üçün elektron təyyarə bileti əldə edə bilirlər.
Təyyarə ilə səyahət etmək istəyən vətəndaşlar isə bəlli istiqamətlər üzrə tələb olunanları nəzərə almaqla elektron bilet ala bilərlər.
Elektron sərnişin bileti aviabiletin ənənəvi kağız blank əvəzinə təklif olunan elektron formasıdır və elektron formada aviaşirkətin məlumatlar bazasında saxlanılır. Sərnişinə onun adı, marşrutu, tarif, ödəmə, satış ofisləri və s., o cümlədən aviadaşıma barəsində müqavilə haqqında informasiyaya malik olan elektron aviabiletin qəbzi ( Passenger Itinerary Receipt) verilir. Aviaşirkətin reyslərinin təxsisetmə prosesi blankın formasından asılı deyildir və standart qaydada həyata keçirilir.
Elektron bilet məhz elektron formada saxlanıldığına görə müştərilər onu unutmaz, itirməz və həm də onu oğurlaya bilməzlər. Müştərilər +994 (12) 598 88 80 nömrəli telefona zəng etməklə, informasiya-məlumat xidməti vasitəsilə “SW Travel” kassalarında və ya səlahiyyətli agentlərin ofislərində daşınma şərtlərini dəyişdirə bilər.
Həmçinin, müştərilər başqa şəhərdə yaşayan öz qohumları və ya dostları üçün elektron bilet ala bilər; onlara, şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə onların uçuş hava limanında yalnız qeydiyyat bölməsindən keçmələri kifayətdir.
"SW Travel"-in kassalarında, səlahiyyətli agentliklərin ofislərində və aviaşirkətin www.azal.az internet səhifəsində elektron bilet almaq mümkündür. İnternet səhifə elektron biletin əldə olunması üçün ən sürətli və əlverişli üsuldur: aviabileti İnternet səhifədə sifariş edərək haqqını ödəyirsiniz, marşrut qəbzini əldə edirsiniz, bu qəbzlə və şəxsiyyəti təsdiq edən sənədlə birbaşa reysə - qeydiyyatdan keçmək üçün hava limanına gəlirsiniz.
"SW Travel"-in kassalarında və ya səlahiyyətli agentliklərin ofislərində elektron bilet əldə edilərkən ödəniş həm VISA/Mastercard plastik bank kartları ilə, həm də nağd yolla həyata keçirilə bilər. İnternet səhifədə elektron bilet əldə edilərkən ödəniş VİSA plastik bank kartı vasitəsilə həyata keçirilə bilər.
Avtobusla səyahət etmək istəyən şəxslər isə Bakı Beynəlxalq Avtovağzalınin bilet satışı saytından elektron əldə edə bilərlər.
Bakı Beynəlxalq Avtovağzalı şəhərlərarası və beynəlxalq istiqamətlər üzrə hərəkət edən yalnız müntəzəm reyslərə sərnişin biletlərinin onlayn rejimində İnternet vasitəsi ilə satışını təşkil edib. Belə ki, İnternet vasitəsi ilə sərnişin biletlərinin satışı reysin yola düşməsinə 10 gün qalmış başlayır.
Saytda qeydiyyatdan keçməklə sifariş etdiyiniz reysdə olan hər hansı bir dəyişiklik haqqında mütamadi olaraq məlumatlandırılırsınız.
Avtobuslara onlayn bilet satışı sistemi ilə sifarişlər hər gün səhər saat 07:00-dan 23:00-a qədər aparılır. Sistemdə profilaktik işlərlə əlaqədar hər gün saat 23:00-dan növbəti günün saat 07:00-dək internet vasitəsi ilə sifariş qəbul edilmir.
Xüsusi qeyd: Onlayn rejimində sərnişin biletlərinin satışı zamanı güzəştli tariflər nəzərdə tutulmur. Biletləri onlayn sifariş etdikdən sonra 2 gün qalmış yaxınlaşıb avtovağzalın kassasından götürmək lazımdır.
Bəs görəsən, biletin satışı onlayn həyata keçirilirsə, bilet niyə onlayn şəkildə vətəndaşlara çatdırılmır? Adıçəkilən qurumlarda vətəndaşlara tam şəkildə onlayn xidmət üçün nələr çatışmır?
Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev Xəbərlər-ə bildirib ki, bu işdə məsul qurum Nəqliyyat Nazirliyidir.
Onun sözlərinə görə, biletlərin onlayn satışı olsa da, vətəndaşlar mütləq gəlib avtovazğaldan bileti götürməlidirlər.
Vətəndaşlara tam şəkildə onlayn xidmət göstərilməsi məsələsinə gəlincə, Məhəmməd Abdullayev bildirib ki, səbəbibini bilmək istəyirsinizsə Nəqliyyat Nazirliyinə müraciət edin.
Sualımıza cavab almaq üçün , iş günlərində Nəqliyyat Nazirliyinin mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz baş tutmadı.
Vətəndaşlar nə düşünür?
Vətəndaşların dediyinə görə, onlar bu xidmətlərdən rahat və operativ istifadə edə bilmirlər. Belə ki, qeyd edirlər ki, bəzən onlayn bilet sifarişi zamanı qeydiyyatda problemlər yaranır. Həmçinin, bileti aldıqdan sonra da onlar həmişə sevinə bilmir.
Tez-tez xaricə səfər edən Rəşid Əliyev deyir ki, avtobus üçün online bilet almaq elədə rahat deyil, təyyarədə isə şirkət və servisdən asılıdır:
“ Azərbaycanda heç dəmir yolunun sistemi onlayn normal işləmir. Təyyarə biletini onlayn əldə edəndə də bəzi problemlərlə qarşılaşırıq. Belə ki, ya yer olmur ya da bilet alırsan, düz çıxmır. Bəzən isə 1 yeri 2 nəfərə satırlar”.
Tərlan Yusif isə onlayn bilet almağı sərfəli hesab edir. Deyir ki, avtovazğaldan bilet alanda daha baha olur, lakin onlayn bilet götürəndə ucuz gəlir. Tərlan Yusif onlayn bilet zamanı problemə də toxunub:
“Ola bilər ki, tarixi və avtobusu yanlış götürək və bunu düzəltmək üçün mütləq avtovazğala gedib əlavə pul ödəmək lazımdır”.
Bəzi sərnişinlər isə bayram günlərində onlayn biletlərin də yoxa çıxdığını bildirilər. Onlar bildirir ki, bəzən onlayn bileti 10 gün əvvəl sifariş vermək istəsələr də, onlayn sistem bəlli reyslər üzrə axtarış zamanı bilet olmadığını qeyd edir . Xüsusilə də bayram günlərində daha əlverişli yerlər üzrə bilet tapmaq çətin olur. Bu isə bayram günlərində onlayn satışı təmin edən şəxslər tərəfindən biletlərin qəsdən onlayn satışdan çıxarılmasını düşünmək ünü əsas verir.
Sərnişinlər digər bir problemi də diqqətə çatırıblar. Belə ki, Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən onlayn bilet almaq yalnız iş saatlarında mümkün olur. Yəni sərnişin axşam işdən sonra evində rahat şəkildə onlayn bilet sifariş verə bilmir.
Mövzuya qayıdacağıq.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri