“Açıq hökumət” təşəbbüsünün həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi “ mövzusunda Dəyirmi Masa keçiriləcək.
Bu həftə Multimedia Mərkəzi tərəfindən “Azərbaycanda “Açıq hökumət” təşəbbüsünün həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi “ mövzusunda Dəyirmi Masa keçiriləcək.
Dəyirmi Masada Azərbaycanın da qoşulduğu “Açıq hökumət” Tərəfdaşlığının əsas prinsipləri olan dövlət qurumlarının informasiya açıqlığı, şəffaflıq və elektron hökumət quruculuğu sahəsində mövcud vəziyyətlə bağlı müzakirələr aparılacaq.
Toplantıda mərkəzi və yerli icra orqanlarının informasiya açıqlığı və göstərdikləri elektron xidmətlərlə bağlı Multimedia Mərkəzi tərəfindən son 5 ay ərzində aparılan Monitorinqlərin yekunu haqqında Hesabat təqdim olunacaq. Hesabatda 65 mərkəzi icra hakimiyyəti orqanı və 60 yerli icra hakimiyyətlərinin rəsmi İnternet resurslarının informasiya açıqlığı vəziyyəti əksini tapıb.
Tədbirdə həmçinin dövlət qurumlarının informasiya açıqlığı üzrə növbəti Reytinq Cədvəli təqdim olunacaq.
Monitorinq İnformasiya azadlığı sahəsində mövcud qanunvericilik və beynəlxalq normalar nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilib.
Dəyirmi Masada dövlət orqanlarının, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.