“Asan İmza” Rusiyada keçirilən müsabiqədə qalib oldu-Foto

15-09-2016 / 12:43

Azərbaycanın “Asan İmza” mobil elektron imza texnologiyası hazırda Sankt-Peterburq şəhərində keçirilən “PKI-Forum 2016” beynəlxalq konfransı çərçivəsində baş tutmuş açıq açar infrastrukturuna dair müsabiqədə birinci yerə layiq görülüb.

Xeberler.az-ın məlumatına görə, B.EST Solutions şirkəti tərəfindən müsabiqəyə təqdim edilmiş “Asan İmza” texnologiyası digər ölkələrin analoji rəqəmsal identitet həlləri sırasından seçilərək müsabiqənin “Açıq açar infrastrukturu (PKI) texnologiyasının inkişafında mühüm töhfəyə görə” nominasiyasında qalib gəlib.

“Asan İmza” xidmətinin başlıca innovativ cəhəti onun dövlət və özəl sektorların qarşılıqlı əməkdaşlığı prinsipi əsasında fəaliyyət göstərməsidir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) fəal iştirakı və misilsiz töhfəsi, eləcə də ölkədə fəaliyyət göstərən Azercell, Bakcell və Nar mobil rabitə operatorlarının innovativ yanaşması sayəsində «Asan İmza» bugünkü gündə ölkədə 500-dən artıq dövlət və özəl elektron xidmətlərə giriş imkanı verən unikal mobil autentifikasiya və imza alətidir.

Müsabiqə qalibinin mükafatı və diplomu mükafatlandırma mərasimində iştirak edən B.EST Solutions şirkətinin rəhbəri Yana Krimpeyə Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Oleq Borisoviç Pak tərəfindən təqdim edilib. Öz növbəsində, Y.Krimpe bu uğurun əldə edilməsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinin və ASAN Xidmət-in müstəsna rolunu qeyd edib, həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü islahatlar olmadan bu gün bu uğur mümkün olmazdı.

“İstifadəyə verilən hər bir elektron xidmət ölkəyə yeni investisiyaların, yeni biznes tərəfdaşların cəlb edilməsi baxımından əlverişli şərait yaradır və regionun rəqəmsal mərkəzinə çevrilməsi istiqamətində ölkənin potensialını əhəmiyyətli dərəcədə artırır.

Biz bu uğurları ölkəmizdə innovativ texnologiyaların tətbiqi ilə bağlı mövcud olan yüksək siyasi iradənin nəticəsində əldə etmişik. Bu həm də bizim “Asan İmza” istifadəçilərimizin nailiyyəti, onların uğurudur”, - deyə Y.Krimpe qeyd edib.   

Qeyd etmək lazımdır ki, konfransın işində Belarus, Qazaxstan, Azərbaycan, Polşa, Rusiya Federasiyası, Özbəkistan və digər ölkələrdən 300-dən artıq nümayəndə iştirak edir.

Cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir. Elektron xidmət təminatçıları üçün tətbiqinin asanlığı, elektron mühitdə əməliyyatların yüksək təhlükəsizliyi, eləcə də istifadəçilər üçün əlçatan olması kimi üstünlükləri sayəsində “Asan İmza” texnologiyası bir qayda olaraq beynəlxalq ictimaiyyətin yüksək marağına səbəb olur. 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə