“ASAN imza” sertifikatlarının müddətini onlayn uzatmaq mümkündür

17-11-2020 / 14:44

Biznesin təhlükəsiz və uzaq məsafədən idarə edilməsinin təmin olunması üçün rəqəmsal Azərbaycanın vətəndaşlar üçün fasiləsiz olaraq genişspektrli elektron xidmətləri təqdim etməsini davam etdirməsi çox vacibdir. Koronavirus pandemiyasının (COVID-19) Azərbaycandakı iş mühitinə təsirini aradan qaldırmaq məqsədilə və istifadəçilərin çoxsaylı müraciətini nəzərə alaraq “ASAN imza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru hesab edilən “B.EST Solutions” şirkəti “ASAN imza” gücləndirilmiş mobil elektron imza sahibləri üçün yeniliklər təqdim etməyə davam edir.

Xeberler.az-ın məlumatına görə, “B.EST Solutions” şirkətindən bildirilib ki, artıq “ASAN imza” sertifikatının sahibləri vergiödəyicisinin vahid “e-taxes.gov.az” internet portalında sertifikatlarının müddətini növbəti üç ilə onlayn qaydada, müddətinin bitməsinə ən azı 30 gün qalmış yeniləyə biləcəklər. Daha sonra və ya sertifikatın müddəti bitdikdə onlayn yenilənmə proseduru qeyri-mümkün olacaq və vətəndaş yalnız fiziki olaraq xidmət mərkəzlərinə müraciət etməklə sertifikatlarının müddətini uzada biləcək. Sertifikatların müddətinin onlayn uzadılması üzrə “İstifadəçi Təlimatı” ilə https://www.taxes.gov.az/uploads/2020/2017030005926400/Asan-imza-onlayn-yenilenmesi-telimati.pdf linki vasitəsilə tanış ola bilərsiniz.

Xüsusilə qeyd etmək lazımdır ki, “ASAN imza” da daxil olmaqla elektron identitetin təqdim edilməsilə bağlı bütün prosedurlar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 2004-cü il 9 mart tarixli Qanunu və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 28 yanvar tarixli Qərarı ilə ciddi şəkildə tənzimlənir. Qanunvericiliyə əsasən, “ASAN imza” əl imzasına bərabərdir və buna görə istifadəçilərin identifikasiyası ilə bağlı bütün prosedurlara, təhlükəsizliyin təmin edilməsi, kriptoqrafiyanın bütün dünya standartlarına uyğunluğuna həm istifadəçilərin, həm də xidmət təchizatçılarının maraqlarının təmin edilməsi baxımından ciddi şəkildə riayət olunur. Belə ki, “ASAN imza”nın təqdim edilməsi proseduru şəxsiyyəti təsdiq edən istənilən digər sənədin verilməsi kimi qanunvericiliklə ciddi şəkildə tənzimlənir.

Hazırda dövlət və özəl qurumların təqdim etdiyi 1000-dən çox elektron xidmət “ASAN imza” mobil elektron imza vasitəsilə əlyetərlidir. Mobil identitet sayəsində siz vacib elektron xidmətlərə giriş imkanı əldə edə bilərsiniz. Məsələn, elektron vergi bəyannamələri, gömrük bəyannamələrinin təqdim edilməsi, onlayn kredit, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqaviləsi bildirişlərinin elektron qeydiyyatı, ali məktəblərə qəbul üçün onlayn qeydiyyat, güzəştli mənzil almaq üçün müraciət, sosial sığorta, internet və mobil bankçılıq və sair.

Ölkəmizin ərazi bütövlüyünün bərpası naminə müzəffər Azərbaycan Ordusunun möhtəşəm qələbəsi sayəsində, həmçinin Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanına əsasən, müvəqqəti komendantlıqlar nəzdində İqtisadiyyat, Maliyyə, Müdafiə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və sair kimi qurumların regional nümayəndəliklərinin yaradılması qərara alınıb. Qarşıya qoyulan vəzifələrin əlaqələndirilmiş, təhlükəsiz və effektli şəkildə Qarabağ bölgəsində icrası üçün informasiya-kommunikasiya texnologiyalarının tam inteqrasiyası tələb olunur. Elektron xidmətlər sahəsi hökumət funksiyaları spektrinin genişləndirilməsi və azad edilmiş ərazilərin iqtisadiyyatının sürətli bərpası üçün ayrılmaz tərkib hissə hesab olunur.

Vətəndaşlar “ASAN imza” ilə bağlı suallarına cavab almaq üçün “1847” Çağrı mərkəzinə zəng edə və ya “[email protected]” elektron poçt ünvanına məktub yaza bilərlər.

“ASAN imza” mobil identitet həllinin mobilliliyi və istifadəsinin asan olması bu məhsulun vətəndaşlar və iş adamları arasında populyarlığını artırır və onu mobil dövlətin əsas tərkib hissəsinə çevirir. Hazırda dövlət və özəl qurumların 1000-dən çox elektron xidmətlər sistemində “ASAN imza”dan istifadə edilir. "ASAN imza" müxtəlif dövlət və özəl qurumların çağrı mərkəzlərinə inteqrasiya olunmuş və bu gün onun köməyi ilə elektron vergi bəyannamələri, gömrük bəyannamələri təqdim edilir, əmək müqaviləsi bildirişlərinin qeydiyyatı, bank hesablarının uzaq məsafədən açılması, abituriyentlərin onlayn qeydiyyatı və sair həyata keçirilir. Daha ətraflı məlumatı “http://www.asanimza.az” saytından əldə edə bilərsiniz.

“B.EST Solutions” şirkətinin rəqəmsal həlləri Birləşmiş Millətlər Təşkilatı, “Google”, “Financial Times”, Avropa İttifaqı, OECD, ABŞ Dövlət Departamenti və Milli Standartlar və Texnologiyalar İnstitutu kimi qlobal təşkilatlar tərəfindən tanınmışdır. Müştəriləri transmilli korporasiyalar, böyük banklar, mobil operatorlar və sığorta şirkətləri, eləcə də beynəlxalq təşkilatlar və bir çox digər müştərilərdir. Daha ətraflı məlumatı “https://bestsolutions.ee/” saytından əldə edə bilərsiniz


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə