“ASAN xidmət” modeli Qvineyada tətbiq ediləcək

16-03-2026 / 15:39

Qvineya Respublikasının inzibati modernləşdirmə və dövlət xidməti naziri Faya Fransua Burunonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfərin ilk günü qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra qvineyalı qonaqlar “ASAN xidmət” mərkəzində olublar. Agentliyin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb.

Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş” imzalanıb.

Saziş “ASAN xidmət” təcrübəsinin Qvineyada tətbiqini, eləcə də qvineyalı dövlət qulluqçuları üçün “ASAN xidmət” mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübələrin Qvineya tərəfi ilə paylaşılmasını nəzərdə tutur.

Qvineyalı nazir “ASAN xidmət”in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. O, qısa müddət ərzində ölkəmizin müvafiq sahədə qabaqcıl təcrübəsinin Qvineyada tətbiq etmək niyyətində olduqlarını ifadə edib.

Ölkəmizə səfər çərçivəsində qonaqlar Zəfər abidəsini ziyarət edəcəklər.

Həmçinin “ASAN xidmət”in mütəxəssisləri tərəfindən müxtəlif sahələri əhatə edən təqdimatlar olacaq.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə