“Bebras” müsabiqəsinin bağlanış mərasimi keçirilib

04-09-2025 / 16:17

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu Dünya Finalı çərçivəsində “Bebras” informatika və alqoritmik düşüncə müsabiqəsinin bağlanış mərasimi olub.

Xeberler.az məlumat verir ki, mərasim İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və “ÖzünÖyrən” MMC-nin birgə təşkilatçılığı, “Kibrit” MMC-nin dəstəyi ilə gerçəkləşib. Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament müdiri Vüsalə Qurbanova, “Azercell” Telekommunikasiya Şirkətinin nümayəndəsi Zəhra Əsgərbəyli açılış nitqləri ilə çıxış ediblər.

Tədbirdə 29 şagird müxtəlif dərəcəli diplom və mükafatlarla təltif olunub. Müsabiqənin nəticələrinə əsasən 12 nəfər birinci yeri, 11 nəfər ikinci yeri, 7 nəfər isə üçüncü yeri tutub.

Xatırladaq ki, müsabiqənin 2024-cü ilin dekabr ayında keçirilmiş onlayn təsnifat mərhələsində Azərbaycanın 69 bölgəsindən 376 ümumtəhsil məktəbinin 1–10-cu siniflərindən 17 min 564 iştirakçı mübarizə aparıb. Nəticədə 667 şagird yarımfinala vəsiqə qazanıb. 2025-ci il aprelin 12-də keçirilmiş yarımfinal mərhələsində isə 418 şagird iştirak edib və onlardan 100 nəfəri finala yüksəlib. İyunun 9-da keçirilmiş superfinalda 30 nəfər qalib müəyyən olunub.

“Bebras” müsabiqəsi şagirdlərdə alqoritmik düşüncə və riyazi məntiq bacarıqlarının inkişafına xidmət edir, onların gələcəkdə IT sahəsində uğurlu mütəxəssislər kimi formalaşmasına təkan verir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə