Prezident İlham Əliyev ötən gün yerli televiziya kanallarına müsahibəsi zamanı son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modelinin tətbiq olunmağa başlanıldığını və müsbət nəticələr əldə olunduğunu qeyd edib.
Xeberler.az məlumat verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı dövlətə məxsus müəssisələrin islahatı istiqamətində görülən işlərdən danışıb.
Onun sözlərinə görə, Azərbaycanda dövlət müəssisələrində aparılan islahatlar ölkə başçısının diqqət mərkəzindədir.
“Burada əsas məsələ səmərəlilik, sosial ədalət və dövlət nəzarəti imkanlarından ibarət üçbucağın təpə nöqtələri arasında optimal mövqenin müəyyələşdirilməsidir. İslahatın ilk mərhələsində dövlət müəssisələrinin diaqnostikası aparılıb, müşahidə şuraları, müvafiq komitələr və koordinasiya ofisləri formalaşdırılıb, korporativ idarəetmə standartları və əsas icra göstəriciləri (KPİ) müəyyənləşdirilib və yeni büdcə-maliyyə siyasəti həyata keçirilib. Bu baxımdan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan İnvestisiya Holdinqi, “Aqrarkredit” QSC və ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyasında dövlət əmlakının idarə edilməsi və sağlamlaşdırılması istiqamətində müvafiq islahatlar aparılır. Toplam aktivləri 100 milyard manatı ötən dövlət şirkətlərində növbəti dönəmdə layihə idarəetməsi, risk menecment, investisiya və xəzinə siyasəti, pul vəsaitlərinin hərəkətinin idarə edilməsi, müəssisə resurslarının planlaşdırılması (ERP) və sərmayə cəlbi kimi istiqamətlərdə islahatların aparılması məqsədəuyğundur. Dünya Bankının hesablamalarına görə ölkə ÜDM-in beşdə ikisini və formal məşğulluğun beşdəbirini təmin edən dövlət şirkətlərinin islahatı, o cümlədən dövlət-özəl tərəfdaşlığı, idarəetməyə vermə, “tik - idarə et - təhvil ver”, birgə müəssisə, birləşmə və satınalma (M&A) və özəlləşdirmə formalarında nəzərdə tutulur. Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin, o cümlədən ABB, “Bakı Telefon Rabitəsi”, “Aztelekom”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “AzerGold”, “Azərikimya”, Etilen-Polietilen zavodu, Karbamid zavodu və Metanol zavodunun siyahısı 2023-cü ilin avqustunda cənab Prezident tərəfindən təsdiqlənib. Son iki-üç ildə Azərbaycanda “Rəqabət Məcəlləsi”, “İnvestisiya fəaliyyəti haqqında” və “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunların qəbulu dövlət müəssisələrinə özəl sərmayənin cəlbi, səmərəliliyin artırılması və bazar mexanizminin gücləndirilməsi üçün yaxşı imkanlar yaradır”, - deyə mərkəzin icraçı direktoru vurğulayıb.
Vüsal Qasımlı əlavə edib ki, Azərbaycan iqtisadiyyatında dövlət müəssisələrinin xüsusi çəkisinin dünya ortalamasından 2-3 dəfə çox olması islahat potensialının miqyasını göstərir. İİTKM rəhbəri Asiya İnkişaf Bankının hesablamalarında dövlət şirkətlərinin səmərəliliyinin artırılması potensialının illik ÜDM-in 4,2 faizi həddində olmasının da qeyd edib: “Dövlət şirkətlərinin islahatı makrofiskal dayanıqlılıq baxımından da qiymətləndirilir. Belə ki, dövlət şirkətlərinin borclarının optimallaşdırılması, onların dövlət büdcəsindən, xüsusən də kommunal xidmətlər üçün aldıqları subsidiyaların azaldılması, dövlət büdcəsinə ödənilən dividendlərin artırılması və dövlət investisiyalarının səmərəliliyinin artırılması istiqamətində müsbət irəliləyişlər müşahidə olunur. Rəsmi maliyyə hesabatlarının təhlilinə əsasən, 2022-2023-cü illərdə bir sıra qurumlar, o cümlədən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 9,9 milyon manat, “Azərbaycan Hava Yolları” QSC 110,6 milyon manat, “AzerGold” QSC 46,2 milyon manat, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 43,6 milyon manat və SOCAR 2,073 milyon manat mənfəət əldə edib. Eyni zamanda, son illərin dövlət büdcəsinin gəlirlərinin təhlilinə əsasən deyə bilərik ki, səhmlərində dövlətin payı olan müəssisələrin dövlət büdcəsinə ödədiyi dividendlərin məbləğində artım var - 2023-cü il üzrə 321,1 milyon manat, 2024-cü il üzrə 558,2 milyon manat və 2025-ci il üzrə proqnoz 612,2 milyon manat. Bununla yanaşı, 2024-cü illə müqayisədə 2025-ci ilin dövlət büdcəsindən dövlət mülkiyyətində olan və nəzarət zərfi dövlətə məxsus olan qurumlara verilən subsidiyanın məbləği də azalır. Məsələn, “Bakı Metropoliteni” QSC-yə 2024-cü ildə 50 milyon manat subsidiya nəzərdə tutulduğu halda 2025-ci ildə 27,6 milyon manat nəzərdə tutulur ki, bu da dövlət büdcəsinin yükünün azalmasına səbəb olacaqdır”.
Dövlət aktivlərinin idarəetmə modelinin də dəyişməsini vurğulayan Vüsal Qasımlı “Azərbaycan Sənaye Korporasiyası”nın ləğvi ilə “Azərbaycan alüminiumu” və “Azərpambığ”ın Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi, eyni zamanda, sonuncunun portfelindəki müəssisələrin hesabına AZCON-un yaradılmasını dövlət aktivlərinin idarəetməsində yeni struktur yanaşma olduğunu ifadə edib.
“Ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutları üzrə tranzit həcmi sürətlə artır. Bu il Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yük daşımaları təxminən 60 faiz artıb. Eyni zamanda, Azərbaycandan keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu üzrə yük daşımaları da 30 faiz artıb. Azərbaycan Avrasiyanın mərkəzində nəqliyyat-logistika qovşağı kimi mövqeyini gücləndirir. Cənab Prezidentin təsdiq etdiyi fəaliyyət planının hədəf göstəriciləri mövcud infrastrukturun təkmilləşdirilməsi, tranzit əməliyyatları zamanı inzibati prosedurların optimallaşdırılması, aidiyyəti dövlət orqanları arasında koordinasiyanın yaxşılaşdırılması və vahid platforma üzərindən tətbiqi, tranzit daşımalar zamanı sərhədkeçmə müddətinin minimuma endirilməsi, eləcə də sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə Azərbaycandan daşınan tranzit yükdaşımalarının həcminin 2024−2026-cı illər ərzində 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10,7 milyon tondan 13,6 milyon tona çatdırılmasıdır. Azərbaycan İnvestisiya Holdinqində də istehsal təmərküzləşməsi hiss olunur. Belə ki, “AzerGold” və “Azəralüminium” AİH-in portfelində metallurgiya sahəsində bir-birini tamamlayıcı vahidlərdir. Digər tərəfdən isə 23 dekabr 2024-cü il tarixində cənab Prezident “Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamla bu işi “AzerGold”a tapşırıb. Dövlət müəssisələrinin islahatı ən geniş mənada milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, davamlı inkişafın təmin edilməsi və sosial rifahın yaxşılaşdırılmasına xidmət etməlidir”, - deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru qeyd edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri