"İran dron istehsalına on illər öncədən başlayıb. Ötən il İran Tacikistanda da dron zavodu açıb. İranın "Əbabil-2" dronları xeyli müddətdir Düşənbədə istehsal olunur. Bundan dərhal sonra Tacikistan ABŞ sanksiyalarının təsiri altına düşüb. Maraqlıdır ki, İran Qırğızıstanın "Bayraktar" dronlarından istifadə edilməsindən dərhal sonra Düşənbədə dron zavodu açmağa qərar verib".
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz paylaşım edib.
Onun sözlərinə görə, Düşənbədə zavodun açılışında iştirak edən İran rəsmisi bu dronların həm daxili məqsədlər və həm də "dost ölkələrə" satılmaq üçün nəzərdə tutulduğunu bildirib:
"Görünür ki, İran region ölkələrinə yalnız "islam inqilabı" ilə deyil, texnologiyaları ilə də təsir etmək istəyir. İran eyni zamanda Venesuelada "Mühacir-6" dronlarının da istehsalına başlayıb. Artıq heç kim üçün sirr deyil ki, İran özünün xeyli sayda "Şahid" və "Mühacir" dronlarını Rusiyaya satıb və bu dronlar Ukraynada xeyli insanların ölümünə, mülki infrastrukturun dağıdılmasına səbəb olub. Yəni, İran faktiki olaraq Ukraynanın işğalına Rusiya ilə ortaq olub. İranın texnologiyalar və hərbi sahədə Rusiya ilə iş birliyi, Avrasiya regionunda təsirləri də son zamanlar xeyli güclənib".
Osman Gündüz hesab edir ki, Rusiya zəifləyəndən sonra İran regionda güclənmək istəyir, region ölkələrinə təsir imkanlarını artırmaq istəyir. Ermənistanla, Tacikistanla və Rusiya ilə texnoloji və hərbi sahədə əməkdaşlığı xeyli gücləndirib.
"Maraqlıdır ki, sanksiyaların təsiri altında olan İran eyni zamanda peyk texnologiyaları sahəsində xeyli güclənə bilib. Ötən ilin sonu İranın telekommunikasiya naziri İsa Zarepur iki peykin, "Hahid-1" və "Hahid-2" peyklərinin orbitə çıxarılmasına hazırlıq görüldüyünü bildirib. ABŞ rəsmiləri bununla da İranın nüvə daşıyıcı olan ballistik raketlər sahəsində daha irəli gedə biləcəyi haqqında açıqlama verirlər. İran ötən il kosmosa yük daşımaq üçün nəzərdə tutulan daşıyıcı raketinin orbitə qaldırması haqqında açıqlama verib. Hansı ki bununla 80kg yükü orbitə qaldırmaq nəzərdə tutulub. İran yuxarıda adı çəkilən "Nahid" peyklərini məhz bu daşıyıcı raketlə orbitə qaldırmağı nəzərdə tutub. 2020-ci ildə İran özünün "Nur" hərbi peykini də orbitə qaldırıb".
Ekspert xatırladıb ki, ötən il isə İran daha bir hərbi kəşfiyyat peykini, "Nur-2"ni özünün daha bir daşıyıcı raketi olan "Qasid" peyk daşıyıcısı ilə orbitə qaldırıb:
"İran ötən il Rusiyanın Soyuz raket daşıyıcısının köməyi uşilə "Xəyyam" müşahidə peykini də Baykonur-dan orbitə qaldırıb. Çəkisi 350 kg olan bu peykin yetərincə imkanları var, ayırdetməsi 1 m-dir. Xəyyam-ın növbəti versiyalarının hazırlanması və orbitə qaldırılması sahəsində Rusiya ilə iş birliyi qurulub. İran bu il həmçinin orbitə qaldırmaq istədiyi lakin iki dəfə uğursuz olduğu "Zəfər-2" hərbi-kəşfiyyat peykini yenidən orbitə qaldırmağı düşünür",-deyə ekspert paylaşıb.
Müharibədən məğlub ayrılan, hərbi resursları tükənən, var qüvvəsi ilə revanş götürmək istəyən Ermənistan İranın dron zavodunun İrəvanda qurulmasında çox maraqlıdır.
Düşünürəm ki, İranın hərbi dronlar və peyk texnologiyaları, kəşfiyyat peykləri sahəsində güclənməsi, Ermənistanla bu sahədə əməkdaşlığın artması Azərbaycan üçün də təhdidlərin artması deməkdir. Müşahidələr göstərir ki, Ermənistanın alimləri və mütəxəssisləri, həm də texnoloji sahədə kadr hazırlığına cavabdeh qurumlar dron istehsalı, peyk texnologiyaları və ondan hərbi məqsədlər üçün istifadə məsələlərinə son dövrlərdə çox ciddi diqqət yetirirlər".