ICAO-nun Baş katibi Azərbaycan nümayəndə heyətini qəbul edib

05-09-2025 / 11:13

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bern şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun Regional Direktoru Nikolas Rallo ilə görüş keçirib.

Xeberler.az bildirir ki, baş katib Xuan Karlos Salazar Azərbaycanın bölgədə ICAO-nun fəal üzv dövləti kimi həyata keçirdiyi işləri yüksək qiymətləndirdiyini bildirib. O, ölkəmizin bir sıra mühüm layihələri uğurla icra etdiyini, ICAO-nun Azərbaycanı daim dəstəklədiyini və gələcəkdə də dəstəkləyəcəyini deyib. Baş katib həmçinin Azərbaycan mülki aviasiyasının inkişafının növbəti mərhələyə yüksəldilməsinin vacibliyini qeyd edərək bunun üçün Mülki Aviasiya Baş Planının hazırlanmasının zəruriliyini diqqətə çatdırıb. O bu cür planların artıq aviasiya sahəsində aparıcı dövlətlər tərəfindən səmərəli istifadə olunduğunu, böyümə hədəflərinin sistemli şəkildə planlaşdırılması və əlaqələndirilməsi üçün mühüm vasitə kimi çıxış etdiyini vurğulayıb.

Nazir müavini Elmin Məmmədov bu sistemli yanaşmanın Azərbaycan aviasiya sektorunun daha da inkişafı üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, hökumət, mülki aviasiya orqanı və aviasiya sənayesi ICAO-nun rəhbərliyi altında sıx koordinasiya şəraitində belə bir planı hazırlamaq və səmərəli şəkildə həyata keçirmək üçün birlikdə çalışacaq.

Bundan əlavə, Azərbaycan nümayəndə heyətinə ICAO-nun 2026-2050-ci illər üçün Strateji Planı və transformasiya hədəfləri barədə məlumat verilib. ICAO-nun artıq bu hədəfləri həyata keçirməyə başladığı, əsas inkişaf istiqamətlərini müəyyənləşdirdiyi və üzv dövlətlərin gözləntilərini qarşılamaq üçün konkret addımlar atdığı qeyd olunub.

Bununla yanaşı, ICAO-nun rolunun əvvəl yalnız beynəlxalq aviasiya standartlarını müəyyən edən hökumətlərarası təşkilat olmaqla məhdudlaşdığı, hazırda isə bu əsas funksiyalarını qorumaqla yanaşı, üzv dövlətlərin ehtiyaclarının düzgün qiymətləndirilməsi və ödənilməsi üçün fəal dəstək göstərən bir təşkilata çevrildiyi vurğulanıb.

Görüşdə Azərbaycan nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəsmi dəvətini ICAO Baş katibinin nəzərinə çatdırıb. Vurğulanıb ki, belə bir səfər ICAO ilə Azərbaycan arasında yüksəksəviyyəli əməkdaşlığın davam etdirilməsinə xidmət etməklə yanaşı, Azərbaycanda həyata keçirilən aviasiya layihələrinin bu ixtisaslaşmış beynəlxalq təşkilatın diqqətinə çatdırılması üçün imkan yaradacaq. Tərəflər həmçinin 2026 və ya 2027-ci ildə Azərbaycanda beynəlxalq ICAO tədbirinin keçirilməsi imkanlarını müzakirə ediblər. ICAO ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Mülki Aviasiya Agentliyi arasında birgə layihələr, o cümlədən aviasiya mütəxəssislərinin hazırlanması və təlim proqramlarında əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində kadrların inkişafının, o cümlədən Azərbaycan mütəxəssislərinin ICAO-nun tələblərinə uyğunlaşdırılmasının əhəmiyyəti də vurğulanıb. Azərbaycan nümayəndə heyəti həmçinin Ələtdə icra olunan “Ələt Yaşıl Hava Limanı” layihəsinin cari vəziyyəti barədə Baş katibə məlumat verib, layihənin dayanıqlı hava limanı inkişafı üçün innovativ yanaşmanı və beynəlxalq ekoloji standartlara uyğunluğu özündə ehtiva etdiyini bildirib.

Diqqətə çatdırılıb ki, bu layihə milli və qlobal dayanıqlılıq hədəfləri baxımından ICAO ilə əməkdaşlığı nəzərdə tutur.

Görüşdə 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsində baş verən qəzanın araşdırılmasına xüsusi diqqət yönəldilib. Azərbaycan tərəfi Qazaxıstanın həyata keçirdiyi araşdırmaya ICAO-nun davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib. Azərbaycan tərəfinin xüsusilə vurğuladığı məsələlərdən biri məhkəmə ekspertizasının müvafiq sahə üzrə ixtisaslaşmış və təcrübəli ekspertiza orqanı tərəfindən aparılmasının vacibliyi olub. ICAO qeyd edib ki, ətraflı və qərəzsiz araşdırmalar Çikaqo Konvensiyasının 13 saylı əlavəsinin əsas tələblərdəndir. Təşkilat üzv dövlətlərin qlobal aviasiya təhlükəsizliyi standartlarını qorumasına dəstəyini davam etdirəcəyini bir daha təsdiqləyib.

Nəticədə, tərəflər ICAO, Dövlət Mülki Aviasiya Agentliyi və Azərbaycanın aviasiya sənayesi arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Azərbaycan tərəfi uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində qlobal standartların tətbiqinə dair ICAO siyasətinə dəstəyini bir daha təsdiqləyib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə