İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

11-12-2018 / 14:08

İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi"n məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin icrasına dəstək məqsədilə keçirilən İkinci Respublika İnnovasiya Müsabiqəsinə yekun vurulub.

Xeberler.az  bildirir ki, dekabrın 10-da müsabiqə qaliblərinə mükafatlar təqdim edilib. Bununla əlaqədar təşkil olunmuş tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, son illər Azərbaycanın innovasiya proseslərinə inteqrasiyası, innovasiya iqtisadiyyatına keçidi təmin edən tədbirlərin təşviqi və reallaşdırılması strateji proqram və sənədlərdə, o cümlədən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və müxtəlif sektorları əhatə edən "Strateji Yol Xəritələri"ndə öz əksini tapıb. Bu sənədlərin bir sıra hədəf və istiqamətləri BMT-nin "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi" ilə eynilik təşkil edir.

Diqqətə çatdırılıb ki, qloballaşma şəraitində innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə genişlənməsi, innovativ yeniliklərin yayılması, habelə onların istehsal sahəsində tətbiqi ölkələr üçün yeni çağırışlar yaradır. Bu çağırışlara uyğun olaraq ikinci ildir ki keçirilən Respublika İnnovasiya Müsabiqəsinin innovasiyalara marağı daha da artırmaq məqsədilə təşkil edildiyini diqqətə çatdıran Şahin Mustafayev bu cür tədbirlərin innovasiya fəaliyyətinin stimullaşdırılması və səmərəliliyin artırılması, innovasiya infrastrukturu çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı üçün zəruri şəraitin yaradılması, elmi tədqiqat bazasının təkmilləşdirilməsi və innovasiya fəaliyyətinin kadr potensialının inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, müsabiqənin təşkili məqsədilə dövlət qurumları və BMT-nin nümayəndələrindən ibarət komissiya yaradılıb, ötən müddət ərzində müsabiqənin təşviqi və ictimaiyyətin maarifləndirilməsi istiqamətində bir sıra görüşlər keçirilib, innovasiya layihələrinin qəbulunun sadələşdirilməsi üçün "ASAN xidmət"in "İdeya Bankı" platformasından istifadə olunub. İkinci Respublika İnnovasiya Müsabiqəsinə marağın böyük olduğunu qeyd edən nazir Şahin Mustafayev müsabiqə çərçivəsində iqtisadi, sosial və ekoloji sahələri əhatə edən 200-dən çox layihə təqdim olunduğunu, belə tədbirlərin növbəti illərdə də keçiriləcəyini diqqətə çatdırıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai innovasiyanın əhəmiyyəti barədə danışıb, belə müsabiqələrin gələcəkdə innovativ sahələrə investisiya qoyuluşlarının təşviq edilməsinə, elmi nailiyyətlərin və innovasiyaların müxtəlif sahələrdə tətbiqinə, habelə milli innovasiya sisteminin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayıb.

Tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki,  ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılması və inkişafı birgə  əməkdaşlıq tələb edir. O, bu gün  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  təşəbbüsü və rəhbərliyi ilə  iqtisadiyyatın innovativ inkişafı üçün ciddi addımlar atıldığını, texnoparklar, biznes inkubatorların yaradıldığını, startap hərəkatının ildən-ilə genişləndiyini qeyd edib.

"Bildiyiniz kimi,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət istiqamətlərindən biri də innovativ inkişafa dəstək verməkdir. Nazirlik  artıq bir neçə ildir ki, startaplara  biznes ideyaların reallaşdırılmasına kömək edir, onlara müsabiqə əsasında qrantlar verir. Ölkəmizdə startap hərəkatının genişlənməsi, gənclər arasında innovativ düşünmə tərzinin inkişaf etdirilməsi, gəncləri aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər və müsabiqələr keçirilir" – deyə nazir qeyd edib.

Nazir qalib və fərqlənən komandalara"Bakutel-2018"sərgisində öz layihələrini nümayiş etdirmək üçün şərait yaradıldığını da qeyd edib. "Bir faktı da qeyd edim ki,"Bakutel-2018"sərgisində rekord sayda – 50-dən artıq startap təmsil olunub. Bu da bu sahədə gördüyümüz işlərin uğurlu nəticəsidir.Bu il ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində "İnnovasiyalar həftəsi" təşkil olundu.   "İnnovasiyalar həftəsi" çərçivəsində bir çox maraqlı tədbirlər keçirildi, o cümlədən, Azərbaycanın "İnnovasiya Yol Xəritəsi" layihəsi təqdim olundu.  Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 2018-ci il tarixli  325 №-li  Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb. İnnovasiyalar Agentliyinin qarşısında texnologiyaların transferi, startap hərəkatının genişləndirilməsi, innovativ layihələrin maliyyələşdirilməsi, ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılması və  inkişaf etdirilməsi kimi bir çox vacib vəzifələr qoyulub.  Hesab edirəm ki, bu gün imzalanan memorandum çərçivəsində görülən işlər də ölkəmizdə bu proseslərə təkan verəcək və Agentlik   burada aktiv iştirak edəcək" – deyə nazir vurğulayıb.

Daha sonra çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək elmi tədqiqatlar sahəsində innovativ layihələrin dəstəklənməsi üçün infrastrukturun yaradılması, insan resurslarının hazırlanması, səmərəli maliyyələşdirmə mexanizmlərinin tətbiqi, xüsusilə bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi baxımından innovasiyaların tətbiqinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə İnnovasiya müsabiqəsinin hər il təşkilinə dair birgə tədbirlərin əlaqələndirilməsi üçün İqtisadiyyat, Mədəniyyət, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Milli Elmlər Akademiyası və "Ernst and Young" şirkətinin Azərbaycan nümayəndəliyi arasında anlaşma memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Şahin Mustafayev, mədəniyyət naziri Əbülfəs Qarayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və "Ernst and Young" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri İlqar Vəliyev imzalayıblar.

Sonda İnnovasiya müsabiqəsində qalib olmuş ilk üç layihənin, eləcə də həvəsləndirici mükafata layiq görülmüş layihələrin müəlliflərinə diplomlar və mükafatlar təqdim olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə